23 aprel 2019 10:13
969

Müstəqil Azərbaycan: dünyaya yeni sosial dövlət modeli təqdim edirik

“Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək. Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır.”

Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bu əminliyi də ifadə etmişdir ki, 2019-cu il sosial islahatlar ili kimi tarixə yazılacaq. Təbii ki, bu əminliyə əsas verən istər bu günə qədər atılan, istərsə də bundan sonra nəzərdə tutulan addımlardır. Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi reallıqlarımız sırasındadır. Sosial dövlət anlayışının mahiyyətinə diqqət yetirdikdə bu reallıq önə çəkilir ki, dövlət vətəndaşının sosial rifahının təminatçısıdır. “Hamı hər kəs üçün, hər kəs hamı üçün” prinsipi əsas götürülərək, səylərin birləşdirilməsi, irəli sürülən təşəbbüslərin ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi fonunda bu mövqenin formalaşması və beynəlxalq səviyyədə təsdiqlənməsi günümüzün reallığına çevrildi. Bunun təsdiqi kimi Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsini xüsusi qeyd etməliyik.

Son 15 ildə yoxsulluq və işsizlik səviyyəsinin 5 faizə enməsi təkmil islahatların, konkret Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində yoxsulluq kimi sosial bəlanın aradan götürülməsinin vacibliyini bəyan etmişdi. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyinə işarədir. Son 15 ildə 2 milyona yaxın yeni iş yeri açılıb. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən üç Dövlət Proqramının icrasının uğurla başa çatması, yeni sənədin təsdiqlənərək icrasına başlanılması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. 2003-cü ildə keçirilən andiçmədə dövlətimizin başçısı İlham Əliyev iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanacağını, ən əsası pensiyaların, əmək haqlarının ildə ən azı iki dəfə artırılacağını bildirmişdi. Son 15 ilin statistikasına diqqət yetirək. Əmək haqqı 7, pensiyalar 9, minimum əmək haqqı 6,5 dəfə artıb.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlər və açıqlanan hədəflər də 2019-cu ilin aydın mənzərəsini yaratmışdır. Ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunmuşdur. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırıldı. Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardım proqramının icrası davam etdirilərək, ötən ilin son ayında orta aylıq məbləğ 189 manata çatdırıldı.

Dövlətin sosial siyasətində şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi daim öndə dayanır. Məhz bu diqqət və qayğı cari ilin ilk ayında imzalanan sənədlə də öz təsdiqini tapdı. Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin aprelində növbəti 7 il üçün prezident seçildikdən sonra imzaladığı ilk Fərmana əsasən şəhidlərin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödənişlər verildi. Növbəti Fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tutulan müavinət 220 manatdan 300 manata qaldırıldı. Ötən il il şəhid ailələrinə 626 mənzil verilmişdir. Bu il isə daha 800 şəhid ailəsi mənzillə təmin olunacaq. Şəhid ailələri və müharibə əlilləri dövlət hesabına 6 mindən çox minik maşını ilə təmin olunub.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi də prioritet məsələdir. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzil tikilmişdirsə, bu il 7 minə qədər köçkün ailəsinin yeni mənzillərlə təmin ediləcəyi nəzərdə tutulur. Ölkə Prezidenti İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün istifadəyə verilən yeni yaşayış kompleksinin açılışında bu günə qədər bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlara diqqət yönəldərək bildirmişdir ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir. Dövlətimizin başçısı bu diqqət və qayğının davamlılığını önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, atılan addımlar müvəqqəti xarakter daşıyır. Tezliklə torpaqlarımız işğaldan azad olacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Cocuq Mərcanlıya qayıdış, orada həyatın canlanması bu əminliyə böyük əsas verir.

Hər bir addımda özünə diqqətin şahidi olan ölkə ictimaiyyəti Azərbaycanın davamlı inkişafına dəstəklərini cənab İlham Əliyevin ətrafında sıx birləşməklə təsdiqləyirlər. Hər bir vətəndaşının Prezidenti olmaq böyük məsuliyyət, böyük güc tələb edir. Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, xalqa arxalanır, bu gücü onlardan alır. 2019-cu ilin arxada qalan aylarında yaşanan hadisələrə, həmçinin ölkə Prezidentinin bununla bağlı atdığı addımlara diqqət yetirmək kifayətdir. Baş verən zəlzələlər, daşqınlar, yanğınlar nəticəsində əhaliyə vurulan ziyanın dövlət tərəfindən ödənilməsi deyilənlərin bariz nümunəsidir. Nizami rayonunda ticarət mərkəzinin yanmasına cənab İlham Əliyevin dərhal münasibət bildirərək, müşavirə keçirməsi, aidiyyati qurumlara tapşırıqlar verməsi, ardınca Sərəncam imzalayaraq ziyanın ödənilməsi məqsədilə vəsait ayırması və s. kimi addımlar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Bu addımlar Şamaxıda, Ağsuda, İsmayıllıda baş verən zəlzələ zamanı da diqqət çəkmişdir.

Bütün bu addımlar onu göstərir ki, sosial rifahın əsas mənbəyi iqtisadi tərəqqidir. Azərbaycanın iqtisadi qüdrətinin artması maliyyə imkanlarının genişlənməsi ilə müşayiət olunur ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinə xidmət edən addımların davamlılığına xidmət edir. Son aylarda əmək haqqı və pensiyaların artırılması, təqaüd sisteminin təkmilləşdirilməsi, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı imzalanan sərəncamlar aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha ortaya qoyur. Sənədləşdirmə ilə bağlı olan sənəd 400 çoxmənzilli binada yaşayan 60 minə yaxın ailəni, təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncam isə 100 min tələbəni əhatə edir. Ölkə Prezidentinin son Fərman və sərəncamlarını ümumiləşdirsək, bu statistika açıqlanır ki, 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. “Güclü dövlət, yüksək rifah” prinsipi dövlət siyasətinin əsasında dayanır. Bu il minimum əmək haqqı 130 manatdan 180 manata çatdırıldı. Bu sosial qayğı və diqqət 600 min nəfəri əhatə etdi. Minimum pensiyaların məbləği isə 116 manatdan 160 manata qaldırıldı ki, bu göstəriciyə görə Azərbaycan MDB məkanında ikinci yerdədir.

Sosial rifahın təmin olunması ilk növbədə dövlətin iqtisadi gücü, qüdrəti ilə bağlıdır. Bu günlərdə Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu da bu kimi məqamlara aydınlıq gətirdi. “Opinion Way”ın “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi ümumilikdə müsbət cavab vermişdir. Uğurlarımız bu mühüm məqamın da təsdiqidir ki, inkişafın yeni mərhələsi yeni iqtisadi və sosial modelin formalaşdırılmasını bir tələb kimi ortaya qoyur ki, bu istiqamətdə görülən işlər, atılan addımlar diqqətçəkən və beynəlxalq səviyyədə təqdir olunandır. Azərbaycan bu gün dünyaya yeni sosial dövlət modelini təqdim edir.

Yeganə Əliyeva, “İki sahil”