30 aprel 2020 10:25
2352

Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin səhiyyə rəhbərlərinin onlayn görüşü təcrübə mübadiləsinin bölüşülməsində, vahid yanaşmanın müəyyənləşdirilməsində əhəmiyyətli rola malikdir

Dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirməkdədir. Statistikaya diqqət yetirdikdə görürük ki, ölkəmizdə xəstəliyə yoluxma hallarında azalma, müalicə olunub evə qayıtmalarda artma olduğu halda, digər ölkələrdə əksinə yoluxma halları günbəgün artır. Təbii ki, bu halların mövcudluğu ilk olaraq qabaqlayıcı tədbirlərin görülməsində gecikmələrin olmasına, yaxud düzgün həyata keçirilməməsinə bir işarədir.

Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə aprelin əvvəlində videokonfrans şəklində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşündə bu istiqamətdə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunaraq, sammitdə qəbul edilmiş bəyannamənin müddəalarının icrası məqsədilə üzv ölkələrin səhiyyə nazirləri səviyyəsində eyni formatda görüşün keçirilməsi təklif edilmiş, aparılan danışıqların nəticəsində aprelin 28-də videokonfransın keçirilməsi haqqında razılıq əldə olunmuşdur. Bu razılığa uyğun olaraq, üzv və müşahidəçi ölkələrin təmsilçilərinin iştirakı ilə keçirilən videokonfransda hər bir nümayəndə öz ölkəsində COVID-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Qəbul olunan 6 qərarda müəyyən istiqamətlər nəzərdə tutulub ki, bunlardan da biri pandemiyalar zamanı xəstəxanaların idarəedilməsi, laborator diaqnostika və həyati dəstək əhəmiyyətli tibbi avadanlıqlar ilə bağlı ehtiyacların qiymətləndirilməsi, eləcə də ixtisaslı tibb mütəxəssislərindən ibarət qrupların yaradılmasına dair əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasıdır.

Qeyd edək ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən Azərbaycan dövləti onun ölkəmizdə yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdı. Öncə gigiyenik və özünütəcrid qaydalarına lazımi səviyyədə əməl edilməsi bir tələbə çevrildi. Ehtiyac duyulmadığı təqdirdə evdən çıxmamaq, sosial məsafəni qorumaq, maska və əlcəklərdən istifadəyə xüsusi diqqət yetirmək əsas tələblər sırasında oldu. Şəhərin hər yerində rast gəldiyimiz reklam lövhələrində maarifləndirici fikirlərin öz əksini tapması, hər addımda evdə qalmağa çağırışların olunması, marşrutlardan istifadə zamanı vətəndaşlara müəyyən qaydalara əməl olunması ilə bağlı müraciətlərin təqdim edilməsi, bizi birləşdirən dəyərlərin bir daha xatırladılması, bir sözlə, evdə, həyətdə, hər addımda “Evdə qalaq sağlam olaq!” devizi günümüzün əsas tələbinə çevrildi və bu gün də davam edir.

Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıdı. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması, gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan vermişdir. İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirdi.

Kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi koronavirusa qarşı mübarizədə uğurun ilkin əsaslarıdır. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə insanların girişinə qadağaların qoyulması da bu tədbirlər silsiləsindəndir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırıldı. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunaraq bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.

Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Bu baxımdan hər bir vətəndaş üzərinə düşən məsuliyyəti yerinə yetirməklə xəstəliyin coğrafiyasının genişlənməsinin, xəstəliyə yoluxma halının qarşısının alınmasına öz dəstəyini göstərməlidir.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 24 martdan elan edilən karantin qaydalarında yaşı 65-dən çox olan şəxslərin evdən çıxmasına qadağaların qoyulması da bu tədbirlər, yəni “Evdə qalaq sağlam olaq!” prinsipinə çağırış silsiləsindəndir. Yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diqqət və qayğı göstərilir, onlar sosial xidmətlərlə əhatə olunurlar. Dövlətimizin başçısı İlham Əliyevin koronavirusla bağlı yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa buraxılmasına xidmət edən əfv Sərəncamı da insan amilinə verilən dəyərdən, öz vətəndaşlarına, xüsusilə ahıllara sahib çıxmaq niyyətindən qaynaqlanır. Təbii ki, hər bir vətəndaş tətbiq olunan bu qaydaları sağlamlığının qorunması kimi dəyərləndirməli, bu qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Qeyd etdiklərimiz dövlətimizin koronavirusla mübarizəyə başlandığı gündən həyata keçirdiyi tədbirlərin statistikasıdır. Bunları təkrar qeyd etməkdə məqsədimiz budur ki, Türk Şurasına üzv ölkələrin səhiyyə rəhbərlərinin onlayn görüşündə qəbul olunan qərarlarda koronavirusa qarşı mübarizədə hər bir dövlətin həyata keçirdiyi tədbirlərin diqqətdən keçirilib, səylərin birləşdirilməsindən söhbət gedirsə, düşünürük ki, Azərbaycanın təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərinin də etiraf etdikləri kimi, təqdirolunandır. Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və həmin əlaqələr bu gün də davam etməkdədir. Qurumun ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hazırda Azərbaycan hökuməti əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri ölkəmizin səhiyyə sistemindəki vəziyyətə də işıq saldı. Bir daha təsdiq olundu ki, səhiyyəmiz özünün inkişaf dövrünü yaşayır. Statistikaya müraciət edək. Son 16 ildə 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Yeni istifadyə verilən, 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası da onların ixtiyarındadır. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilib. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.

İnsanların sağamlığının keşiyində dayanan həkim və tibb işçilərinin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini xüsusi qeyd etməliyik. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı onların əməkhaqlarının 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür. Cənab İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında “Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük” söyləyərək onu da əlavə etmişdir ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər: “Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.”

Ölkə vətəndaşları evdə qalmaqla, həkimlər xəstələrin sağamlığını təmin etməklə, ictimai asayişin keşiyində dayananlar karantin qaydalarına əməl olunmasına diqqət yetirməklə bu mübarizəyə öz töhfələrini verməyə səy göstərirlər. “Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq” söyləyən cənab İlham Əliyev bildirir ki, bunun üçün beynəlxalq həmrəyliyin, birliyin gücləndirilməsinə böyük ehtiyac vardır. Türk Şurasının videokonfrans şəklində fövqəladə Zirvə, onun ardınca quruma üzv dövlətlərin səhiyyə rəhbərlərinin onlayn görüşünün keçirilməsi, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə mayın 4-də keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü bunu bir daha təsdiqləyir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun Azərbaycan Prezidentinə təşəkküründə də ölkəmizin koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsi xüsusi qeyd olunub.

Yeganə Əliyeva, “İki sahil”