13 sentyabr 2019 21:54
1055

«Əsrin müqaviləsi»: Müstəqilliyimizin qarantı olan çox vacib layihə idi

Prezident İlham Əliyev: Neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifah halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vasitədir

Müstəqillik tariximizin ilk illərində neft -qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, ölkəni bürümüş daxili ziddiyyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Eyni zamanda, aparılan danışıqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu.

Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Xüsusilə neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq «Əsrin müqaviləsi» adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.

«Əsrin müqaviləsi» adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və dahi siyasəti xadim Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Ölkəmizin «Əsrin müqaviləsi»ndən başlanan yolu haqqında ulu öndər Heydər Əliyev demişdir: «1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir».

1999-cu il aprelin 17-də  isə müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyev, Gürcüstanın mərhum Prezidenti Eduard Şevardnadze və Ukraynanın sabiq Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. «Çıraq» yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti Şimala yox, Qərbə istiqamət götürmüşdür.

Real həyat növbəti dəfə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu göstərdi. Ulu Öndərin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqli idi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. Yalnız Ulu Öndərin yüksək nüfuzu və müxtəlif ölkələrin dövlət və hökumət başçıları, siyasi, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqları nəticəsində Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gedişində xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalandı. Eyni zamanda, Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən «İstanbul Bəyannaməsi»ni imzaladılar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən növbəti mühüm addım atıldı.

Sonrakı proseslər də sübut etdi ki, «Əsrin müqaviləsi»nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu.  Azərbaycan Respublikası iqtisadi iflasdan, hərbi- siyasi tənəzzüldən tədricən uzaqlaşaraq müasirləşdi, ölkəmizdə abadlıq- quruculuq işləri genişləndi, xalqın sosial rifah halı yüksəldi, ən modern infrastruktur layihələrin həyata keçirilməsinə başlandı. Xüsusilə uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifahında hiss olunmağa başladı.

Məhz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltmişdir. Belə ki, Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə dinamik inkişaf yolunda inamla irəliləyən suveren və demokratik bir respublikaya çevrilməsi, milli maraqlarını yüksək səviyyədə təmin etməklə, beynəlxalq nüfuzunu möhkəmləndirməsi böyük ölçüdə məhz həmin qalibiyyətli strateji kursun bəhrələridir. Mahiyyət etibarı ilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür.

Əslində, əsrlərdən bəri qədim neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanan bu müqavilə dünya dövlətlərinin nəzərini bir daha Vətənimizə cəlb etdi.  «Əsrin müqaviləsi» gözlənilən və gözlənilməyən maneələrə rəğmən, uğurla işlədi və ölkənin sosial-iqtisadi yüksəlişinin təməl daşı oldu. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: «Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Yeni neft strategiyamız ölkəmizin suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirir».

Bu gün respublikamız dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan ölkəmiz enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirir. Xəzər hövzəsi ölkələri ilə Qərbin enerji korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoymuş «Əsrin müqaviləsi» çərçivəsində qazanılan nailiyyətlər xarici neft və qaz şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına marağını daha da artırıb. Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi uğurla həyata keçirilməkdədir. Xarici tərəfdaşlarla yaradılmış 35 birgə müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir.

Hazırda ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranmışdır. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülmüş və uğurlu nəticələr alınmışdır. Nəhəng «Şahdəniz» qaz-kondensat yatağı, orta səviyyəli «Əşrəfi» və «Qarabağ» yataqları aşkar edilmiş, «Abşeron» və «Ümid» yataqlarının işlənilməsinə başlanılmışdır.

Prezident İlham Əliyev neft gəlirlərini insan kapitalına çevrilməsi üçün bir neçə Dövlət proqramı imzalamışdır. Ölkəmizin başçısı bu barədə bildirmişdir ki, neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifah halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vasitədir. Bu isə o deməkdir ki, neft gəlirlərindən lazımınca yararlanan ölkəmiz, eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində uğurlu addımlar atmışdır və bu tendensiya hazırda uğurla davam edir.

Elçin Zaman,

«İki sahil»