14 may 2020 15:32
1718

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri könüllülər hərəkatının əhatə dairəsini  genişləndirir

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyətini  uğurla davam etdirir

Dünyanı bürüyən, artıq birinci mərhələsi başa çatan pandemiya birlik, həmrəylik  çağırışlarının bütün istiqamətlərdə  həyata keçirilməsini bir zərurət kimi ortaya qoydu. Bu baxımdan ki,   mübarizə tədbirləri öncə insanlardan sağlamlıqlarını qorumaq üçün həm özləri, həm də ətrafları üçün mənəvi həkim olmağa çağırış etdi. Bu çağırış  böyüklərimizə hörməti qabartdı, onlara daha diqqət və qayği  ilə yanaşmağın vacibliyini aşıladı. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımıza bütün  müraciətlərində yaşlılara hörmət əsas yer tutur. Xalqımıza  pandemiya dövründə dəfələrlə müraciət edən Mehriban xanım Əliyeva “Gündəlik həyat tərzindən imtina edib evdən çolə çıxmamağın, doğma və yaxınlarınla  görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma biz  məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə ( mən isə buna əminam!),  əgər doğrudan da  övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz üçün!” çağırışlarının davamı olaraq  hər kəsdən bu xahişi da edir ki,  öz böyüklərinizi qoruyun. Çünki virusa yoluxmuş insanların mütləq əksəriyyətində  xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəlikdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə  böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həsaslıqla  qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli  olacağıq. Bu gün laqeydlik yolverilməzdir.

Bu gün diqqət çəkən əsas  məqamlardan biri  pandemiya dövründə  könüllülərimizin fəaliyyətinin daha daha genişlənməsi, karantin qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı olan insanların evdən çıxmaması çağırışlarına uyğun olaraq bu kateqoriyadan olan tənha insanlara sosial xidmətin göstərilməsi, lazımi yardımların edilməsidir.  Çünki vətəndaş amilinin öndə dayanması  siyasətinin uğurlarından danışırıqsa, təbii ki,  sağlamlağımızın, təhlükəsizliyimizin prioritetliyi özünü qabarıq şəkildə büruzə verməklə yanaşı,  bütün qüvvələrin səfərbər olmasının vacibliyi önə çəkilir.  

Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  koronavirus xəstələrinin müalicəsində könüllülərin əməyini daim yüksək dəyərləndirirlər.  Ölkəmizdə illərlə könüllülük hərəkatının daha da genişləndirilməsi, müxtəlif  sahələri əhatə etməsi istiqamətində atılan addımlar bu gün öz bəhrəsini verir. Bugünümüzün reallıqlarından bir daha  aydın olur ki,  könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Bu hərəkatın əsas aparıcı qüvvələri olan gənclərimiz  fəallıqlarını daha da artırır, üzərilərinə düşən vəzifələri yerinə yetirmək üçün daha ciddi səylə çalışırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri ilə birgə  ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının könüllülərinin  yaşı 65-dən yuxarı olan tənha insanlara yardımları, onlara sosial xidmətlər göstərmələri də bu tərkibdəndir.   Təbii ki, bu kimi addımlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığına  öz müsbət təsirini göstərir. Ona görə ki, böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Bu qayğıya mərhəməti, sədaqəti, xeyirxahlığı da əlavə etsək, bu ali keyfiyyətlərin fonunda koronavirus kimi bəladan böyük qələbə, uğurla çıxacağımızı əminliklə qeyd edə bilərik. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür.  

Bunu da xüsusi qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib. Sənəddə  əksini tapan bu fikirləri bir daha xatırlatmaq istərdik:  Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər.

Ölkə Prezidenti İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun bu il keçirilən ənənəvi iclasında səsləndirilən  «Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz» sualına cavabını yada salmaq istərdik.  Ölkə Prezidenti qeyd etmişdir ki,  biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdə,  startap biznesindədir. Nəhəng könüllülər hərəkatına başlanılıb  və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib.  «Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  onları həyat qane etmir,  hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şüarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir.  Azərbaycanda  həmişə sözümüzə əməl edirik: «Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.»

Cənab İlham Əliyev çıxışlarında bu məqamı da  xüsusi qeyd edir ki,  hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Ölkə Prezidentinin «İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır», «Xalq görülən işlərdən razı olarsa, onda mən də razı qalaram», «Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamalıdır», “İnsanların sağlamlığının təminatı prioritetdir”, “Biz birlikdə güclüyük!”  kimi tezisləri  vətəndaş amilinə verilən önəmin, dövlət –vətəndaş birliyinin təsdiqidir.  Ən əsası cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam» vədini vermiş və son 16 ildən artıq dövrdə  bunu əməli işində təsdiqləyir.  Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi tanınan  Azərbaycan  adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli ölkələr» kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının  İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı  hesabatına əsasən isə  «orta insan inkişafı ölkələri» qrupunu tərk edərək, «yüksələn insan inkişafı ölkələri» qrupunda yer almışdır.  Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orada ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın. Vətəndaş məsuliyyətini artırmaqla,  Konstitusiya ilə bizə verilən hüquqlardan istifadə etməklə,  ölkəmizin inkişafına, bugünkü gündə yaranmış vəziyyətdən çıxmaq üçün təsdiqlənən Tədbirlər Planının uğurlu icrasına, karantin rejiminin  qaydalarına əməl etməliyik.

Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin və Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban  Əliyevanın çağırışlarına cavab olaraq, ölkəmizdə  fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi öz fəaliyyətini  uğurla davam etdirməkdədir.  Belə ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü Gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat,  hərəkatların iştirak etdikləri Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının   Gənclər Fondu tərəfindən həyata keçirilir. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin rəhbərliyi əsasında   keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qana olan tələbatın ödənilməsinə dəstəklərini  verirlər. Qısa zamanda qurum  tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir. “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir. 8 aprel tarixində başlayan “Könüllü qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. AKƏM-in rəhbərliyi ilə həyata keçirilən  digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü donor” aksiyasına start vermişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər  Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər.

Göründüyü kimi, könüllülərin fəaliyyət sferası genişlənir. Belə ki,  Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi bugünümüz üçün vacib amillərdən olan maarifləndirmə işinə də öz  töhfəsini verir. Pandemiyadan uğurlu çıxmaq, insanların sağlamlığını təmin etmək üçün insanlar arasında   maarifləndirmə işinin həyata keçirilməsinə böyük ehtiyac vardır. Evdə qalaq, böyüklərimizi qoruyaq, ətrafımızdakılara dəstək olaq.  Birliyimizi, həmrəyliyimizi möhkəmləndirməklə yanaşı, sosial məsuliyyət hissini də artıraq, intizam qaydalarına riayət edək.

Yeganə Əliyeva, «İki sahil»