11 yanvar 2021 14:31
996

Bölgədə sülhün təminatı üçün gələcəkdə atılacaq addımların nəzərdən keçirilməsi zəruridir

Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin Moskva görüşü bunun təsdiqidir

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Bu, tarixi Qələbə 30 ilin həsrətinə, acısına son qoymaqla yanaşı, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların, ən əsası münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bugünədək problemə ikili standartlar əsasında yanaşmalarının əsl mahiyyətini ortaya qoydu. Azərbaycanın tarixi Qələbəsi ilə bağlı hər bir yazımızın mahiyyətində bu məqam dayanır ki, haqq- ədalət gec-tez öz yerini tapır. Yalanın həqiqət üzərində qələbəsinin ömrü uzun ola bilməz. Baxmayaraq ki, erməni diasporunun güclü olduğu ölkələrdə Azərbaycan həqiqətləri təhrif edilir, Ermənistan işğala məruz qalan dövlət kimi təqdim olunur, ən əsası guya Azərbaycan işğalçı dövləti blokadada saxlayır kimi sərsəm fikirlər gündəmdə olmaqla yanaşı, ölkəmizə qarşı əsassız qərarların qəbuluna səbəb olmuşdu. 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı tətbiq olunan ədalətsiz «907-ci düzəliş»in əsasında da məhz bu amil dayanırdı. Çünki dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətlərində də qeyd olunduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olurdu. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ətrafında informasiya blokadasının yarılması istiqamətində davamlı addımlar atıldı və nəticə göz önündədir. Məhz o zamandan qurulan möhkəm təməl Azərbaycanın döyüş meydanında Qələbə qazanıb siyasi müstəvidə diktə edən tərəf kimi işğalçı dövləti kapitulyasiya aktını imzalamağa məcbur etməsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanırdı.

44 günlük müharibədə görünən məqamlardan biri də o oldu ki, işğalçı Ermənistan bugünədək danışıqları imitasiya üçün aparmış, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistanın faşist siyasəti özündə başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Onun yeni ərazilər iddiası ilə müharibə planını ortaya qoyaraq törətdiyi təxribatlar da deyilənlərin təsdiqi oldu. Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində geri çəkilən Ermənistan məğlubiyyəti ilə barışmayaraq, mülki əhalini, yaşayış məntəqələrini raket atəşinə tutmaqla faşist siyasətini bir daha təsdiqlədi. Azğın və xəyanətkar düşmənə sarsıdıcı zərbələr endirildi, ərazilərimiz işğalçılardan təmizləndi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərinin, 4 qəsəbənin, eləcə də 300-ə yaxın yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi 10 noyabr üçtərəfli razılaşmasının imzalanması ilə Azərbaycanın siyasi Qələbəsini, Ermənistanın məğlubiyyətini təmin etdi.

44 günün reallıqlarından biri də bu oldu ki, ermənilərin illərdir yaratdıqları “yenilməz ordu” mifi darmadağın edildi. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı faktlar açıqlandı. Həmçinin bu faktlar da təsdiqləndi ki, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatı işğal olunmuş torpaqlarımızda hərbi bazalar qurur və Azərbaycana qarşı vuruşur. Bu reallıqlar fonunda ümumi qənaət bu oldu ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir. Ölkə Prezidenti 44 gündə xarici KİV-lərə 30-a yaxın müsahibələrinin hər birində, o cümlədən xalqa müraciətlərində bu məqamı xüsusi qeyd edirdi ki, əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Müharibə dövründə də Fransa illərdir həyata keçirdiyi ikili mövqeyini qabarıq şəkildə büruzə verdi. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması bu ölkənin erməni sevgisinə bir daha işıq saldı. Fransa Senatının işğalçı Ermənistanda yaşanan siyasi böhranı bir kənara qoyub “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair qətnaməni tələsik müzakirəyə çıxarıb, tələsik də qəbul etməsi də bu dövlətin ermənilərə sıx tellərlə bağlı olduğunu təsdiqlədi. Bu, adi kağız parçasından başqa bir şey deyildi. Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz ərazilərindən çıxarılmasını tələb edə bilməz. Necə olur, işğalçını adı ilə çağırmaq bitərəflilik prinsipinə ziddir, münaqişənin həllinə mənfi təsir göstərə bilər, amma Ermənistana maddi və mənəvi dəstək olmaq, ən əsası Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaq qəbulolunan və beynəlxalq hüquqa uyğun qəbul edilir? Atəşkəsin bərpası üçün danışıqlara hazır olduğunu bildirən dövlətlər sentyabrın 27-dən son günədək ikili siyasətini daha qabarıq şəkildə büruzə verdilər. Reallıq budur ki, Fransa prezidenti Makron ermənilərə hədsiz dərəcədə sevgisi və türk dünyasının iki aparıcı dövlətinə - Türkiyə və Azərbaycana qarşı haqsız mövqeyi ilə hətta öz sələflərini kölgədə qoyub.

