KÖŞƏ

Yaqut Ağaşahqızı

Müxalifət oyununun sonu

25 noyabr 2019 10:34
4633

Və yaxud artıq yalanlar deyil, gerçəklər danışır

Bu günlərdə Almaniyada “miqrant alveri”nə görə bir qrup azərbaycanlının həbs edilməsi böyük rezonans yaratdı.

Məlum olduğu kimi, bəzi müxalifət təmsilçiləri saxta sənədlərlə bir sıra şəxslərin Avropaya yerləşməsinə yardımçı olublar. Almaniya polisi bir qrup azərbaycanlını mühacir alveri, saxta sənəd hazırlamağa, həmçinin miqrant alveri ilə məşğul olmasına görə azərbaycanlılardan ibarət  bir qrup dəstə saxlanılıb. Onların da əksəriyyəti radikal müxalifəti təmsil edən nümayəndələrdir.

Müxtəlif  “əsaslarla” xaricə mühacir etmək istəyənlər saxta sənəd əldə edirlər.  Həmin sənədlərdə isə mühacirlərin qaçqın statusu alması üçün ya siyasi basqıya məruz qalması, ya da  dini təzyiqlərdən təngə gəlməsi adı altında həmin sənədlər kimi saxta “səbəblər” qeyd olunur. Nəticədə həmin şəxslər həm pullarından olur, həm də ölkədən qovulurlar.

Biznesləri indi aşkara çıxsa da, əslində, mühacir ticarəti ilə  dolanan müxalif partiya nümayəndələri və rəhbərləri  bu ticarət aləminə bir neçə il bundan öncə başlayıb. Onlar, icazəli, icazəsiz mitinqlərdə polislə şəkil çəkdirib və sonra Avropaya gedib sığınacaq alan şəbəkə fəaliyyət göstərir. Buradakı dağıdıcı müxalifətlə həmin qüvvələrin xaricdəki nümayəndələri arasında sıx əməkdaşlıq var. Onlar satdıqları saxta partiya arayışları nəticəsində yüz minlərlə avro “qazanc” əldə ediblər. İndi isə onların bütün yalanları üzə çıxdı. Avropa ölkələrinin polisi məsələni araşdıraraq mühacir biznesi ilə məşğul  olan qrupu, xaricdə yaşayan həmin radikal müxalifət təmsilçilərinin cinayətlə məşğul olduğunu təsdiq edir.

Doğurdanmı, müxalif şəxslər bu biznesi açmaq və qurmaqla düşünürlər ki, mühacirlər üçün Avropada yaradılan “avropasayağı” şərait Azərbaycan dövlətinin vətəndaşı olmaq hissini, onlar üçün yaradılmış komfortlu şəraiti, modern, müstəqil və demokratik dövlət siyasətini  əvəz edə bilər?

Son hadisələrdən dolayı Avropa dövlətləri artıq miqrant məsələlərində müəyyən nizam-intizam yaratmağa başlayıb. Avropa ölkələrinin hüquq mühafizə orqanları həbs olunanlar barədə kifayət qədər araşdırma aparıb, Azərbaycana sorğular göndərib və onun əsasında da müəyyən ediblər ki, mühacirətə gələnlərin əksəriyyəti sadəcə şəxsi maraqlarına söykənirlər.  Bir daha təsdiq olunur ki, həmin adamlar heç də “siyasi məhbus” deyillər.

Proses araşdırıldıqca məlum olur ki,  Əli Kərimlinin dəstəsinin saxta sənəd fəaliyyəti genişliyi ilə  daha da üzə çıxır. Mənəviyyatdan kənar olan bu insanlar yüzlərlə adamı öz tələlərinə salaraq aldadıblar.  Hərəsi əlinə bir kağız alıb cinayət törətmiş insanları “siyasi məhbus” adı ilə beynəlxalq təşkilatlara təqdim edir. Bu məsələyə də qazanc mənbəyi kimi baxırlar. Beləliklə, radikal müxalifət həm mühacir biznesi, həm də “siyasi məhbus” alverilə paralel məşğul olur. Onun müqabilində pul alıb xarici təşkilatlara donos təqdim edirlər ki, bədxahlarımız öz hesabatlarını hazırlayarkən ondan Azərbaycan hökumətinə təzyiq metodu kimi istifadə etsinlər.

Müxalif partiya nümayəndələri guya hər zaman “fakta” əsaslanıb, “konkret” örnəklərə  adekvat fəaliyyət göstərirlər. Bu, yalnız və yalnız onların düşüncələridir. Amma bu həqiqət özlərinə çox yaxşı bəllidir ki, onların nəzərinə əsl həqiqəti xalq çatdırır, özü də zəngin faktlar əsasında.

Almaniya mühacir alverində ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı  Koblenz məhkəməsinin qərarı açıqlanıb. Qərarda bildirilir ki, maddi sübutların aşkar edilməsi üçün şübhəli şəxslərin evlərinə, nəqliyyat vasitələrinə, eləcə də onlara aid digər əşyalara baxış keçirilib. Baxış zamanı elektron və kağız daşıyıcılarda üçüncü şəxslərin qanunsuz ölkə ərazisinə daxil olması, təqsirləndirilənlərin əmlak, maliyyə və gəlirləri barədə elektron və yazılı məlumatlar, mobil telefonlar, kompyuter, elektron tabletlər, qanunsuz olaraq ölkəyə gətirilən şəxslər barədə məlumatların yerləşdiyi yaddaş kartları, yerli və xarici bank hesabları, 1000 avro nəğd pul, üçüncü şəxslərə məxsus pasport, xidməti möhür, sui-istifadə olunmuş qaçqınlıq statusu ilə bağlı müraciət üçün ərizə nüsxələri və digər bu növ sənədlər maddi sübut kimi götürülüb. Araşdırmalar nəticəsində məlum olub ki, Müsavat partiyasının üzvü Mehdi Xəlilbəyli 2015-ci ildən etibarən gəlir əldə etmək məqsədilə Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə köməklik edib. Koblenz məhkəməsinin araşdırmaları nəticəsində o da məlum olub ki, M. Xəlilbəyli 2015-ci ildən etibarən hissə-hissə olmaqla təxminən 300 min avro qazanc əldə edib.

Göründüyü kimi, ortaya qoyulan faktlar müxalifətin faktları və ya fəaliyyəti kimi saxta və qanunsuz deyil. Deyilən faktlar olduqca rəsmi, konkret və dəqiqdir.  Amma həmişəki kimi, müxalifət yenə “karın könlündəki...” deyiminə  uyğun olaraq deyilənləri eşitməyib, öz bildiklərini bağıracaqlar.

Azərbaycan qanunlarını pozmaq istəyən, Azərbaycan qanunlarına, dövlətinə, dövlətçiliyinə qarşı fəaliyyət göstərən insanlar da qanun çərçivəsində cəzalarını alacaqlar. Həmişə olduğu kimi, yenə də haqq-ədalət öz yerini tapır.  Çünki  artıq yalanlar deyil, gerçəklər danışır.