10 noyabr 2020 17:47
2067

Gözün aydın, Azərbaycan, Qarabağ bizimdir!

Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarətli «nida»sı, xalqla birlik, həmrəylik rəmzi olan dəmir yumruğu Paşinyanın təkcə Cəbrayıla çəkəcəyi yola deyil, bütün istiqamətlərə yönələn arzularına son qoydu

Azərbaycanın mədəniyyət beşiyi, incisi olan Şuşanın erməni işğalından azad olunması müjdəsini Şəhidlər xiyabanından bildirən Prezident, Ali Baş Komandan İlham Əliyev onu da bəyan etdi ki, bir qarış torpağımızı belə düşmənə güzəştə getməyəcəyik. Həmişə vədinə sadiq olan Prezident İlham Əliyev yenə də sözünün sahibi oldu. Ali Baş Komandan kimi Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünlüyü sözünü yerinə yetirdi. Şanlı Azərbaycan Ordusu döyüş meydanında yenilməzliyini sübut etdi. 30 ilə yaxın heç bir səmərə verməyən nəticəsiz danışıqlar, haqlı olsaq da, erməniləri dəstəkləyən havadarlarının təsirlərinə məruz qalan Azərbaycanı yaranmış vəziyyətlə barışmağa göstərilən cəhdlərin qarşısını xalqımızın birliyi, siyasi iradəsi ilə alan Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbi bacarıq və təcrübəsini Ermənistanı təslimçiliyə məcbur etməklə bildirdi.

«Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq» söyləyən Prezident İlham Əliyev Vətən müharibəsi adlandırdığı Qarabağ döyüşlərinin qalib sərkərdəsi kimi adını tarixə yazdı. 28 il yarım işğal altında qalan Şuşanın işgaldan azad olunması, ulu öndər Heydər Əliyevin «Azərbaycan üzükdür, Şuşa onun qaşı» sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.

Şuşanın işğaldan azad olunması sevincini hələ tam yaşamamış daha bir xəbərin sevincini yaşadıq. «Qarabağ Azərbaycandır və nida işarəsi» ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi söz həyatda həllini tapdı. Prezident İlham Əliyevin noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. «Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi» söyləyən dövlət başçımız İlham Əliyev diplomatik uğurları ilə sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.

Ali Baş Komandanın qətiyyəti ilə Azərbaycan Ordusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələrini yerinə yetirdi. İşğalçı Ermənistana layiq olduğu tarixi dərsi verdi. Bütün müzakirələrdə Ermənistanı sülh yolu ilə danışıqlara dəvət edən Prezident İlham Əliyev eyni zamanda bildirdi ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi yolla torpaqlarımızı işğaldan azad etmək qüdrətinə malik güclü ordumuz vardır. Artıq Azərbaycan Silahlı Qüvvələri öz sözünü dedi. Həmişə ədalət tərəfdarı olan Prezident İlham Əliyev bildirdi ki, Ermənistan bizim torpaqları işğal edib. İllərdən bəri aparılan sülh danışıqları nəticə vermədiyi üçün işğalçıya layiq olduğu cavab verilməlidir. Belə də oldu. Sentyabrın 27-dən davam edən müharibədə siyasi, hərbi, diplomatik üstünlüyü ilə Ermənistana qalib gələn Azərbaycan Ordusu 300-ə yaxın şəhər, kənd, qəsəbəni, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərini, bir neçə qəsəbə və strateji yüksəklikləri işğaldan azad etdi. Zəfər yürüşünü davam etdirən ordumuz yenilməz gücə malik olduğunu döyüş meydanlarında göstərdi, erməni vandallarının qurbanları olan şəhidlərimizin intiqamını aldı. Son hadisələrdə 93 mülki şəxsi qətlə yetirən, 400-dən çox dinc sakini yaralayan erməni ordusu məhv edilərək xeyli silah və sursatları qənimət kimi ələ keçirildi.

«Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!» söyləyən Prezident İlham Əliyev eyni zamanda bir oğul kimi də ata qarşısında vəfa borcunu yerinə yetirdi.

Noyabrın 9-da Dövlət Bayrağı günündə 72 yaşayış məntəqəsinin Ermənistan silahlılarının işğaldan azad olunması Azərbaycanın Ermənistan üzərində tam və qəti qələbəsini təmin etdi. Ermənistan güclü, qüdrətli Azərbaycan qarşısında ağ bayraq qaldıraraq təslim oldu. Tam və qəti qələbə xəbərini xalqa bildirən Prezident İlham Əliyev Ermənistanın təslimçiliyini, bununla bağlı imzalanan Bəyanatı Azərbaycanın dünyanın söz sahibi olması kimi dəyərləndirərək ölkəmizin siyasi, hərbi, iqtisadi, diplomatik sahələrdəki yenilməzliyini dünyaya bəyan etdi.

Köçkünlərlə görüşlərini xatırladan cənab İlham Əliyev sevinclə bildirdi ki, onlar evlərinə, doğma torpaqlarına qayıdacaqlar. «Onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər ki, cənab Prezident, qaytar bizi. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda, onların gözlərində nisgil, həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq. Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi» söyləyən Prezident İlham Əliyev özünün qeyd etdiyi kimi köçkünlərin illərdən bəri yaşadıqları həsrətinə, nisgilinə son qoydu.

Ermənistanın kapituliyasıyası bir neçə məqamı ilə seçilir. Prezident İlham Əliyevin «Yəqin ki, siz fikir vermisiniz. Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Yoxdur. Bəs hanı Ermənistan tərəfin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir» sözləri ilə qondarma rejim birdəfəlik tarixdən silinir. «Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu «müstəqil dövlətdir.» Bunlar uzun illər «müstəqil dövlət» kimi yaşayır və Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan, nə oldu, bəs? Deyəsən bu «nə oldu Paşinyan» bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan? Yol çəkirdin Cəbrayıla? Rəqs edirdin nə oldu bəs status? Yoxdur status. Və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə bu sənədin çox böyük əhəmiyyəti var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək diqqətlə oxuyacaq. Görəcək ki, biz nə qədər böyük qələbə qazanmışıq.» Ermənistanı güzəştə məcbur edən ölkəmiz bu tarixi qələbəsi ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi olan quru yollarla birləşdirilməsini də təmin edir. Ağdam, Laçın, Kəlbəcər qan tökülmədən Azərbaycana qaytarılır. İnsanların 30 illik həsrətinə son qoyulur. Ermənistan kapitulyasiya elan etdi. Paşinyan həqiqi mənada başını itirdi. Ermənistanda yaşanan qarışıqlıq, istefa tələbləri bu xalqın dövlətə inamının olmadığını göstərir. Prezident , Ali Baş Komandan İlham Əliyev isə qalibə layiq qələbəsi ilə dünyaya Azərbaycan adlı bir dövlətin başçısı olduğu üçün qürur duyur. Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, dözümü, ağlı, zəkası ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Qaliblərin məğlublar üzərində qələbəsini yaşadan bir çox tarixi məqamlara diqqət yetirək. İkinci Dünya müharibəsində Hitler faşizmi üzərində qələbə çalan Sovet İttifaqı bu uğura başqa dövlətlərin köməyi ilə nail olmuşdu. Amma 30 ildən artıq torpaqları Ermənistan faşizminin təcavüzünə məruz qalan Azərbaycan yeganə dövlətdir ki, nasizm üzərində qələbəyə Milli Ordumuzun rəşadəti, güclü dövlətçilik təcrübəsi, diplomatik səyləri, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə qalib gəlmişdir. Dünya erməniliyi Prezident İlham Əliyevin dəmir yumruğunun ağrı-acısını hələ çox illər unutmayacaq. Artıq 50 milyonluq Azərbaycan xalqı tam əminliklə deyə bilər ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xuraman İsmayılqızı, «İki sahil»