11 aprel 2018 17:51
1195

"Neftçi"nin futbolçusu: Qələbəyə köklənmişik

"Kubok başqa bir turnirdir. Finala yüksəlmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Qələbəyə köklənmişik. Digər çempionatlarda bütün mövsümü 3 gündən bir oyun keçirir. Biz isə mövsümboyu ilk dəfədir bu cür qrafiklə üzləşirik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Kirilo Petrov  Azərbaycan kubokunun yarımfinalında "Qəbələ" ilə oyun öncəsi klubun telekanalına açıqlamasında deyib.

"Kubok matçından sonra Zirədə süni meydançada oynayıb, yenidən təbii otda çıxış etmək problem yarada bilər. Bununla belə, fiziki baxımdan da hazırıq və tələb olunan oyunu göstərə bilərik" - deyə o bildirib.

Müdafiəçi azarkeşlərdən dəstək istəyib: "Azarkeşlərdən ilk və cavab matçında əvvəldən axıra kimi bizi dəstəkləmələrini istəyirəm. Həm də, təkcə kubok oyunlarında yox, çempionatın sonunadək bütün qarşılaşmalarda. Qarşıda hər qələbəsi 6 xala bərabər olan görüşlər olacaq. Buna görə də onların dəstəyi bizim üçün çox vacibdir. İstərdim ki, hər oyuna gəlib azarkeşlik etsinlər”.