Dövlətinin, xalqının gələcəyini düşünən ölkə rəhbəri heç zaman münasibətlərdə belə xaosun yaranmasına çalışmaz. Azərbaycan Ordusu davamlı qələbə xəbərləri ilə Paşinyanla bərabər, ona havadarlıq edən dövlətlərin də işğalçı planlarını alt-üst etdi. Ölkə Prezidenti, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovdu.

Dövlətimizin başçısı İlham Əliyev noyabrın 10-da xalqa müraciətində “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır” bildirərək Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı Bəyanatın mətni ilə tanış etdi.

Azərbaycanın döyüş meydanında Qələbəsinin siyasi müstəvidə Qələbəsinə yol açdığını xüsusi qeyd edən dövlətimizin başçısı İlham Əliyev Bəyanatın beşinci bəndində yazılanları - "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır" diqqətə çatdıraraq bildirmişdir ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq.

Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək qiymətləndirən cənab İlham Əliyev onların 44-45 gün ərzində böyük səylər göstərdiklərini, məsələnin sülh yolu ilə həll olunmasına çalışdıqlarını diqqətə çatdırdı: “Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər.”

Prezident İlham Əliyev Vətən müharibəsinin başa çatmasından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərik olduğunu önə çəkərək bildirmişdir ki, Rusiya Prezidenti bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.

Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən isə Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini alqışladığından bəhs edərək qeyd etmişdir ki, bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir: “Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.”

O da vurğulanmışdır ki, Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişi alqışlanır. Bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir: “Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq.”

10 noyabr Bəyanatının imzalanmasından sonra sənədə uyğun olaraq müddəaların uğurla icra edildiyi zamanlarda Ermənistanın Bəyanatın şərtlərinə zidd addımları diqqətdən kənarda qalmır. Ermənistan xarici işlər nazirinin Qarabağa səfəri, əsassız bəyanatla çıxış etməsi rəsmi Bakı tərəfindən sərt reaksiya ilə cavablandırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan beynəlxalq hüquqla müəyyən olunmuş və 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə məsuliyyətlə yanaşır və həmin öhdəlikləri tam yerinə yetirir. Azərbaycan tərəfi, eyni zamanda, Ermənistanı üçtərəfli Bəyanatla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməyə, atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribatçı hərbi fəaliyyətə son qoymağa çağırır.

O da bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilən 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılanların hamısı Ermənistanın Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılmış və Azərbaycanın ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib. Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli Bəyanatın kobud şəkildə pozulması halı olmaqla yanaşı, açıq-aşkar surətdə bu ölkə tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davam etdiyini nümayiş etdirir.

Yanvarın 11-də Moskvada keçirilən Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin görüşündə də 10 noyabr Bəyanatından irəli gələn müddəaların icrası və prioritetlər müzakirə edildi. Onu da qeyd edək ki, görüşdən əvvəl Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub. Makron Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini dəstəklədiyini bildirib. Moskva danışıqlarında ilk növbədə 10 noyabr 2020-ci il tarixində imzalanmış ortaq Bəyanatın icrası, bölgədə sülhün təminatı üçün atılacaq gələcək addımların nəzərdən keçirilməli olduğu qeyd edilib.

Prezident İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər. Haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub: “Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu Bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.”

 Təhlillər bu ümumiləşdirməyə əsas verir ki, 10 noyabr üçtərəfli razılaşmadan sonra bölgədə sülhün təminatı üçün gələcəkdə atılacaq addımların nəzərdən keçirilməsi üçün Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin görüşü bir zərurət idi.

 Yeganə Əliyeva, “İki sahil”