23 sentyabr 2019 12:31
862

Danimarkada sirk fillərini “pensiyaya göndəriblər”

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, Krallıq 11 milyon kron (1,6 milyon dollardan çox) ödəyərək 4 sirk fili alıb.

Bu fillərin alınması heyvanları sirk həyatından azad etmək və onları “pensiyaya göndərmək” üçün nəzərdə tutulub.

Heyvanların taleyi barədə bu qərar bütün dünyada vəhşi heyvanlardan sirklərdə istifadə edilməsi ilə bağlı çoxsaylı qadağa tədbirlərindən, habelə Danimarkada sirk heyvanlarının saxlanması və istifadəsi qaydaları sərtləşdiriləndən sonra qəbul edilib.

Bundan sonra “pensiyaya çıxmış” sirk heyvanları daimi yaşayış yerinə köçürülənə qədər dövlətin himayəsində olacaq.

Qeyd edək ki, heyvan haqlarının müdafiəsi uğrunda beynəlxalq hərəkatın sirklərdə heyvanların əhliləşdirilməsi üçün istifadə edilən metodlara qarşı apardığı ardıcıl mübarizə öz nəticələrini verir. Məsələn, bəzi ölkələrdə, həmçinin ABŞ-ın bir neçə ştatında sirk heyvanlarının saxlanması qaydalarını tənzimləyən və bu qaydaların pozulmasına görə cəzanı sərtləşdirən qanunlar qəbul edilib. 2018-ci ildə İsveç hökuməti dəniz şirlərindən və fillərdən Krallıq ərazisində sirk tamaşalarında istifadə olunmasını qanunvericilik qaydasında qadağan edib. Bu onunla bağlıdır ki, dəniz şirləri və fillər sirklərdə saxlandığı müddətdə onların təbii həyat tərzi ilə bağlı ehtiyaclarını təmin etmək mümkün deyil.