KÖŞƏ

Vəli İlyasov

Erməni lobbisi aciz vəziyyətdə

16 noyabr 2018 00:40
2929

ABŞ-da Azərbaycana yardıma qadağa qoyan “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb. Məlumdur ki, həmin düzəlişə əsasən Azərbaycan uzun illərdir ki, ABŞ-dan yardımlar və müasir silahlar ala bilmirdi. Müqayisə üçün qeyd edək ki, 1992-2005-ci illərdə həmin Akta əsasən ABŞ Ermənistana 1, 6 milyard dollar yardım etsə də əhalisinin sayı  Ermənistandan dörd dəfə çox olan, üstəlik bir milyona qədər qaçqın və məcburi köçkün qayğıları ilə təkbətək qalan  Azərbaycana 600 milyon dollar ayırmağı nəzərdə tutmuşdu. Təkcə bu iki rəqəm ölkəmizə soyuq və ədalətsiz münasibətin aydın göstəricisi idi. Bundan ruhlanan ermənipərəst qüvvələr fəallaşaraq həm də  ona nail olmağa çalışırdılar ki, Dağlıq Qarabağa ayrıca tərəf kimi yardım ayrılsın. Lakin ulu öndər Heydər Əliyevin ciddi etirazından sonra Corc Buş hökuməti bu məsələni Senatın gündəliyindən çıxardı. Onu da göstərmək lazımdır ki, Sovet İttifaqı ölkələrindən ən çox vəsait  yalnız Ermənistana verilirdi. Qısaca desək, ermənilər ABŞ-dakı lobbilərinin köməyi ilə orada at oynadırdılar.

Lakin illər keçdikcə Azərbaycan informasiya “müharibəsində” öz mövqeyini möhkəmlətdi və haqlı olduğunu bütün dünyaya sübut etdi. Bunun əksi olaraq Ermənistanın riyakar və işğalçı siyasət aparması, başqa dövlətlərin “qoltuğunda” yaşaması, müstəqil olmaması, vassal və  forpost bir dövlət olduğu üzə çıxdı.

Xəbər verilir ki, ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data”nın rəhbəri Aram Qambaryan bir neçə gün əvvəl Tramp Administrasiyasının 907-ci düzəlişi indi ləğv etmək istədiyini deyib.

Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq. Ancaq hər iki hal Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan üçün ağır nəticələrə aparıb çıxara bilər. Təcavüz müəlliflərini qorxudan bir fakt odur ki, Azərbaycan güclü iqtisadi və hərbi potensiala malikdir. Azərbaycan bütün sahələrdə kasıb Ermənistanı dəfələrlə üstələyir. Aram Qambaryan təəssüflə deyib:

“Məsələ ondadır ki, bu qətnamə aradan qalxsa və ABŞ silah satmağa başlasa, bu Ermənistanın marağına uyğun olmayacaq. Doğrudur, ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq qətnamənin pozulması deməkdir. Lakin burada hansı ökənin nə qədər silah ala bilmək potensialı əsas rol oynayır. Azərbaycanın daha çox silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə, Azərbaycanın alacağı hər silah bu ölkənin ordusunun gücünü daha da artıracaq. Biz bundan narahatıq və qətnamənin qüvvədə qalması üçün əlimizdən gələni edəcəyik”, - deyə erməni diaspornun rəhbəri bildirib.

Bütün ermənilər bilirlər ki, Donald Tramp onları görmək belə istəmir. Çünki ABŞ-dakı erməni lobbisi prezident seçkilərində gizli şəkildə Hillari Klintona həm maddi, həm də mənəvi dəstək veriblər. Ermənilər üzdə Trampa müəyyən qulluqlar göstərmək təklifi etsələr də qəbul olunmayıb. Aydın görünür ki, Donald Tramp ermənilərin belə ikiüzlü və riyakar simalarına nifrət etdiyindən onları hətta Ağ evin həndəvərinə yaxınlaşmağa imkan vermir.  Ermənilər öz xəyanətkarlıqlarını ötr-basdır etməyə çalışsalar da bir nəticə hasil olmur. Hətta dünyada güclü sayılan ABŞ-dakı erməni diasporu müxtəlif variantlar işlətsə də Ağ evə girməyə yol tapa bilmir.

Zaman keçdikcə Azərbaycanın apadığı uğurlu siyasət nəticəsində işğalçı Ermənistan güvəndiyi ən böyük dəstəklərdən məhrum olur. Beləliklə, Ermənistanın “kitabı” bağlanır.