KÖŞƏ

Yeganə Əliyeva

Fransada prezident seçkilərində “Qarabağ kartı”

27 aprel 2017 22:36
1038

Çağdaş dünyanın demokratik mərkəzlərindən sayılan Fransada keçirilən prezident seçkiləri Azərbaycanda da maraqla izlənilir. Səbəblərdən biri Avropa siyasi məkanının söz sahiblərindən olan Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanlarının geniş olmasıdır. Belə ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Qarabağ probleminin nizamlanması prosesində fəal rol oynayır. Üstəlik bu ölkədə erməni lobbisinin güclü olması da diqqətdən yayınmamalıdır. Çünki heç kəsə sirr deyil ki, erməni lobbisi Fransadakı siyasi proseslərə, o cümlədən prezident seçkilərində namizədlərin səs toplamasına ciddi şəkildə təsir etmək imkanına malikdir.

Fransada prezident seçkilərinin aprelin 25-də keçirilən birinci turunda  Emmanuel Makron 23.7 faiz, Marin Le Pen 22.7 faiz, Fransua Fiyon və Jan Lyok Melanşon 19.5 faiz səs yığıblar. Bununla da  seçkilərin mayın 7-də keçiriləcək ikinci turunda “En Marche” Hərəkatının lideri Emmanuel Makron və Milli Cəbhə Partiyasının lideri Marin Le Pen yarışacaqlar. Bu seçkilərin Azərbaycan cəmiyyətində maraqla izlənməsinin əsas səbəbi isə namizədlərin erməni lobbisinin səsini almaq üçün “Qarabağ kartı”ndan istifadə etmələridir. Belə ki, radikal millətçi Marin Le Pen bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının “həll yolunu” təklif etmişdi. O, Fransada erməni dilində nəşr edilən  “Nouvelles d-Armenie” qəzetinə müsahibəsində münaqişənin nizamlanması üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu demişdi: “SSRİ-nin dağılmasından sonra meydana çıxan sərhədlər beynəlxalq səviyyədə tanınıb, lakin Dağlıq Qarabağın müstəqilliyindən çox bölgənin Ermənistana birləşdirilməsinə dair Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsi daha məqbul olardı”.

Bəs, Fransadakı prezident seçkilərinin yekun nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə necə təsir göstərə bilər?

Bəri başdan deyək ki,  səlahiyyət müddəti başa çatmaqda olan Fransua Olland uydurma “erməni soyqırımı”nın 102-ci ildönümünə həsr olunmuş anım mərasimində “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” bəyanatını səsləndirib.  Fransa prezidenti qeyd edib ki, hər il onlarla gənc insanın həyatına son qoyan Dağlıq Qarabağ münaqişəsində son zamanlar vəziyyət daha da kəskinləşib, tez-tez hücumlar baş verir: “Düzdür, tərəflər 23 ildən çox müddətdir ki, danışıqlar aparır, lakin biz gərək məsələnin həllini tapaq, çünki status-kvo qəbuledilməzdir. Bu münaqişənin hərbi həlli yoxdur”.

Fransua Ollandın qondarma “erməni soyqırımı”nın ildönümündə belə bir açıqlama ilə çıxış etməsi erməni lobbisini və Ermənistan ictimaiyyətini xəyal qırıqlığına uğradıb. Ermənistanın “1in.am” saytında dərc olunan məqalədə Fransa prezidentinin söylədiyi fikirlər “gözlənilməz bəyanat” kimi qiymətləndirilib. O da qeyd olunur ki,  ölkəsinin danışıqlar prosesində cəlb olunduğunu xatırladan Fransua Ollandın sözlərinə görə, Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həllinin tapılmasına can atır.

Fransada keçirilən prezident seçkilərinin ən şanslı namizədi  Emmanuel Makron da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verəcəyini bəyan edib. Onun fikrincə, bu münaqişə yaınız ortaq səylərlə həll oluna bilər: “Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm”.

Beləliklə, Dağlıq Qarabağ problemi ətrafında davam edən diplomatik proseslər də görərir ki, münaqişənin həlli təkcə Azərbaycan və Ermənistanın istəyindən asılı deyil. O da aydındır ki, problemin həlli istiqamətində ATƏT-in rolu həlledici deyil və indiki status-kvo davam etdikcə dəyişiklik olmayacaq. Problemlə birbaşa  ATƏT-in Minsk qrupu məşğul olsa da, bu qurum nəinki uzunmuddətli sülhə, hətta atəşkəs razılaşmasına belə doğru-düzgün əməl olunmasına təminatçı ola bilmir. Ekspertlər problemə Azərbaycan və Ermənistan hökumətləri ilə yanaşı, Rusiyanın da xüsusi yanaşmasının və təsirlərinin olduğu qənaətindədirlər.