01 iyun 2020 11:35
1795

Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək

May ayının 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış «Qobu Park-3» yaşayış kompleksinin açılışı olub. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Qeyd edək ki,  yeni qəsəbə Lökbatanda istifadəyə verilən «Qobu Park-1» və «Qobu Park-2» yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Ümumiyyətlə, məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə «Qobu Park-1», ötən il isə «Qobu Park-2» yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb.  « Qobu Park-3» yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub.

Məcburi köçkünlərlə söhbət edən Prezident İlham Əliyev bildirib ki, onların problemləri ardıcıl şəkildə öz həllini tapır : «Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürür. Son 4-5 il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi – 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq.»

Əslində, Qobuda salınan yaşayış kompleksi əhalisinin sayına görə kiçik bir şəhər də sayıla bilər. Məlumdur ki, belə bir şəhərin inşası üçün böyük maliyyə vəsaitləri lazımdır. Xüsusən indiki şəraitdə-dünyada böhranın baş verdiyi zamanda özəl şirkətlərin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına qoşularaq bu işi görmələri təqdirəlayiqdir. Bu, bir daha təsdiq edir ki, dövlətimiz məcburi köçkünlərə hər zaman xüsusi diqqət və qayğı göstərir. Əlbəttə, bu diqqət və qayğı onlara təkcə mənzil verilmə ilə kifayətlənmir. Köçkünlərə ayrılan müavinətlərin həcmi də hər il artırılır. Onların övladlarının təhsili ilə bağlı böyük işlər həyata keçirilir. Bu kateqoriyadan olanların özünüməşğulluğu, işlə təminatı sahəsində ciddi addımlar atılır. Təbii ki, koronavirus pandemiyasının yaratdığı problemlər şəraitində belə işlərin görülməsi hər bir azərbaycanlının ürəyindəndir.

Burada çox önəmli bir məsələyə toxunan Prezident haqlı olaraq bildirir ki, bu mənzillərdə yaşayış müvəqqətidir. Tezliklə işğal altındakı torpaqlar azad olunacaq və məcburi köçkünlər üçün öz doğma kəndlərində və rayon mərkəzlərində ən müasir qəsəbələr salınacaq: « Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri. Onlar uzun illər başqa yerlərdə yaşayıblar, o cümlədən Bakı şəhərində. Ancaq imkan olan kimi onlar hətta növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. Eyni zamanda, işğaldan azad olunan Şıxarx qəsəbəsi. İndi orada da böyük şəhərcik salınıb. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən Azərbaycanın tarixi məkanıdır, işğaldan azad olunan ərazidə böyük şəhərcik salınıb. Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir.»

Ötən illərdə BMT-nin açıqladığı statistikaya görə, bu gün dünyada 47 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşayır ki, bunun da  1 milyondan çoxu Azərbaycanın payına düşür. Ərazicə kiçik olmağımıza və yeni müstəqillik qazanmağımıza, eyni zamanda, müharibə şəraitində yaşamağımıza baxmayaraq Azərbaycan dövləti və xalqı Ermənistanın təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyondan çox qaçqın və məcburi köçkünümüzü ləyaqətlə ayaqda saxlamağı bacardı. Çünki ölkəmizdəki qaçqın və məcburi köçkünlər dövlət başçısı İlham Əliyev tərəfindən daim qayğı və  səmimiyyətlə əhatə olunublar.

 Xüsusən, Azərbaycan dövləti və başda ümummilli liderimiz Heydər Əliyev olmaqla  onlara ciddi dövlət qayğısı göstərirdi. O dövrdə Ümummilli Liderin göstərişi ilə hər bir dövlət orqanı- nazirliklər və komitələr aryrı-ayrılıqda çadır şəhərciklərinə təhkim olunmuşdular. Bir sözlə, xalqımız və dövlətimiz həm erməni təcavüzünü dəf etməklə, həm də məcburi köçkünlərin yerləşdirilməsi ilə eyni vaxtda məşğul idi. Yəni, qaçqın və məcburi köçkün vətəndaşlarımızın bütün qayğıları, problemləri xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdir. O, çıxışlarının birində demişdi:»İşğal olunan bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün, şəxsən mənim üçün bir nömrəli problemdir.» 

Azərbaycan dövlətinin məcburi köçkünlərə göstərdiyi  qayğının yeni və daha böyük mərhələsi isə məhz dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra başladı. Təsadüfi deyil ki, prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin ilk görüşü məhz Biləsuvardakı çadır şəhərciyində məskunlaşmış  köçkünlərlə oldu.  O, seçkiqabağı  platformasında bildirdi ki, yaxın bir neçə ildə ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır. Təbii ki, onun bu sözləri sonrakı mərhələdə tədricən reallaşmağa başladı.

Təbii ki, bu qəsəbələrin salınması ilə bərabər, Prezident İlham Əliyev Azərbaycan Ordusunun güclənməsi ilə  də ciddi məşğul olur. Çünki Prezidentin də dediyi kimi, biz müharibəni deyil, döyüşü uduzmuşuq və artıq bölgənin ən güclü ordusu hesab edilən Azərbaycan Silahlı Qüvvələri ilə işğalda qalan torpaqlarımızı azad edib məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq Azərbaycan dövlətinin strateji məqsədidir.

 Eyni zamanda, Prezident  yüksək səviyyəli beynəlxalq tədbirlərdəki çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə vurğulayıb ki, Azərbaycanın bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək. Torpaqlarımız sülh yolu ilə azad olunmasa, hərb vasitəsi ilə azad ediləcəkdir.

Elçin Zaman, «İki sahil»