16 mart 2017 21:57
772

Binəqədi məktəbliləri Naxçıvana gediblər

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin  Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir  keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, məktəb direktorları, valideynlər və məktəblilər, YAP Gənclər Birliyinin fəalları, 272 və 177 saylı körpələr evi-uşaq bağçasından olan uşaqlar iştirak ediblər.

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilər Naxçıvana yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət ediblər.

Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov uşaqlara göstərilən dövlət qayğısı, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak edəcək. Şagirdlərə uğurlar diləyən natiq tur-aksiyadan müsbət şəkildə yaralanmağı tövsiyə edib.

Mərasimdə çıxış edənlər   284  nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov, “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı Elen Cəfərzadənin valideyni  Rəmziyyə Sadıxova  “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının  tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.

Yola salma mərasimi konsert proqramı ilə davam edib. Mərasimdə 177 və 272 saylı körpələr-evi uşaq bağçalarının fidanları  tərəfindən milli rəqslər nümayiş olunub.

Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüblər.