25 may 2019 14:16
597

ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot Konqresin Azərbaycan üzrə İşçi Qrupunun üzvü qismində may 23-də keçilən iclasda bəyanatla çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə təbriklərini çatdırıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanda Respublika Günü kimi qeyd olunan bu mühüm tarixin müsəlman dünyasında ilk parlament demokratiyasının yaranması ilə əlamətdar olduğu diqqətə çatdırılır. Həmçinin Azərbaycanın işğalı və ölkənin sonradan Sovet İttifaqına birləşdirilməsi ilə bu müstəqilliyin qısa müddət davam etməsi təəssüflə qeyd olunur. Bir çox azərbaycanlının 1920-ci ildə müstəqilliyin qorunması uğrunda həlak olduğu bildirilir.

SSRİ-nin süqutundan sonra Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanır. Müstəqilliyin elanından ötən müddət ərzində bu strateji vacib bölgədə Azərbaycanın ABŞ-ın əsas müttəfiqinə çevrildiyi bəyanatda xüsusi qeyd olunur. Müsəlman əhalinin çoxluq təşkil etdiyi bu dünyəvi ölkənin, eyni zamanda, minilliklər boyu burada yaşayan xristian və yəhudi icmalarının da evi olduğu bildirilir.

Bəyanatda Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatlarına önəmli dəstək verdiyi, xüsusilə koalisiya qüvvələrinə təchizatın çatdırılmasına imkan yaratdığı təqdir olunur.