12 dekabr 2019 20:08
1254

Azərbaycan insan hüquq və azadlıqlarının, sabitliyin, qanunların aliliyinin qorunduğu demokratik-hüquqi ölkədir

Bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Demokratikləşmə prosesinin sürətləndirilməsini, ölkənin hərtərəfli inkişafında əsas olduğunu önə çəkən dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlıqlarının, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində atdığı addımların nəticələri göz önündədir.

Konstitusiyamızın qəbulundan ötən 24 ilə yaxın dövr ərzində sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, əfv fərmanlarının imzalanması, Amnistiya aktlarının qəbulu, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, vətəndaş cəmiyyəti quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının rolunun artırılması üçün 30 faizdən artıq maliyyəsini xaricdən alan ictimai birliklərin seçkiləri izləmələrinə qoyulan qadağanın aradan qaldırılması, vətəndaşların sərbəst toplaşmaq azadlığının yüksək səviyyədə qorunması, bu sahədə mövcud qanunvericilik bazasının dövrün tələbinə uyğun olaraq təkmilləşməsi və sair kimi önəmli tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi nümunədir, öyrənilməsi vacibdir. Ən əsası seçkilərdə mütərəqqi təcrübələrin- barmağın şəffaf mürəkkəbə boyanması, “exit-poll”un keçirilməsi və sairin tətbiqi beynəlxalq səviyyədə təqdir olunan addımlar sırasındadır.

Məhz ölkəmizin demokratik dəyərlərə verdiyi önəmi sözdə deyil, əməldə təsdiq etməsinin nəticəsidir ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu və ötən dövr ərzində qurum qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi qəbul etdiyi “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə öz əksini tapıb. Ölkə Prezidenti çıxışlarında bu məqamı bəyan edir ki, Azərbaycanın atdığı addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, uğurlu gələcəyimiz üçündür. Bu fikir də qeyd olunur ki, demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqət yönəltsək görərik ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun. Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan. 2011-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası  bu istəyin reallaşdırılmasının fundamental mexanizmi kimi dəyərləndirilir. Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsinin araşdırılması, bu işə xarici mütəxəssislərin cəlb olunması, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılması bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycan dövləti islahatları dövrün tələbinə uyğun yeniləşdirməklə yanaşı, qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməkdə maraqlıdır və bunu əməli işdə sübut edir.

Ölkəmizdəki  sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların inkişafı üçün etibarlı zəmin yaradır. Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə ən mütərəqqi prinsiplərə, beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə əsaslanan institut yaranıb. Seçki sistemi təkmilləşdirilir. Məlumdur ki, 2003-cü ilin mayında Seçki Məcəlləsi Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Venesiya Komissiyasının birgə rəyi əsasında qəbul olunub. Sonrakı dövrlərdə də dövlətimiz beynəlxalq əməkdaşlıq sayəsində bu sənədə əlavə və dəyişikliklər edərək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu sübut edib. Eyni zamanda, Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilib, “Siyasi partiyalar haqqında” yeni qanun bu birlik, əməkdaşlıq sayəsində qəbul olunub.

Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər sırasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha vətəndaş amilinə dəyəri nümayiş etdirmişdir. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların layiqli həyat səviyyəsini təmin etməkdir.

Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır. Dövlətimizin başçısı bildirir: “Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”

Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə daha geniş sferanı əhatə edən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi də atılan addımların davamlılığının, dövrün tələbinə uyğun təkmilləşmənin həyata keçirilməsinin göstəricisidir. Milli Fəaliyyət Proqramının əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığını təmin etməkdir. Bütün bunlar belə bir reallığın təsdiqidir ki, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir.

Dövlətimizin başçısı ölkədə aparılan islahatların əsas strategiyasının sosial-iqtisadi inkişafın təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldiyini bildirir.  Cənab İlham Əliyevin 3 aprel  2019-cu il tarixli  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bir daha demokratik təsisatların inkişafının prioritetliyinə işıq saldı. Qeyd etdiyimiz kimi, demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin əsas tərkib hissəsidir.   Ölkədə aparılan islahatlar insan amilinə verilən dəyərin aydın ifadəsidir.

Dövlətimizin başçısı İlham Əliyevin ötən il prezident seçkiləri ərəfəsində səsləndirdiyi  “Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir” tezisi bir daha bu reallığı nümayiş etdirdi ki, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, ölkənin inkişaf özüldür.

Konstitusiyamızda bu reallıq da öz əksini tapıb ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Xalqın iradəsini özündə əks etdirən nəticələr demokratiyanın əsas göstəricilərindəndir. Dövlətimizin başçısı bildirir: “Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir vətəndaşın hüquqları dövlət tərəfindən qorunur, bütün azadlıqları təmin edilir. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir.”

Reallıq  budur ki, Azərbaycan mətbuat azadlığı, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması  sahəsində heç bir Qərb və Avropa  dövlətindən geri qalmır. Heç bir dövlətdə  bu sahədə vəziyyət  bizdəkindən yaxşı deyil. Ölkəmizdə hazırda 40-dan artıq siyasi partiyanın, 4 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi də demokratik inkişafın göstəricilərindəndir. Onların fəaliyyəti üçün  mövcud qanunvericilik bazasının ildən-ilə  təkmilləşdirilməsi  dövlətimizin siyasətində müasirləşmənin, yeniləşmənin əsas xətt kimi qəbul edildiyini təsdiqləyir.  Bu kimi faktlar eyni zamanda,  göstərir ki,  siyasətində  insan hüquqlarının qorunmasına və demokratik islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirən  Azərbaycanın dünya dövlətləri, beynəlxalq  təşkilatlarla  əməkdaşlığı  tərəflərin maraqlarına uyğun şəkildə  davam etdirilir.   Ölkəmizdəki   sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması  ilə xarakterizə edilən iqtisadi tərəqqi  demokratik təsisatların  inkişafı üçün etibarlı zəmin yaradır. Əsas məqsəd  Azərbaycanda bütün sahələrdə işləri ən yüksək səviyyədə təmin etməkdir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orada ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın. Cəmiyyətin informasiya tələbatının ödənilməsi missiyasını yerinə yetirən mətbuatın inkişafına yönələn addımlar, həmçinin jurnalist əməyinə verilən dəyər də bu maraqların qorunmasının bir tərkib hissəsidir. Analoqu olmayan addım kimi dəyərləndirilən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsinə diqqət yetirsək heç bir ayrı-seçkiliyə yol vermədən mənzillərin paylanması dövlətin ictimai maraqların, vətəndaş hüquqlarının qorunmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin əsas tövsiyəsi budur: “Hər bir vətəndaş birgəyaşayış qaydalarını əks etdirən qanunlara tabe olmalı, fəaliyyətini, əməllərini, iş prinsipini onun tələblərinə uyğun müəyyənləşdirməlidir.” Yəni cəmiyyəti idarə edən qanunlardırsa, hər bir vətəndaş qanun qarşısında eyni məsuliyyəti daşıyır. Heç kəs müstəsna hüquqlara malik deyil. Vətəndaş məsuliyyətini artırmaqla, Konstitusiya ilə bizə verilən hüquqlardan istifadə etməklə, ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.

Yaqut Ağaşahqızı, “İki sahil”