KÖŞƏ

Yaqut Ağaşahqızı

Könüldən könülə yollar görünür

29 aprel 2016 14:49
2951

BMT-nin Sivilizasiyalar Alyansının VII Forumunda ən çox vurğulanan tezislər kontekstində

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd”.  BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun belə bir deviz altında keçirilməsinin təsadüfi olmadığını bu ali məclisdə səslənən fikirlər bir daha təsdiqlədi. Ayrı-ayrı millətlərin və konfessiyaların əmin-amanlıq və  qarşılıqlı anlaşma şəraitində yaşamasının vacibliyi, tolerantlıq prinsiplərinə əməl olunması, müasir cəmiyyətdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrilməsi Bakı Forumundakı çıxışların ana xəttini təşkil edirdi. Əslində ev sahibi kimi Forumun açılışındakı səmimi çıxışında  Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların  bir araya gəldiyi məkan olduğunu vurğulamaqla tədbir iştirakçılarını açıq söhbətə dəvət etdi.

Dünyanın 140-dan çox ölkəsinin nümayəndəsinin iştirakçısı olduğu bu nüfuzlu ali məclisdə əsas müzakirə obyektinə çevrilən məsələlərin önündə qaçqın problemi gəlirdi. Günümüzün bu ağrılı problemi eyni həssaslıqla Azərbaycanın və Türkiyənin dövlət başçılarının çıxışlarında öz əksini tapmışdır. Bu da təbiidir. Çünki Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində və öz ərazisində etnik təmizləmə apardığı üçün Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranmışdır. Yaxın və Orta Şərqdə baş verən rejim dəyişikliyi və vətəndaş müharibəsi 3 milyondan çox qaçqının qardaş Türkiyədə məskunlaşmasına səbəb olmuşdur.

Cənab İlham Əliyev hər zaman olduğu kimi, yenə də öz çıxışında  Azərbaycanın haqq işini - Dağlıq Qarabağ məsələsini ön plana çəkdi: “Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilmişdir. Lakin Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamilə işğal edilmişdir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altindadır. İşğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb.”

Əslində, Azərbaycanın dövlət başçısının ifadə etdiyi bu fikirin davamı  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında da öz əksini tapır. Belə ki, Türkiyənin dövlət başçısı qardaş ölkənin də miqrantların qəbulu ilə bağlı çox ciddi problemlə üzləşdiyini özünəməxsus tərzdə, atalar sözünə istinad edərək ifadə etdi: “Hazırda üç milyon qaçqın ölkəmizdədir. Sağ olsunlar, dostlar gəlib bizə təşəkkür edirlər. Bizdə belə bir ifadə var: “Bal, bal deməklə ağız şirin olmaz”... Bizim bu vaxta qədər rəsmi sənədlərə əsasən xərclərimiz 10 milyard dolları ötüb.” Foruma qatılan siyasi və dini liderlər, alimlər və vətəndaş cəmiyyəti nümayəndələri isə öz çıxışlarında qaçqınların problemlərinin ayrılıqda bir ölkənin yox, bütövlükdə dünya ictimaiyyətinin problemi olduğunu və onun həlli üçün səyləri birləşdirməyin zəruriliyini bildirdilər. 

Forumda ən çox müzakirə olunan və natiqlərin işlətdiyi sözlərin əvvəlində isə “multikulturalizm”, “irqçilik”, “ksenofobiya”, “sivilizasiya”, “tolerantlıq” kimi ifadələr və həmin sözlərin ehtiva etdiyi bəşəri problemlərin həlli yolları gəlir.

Dövlətimizin başçısı, Türkiyə Prezidenti və İspaniyanın xarici işlər naziri Manuel Qarsiya Marqallo öz çıxışlarında BMT-nin Sivilizasiyalar Alyansının yaradılması ideyasının  hələ 11 il əvvəl  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İspaniyanın o dövrdəki Baş naziri Xose Luis Rodrigez Sapatero tərəfindən irəli sürüldüyünü məmnunluqla qeyd etmişdilər. BMT-nin Baş katibi Pan Gi Mun Forum iştirakçılarına ünvanladığı videomüraciətdə diqqəti gündəlik həyatda irqçilik, diskriminasiya, ksenofobiya və zorakılıqdan əziyyət çəkən insanların iztirablarının yüngülləşdirilməsinin vacibliyinə yönəltmiş, həmçinin gələn ay İstanbulda keçiriləcək ilk Ümumdünya Humanitar Yardım Sammitində də həmin həssas insanların ehtiyacları ilə məşğul olacaqlarını bəyan etmişdir. Beləcə, sivilizasiya dialoqu estafet olaraq Bakıdan İstanbula ötürüləcəkdir. Doğrusu, bunun bizim üçün bir rəmzi mənası var. Necə deyərlər, könüldən könülə yollar görünür...