KÖŞƏ

Cavid Əkbərov

Nikol anlayır ki...

15 dekabr 2020 17:13
2262

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam edir. Hadisələrin bu ssenari üzrə inkişafı Ermənistanda kütləvi aksiyaların gedişində qan töküləcəyini göstərir. Qanlı qarşıdurmanın Paşinyan iqtidarının sonunu daha böyük sürətlə yaxınlaşdıracağı istisna olunmur.

Ermənistan hakimiyyəti müxalifət düşərgəsində yeni həbslərin aparılmasını planlaşdırır. Ölkə KİV-lərində qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına qarşı güc tətbiq edilməsindən tutmuş, onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə kimi müxtəlif planlar daxildir. O da vurğulanır ki, bu işdə təkcə polis yox, digər güc strukturlarının və hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri də iştirak edəcəklər. Müxalifət isə hakimiyyət tərəfindən yaradılacaq bütün maneələrə rəğmən etiraz mitinqlərinin baş nazirin istefasına qədər davam edəcəyini bildirib.

Erməni politoloq Armen Badalyan ölkəsinin düşdüyü ağır durumla bağlı pessimist proqnozlar verib. Bundan sonra Yerevanın Azərbaycanla mübarizə aparmaq gücündə olmadığını deyən A.Badalyanın sözlərinə görə, Ermənistan hazırda ciddi iqtisadi və siyasi izolyasiya ilə üz-üzə qalıb. Bildirib ki, Paşinyanın hakimiyyətdə qalması Ermənistan üçün yeni təhlükələr deməkdir: “Ölkəyə investisiyalar qoyulmur. Baş nazir Ermənistanı bundan sonra necə inkişaf etdirmək lazım olduğunu, onun mexanizmlərini belə bilmir. Onun varlığı inkişaf və iqtisadi tərəqqiyə mane olacaq. Ona görə ki, heç kim belə bir rəhbərliyin idarə etdiyi ölkəyə investisiya yatırmaqda maraq göstərməyəcək.”

Politoloq onu da bildirib ki, Paşinyan öz rəhbər mövqeyini hələ ki, polis gücünə qoruyub saxlaya bilir: “Nikol anlayır ki, əgər istefaya gedərsə, yeni baş nazir ya onu həbs edəcək, ya da özü ölkədən qaçacaq. Nikol və ailəsi heç vaxt Ermənistana dönə bilməyəcəklər. Baş nazir onu da gözəl anlayır ki, Ermənistanda gələcəyi olmayan bir şəxsdir. Heç deputat belə seçilə bilməyəcək. Əgər öz kürsüsünü tərk etmək qərarı versə, ömürlük ölkəni tərk etmək məcburiyyətində qalacaq.”

Müharibədəki məğlubiyyət Ermənistanda xeyli müddətdir əsgər analarının da hakimiyyətə qarşı sərt mövqedən çıxış etməsinə səbəb olub. Çünki hakimiyyət itkiləri ciddi cəhdlə gizlədir və minlərlə valideyn övladından xəbər ala bilmir. Ermənistan mediası isə Nikol Paşinyanı əsgər ölümləri ilə bağlı dezinformasiya yaymaqda ittiham edir.

Əsgər valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını söyləyir və ölkə rəhbərliyinin indiyə qədər onları aldatdığını bəyan edirlər. Elə bu səbəbdən də itkin düşən hərbçilərin valideynləri Ermənistanın müxtəlif şəhərlərində hərbi hissələrin qarşısında etiraz aksiyaları keçirirlər. Etirazçılar hökumət əleyhinə şüarlar və bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbinin onlara açıqlanmasını tələb edirlər.

Müharibədə məğlubiyyət fonunda artan xarici borclar da Ermənistana müsbət heç nə vəd etmir. Əksinə, beynəlxalq təşkilatlar, müxtəlif xarici dövlətlər Ermənistana yeni borclar verilməsinə indi böyük ehtiyatla yanaşırlar. Çünki Ermənistan əvvəl aldığı xarici borcların qaytarılmasında böyük çətinliklər yaşayır, eyni zamanda, bu ölkənin həmin borclar əvəzinə verə biləcəyi digər hər hansı resursu yoxdur. Əksər dövlət müəssisələri isə xarici borc əvəzinə çoxdan əcnəbilərin, əsasən də Rusiya şirkətlərinin əlinə keçib. Yeri gəlmişkən qeyd edək ki, həmin müəssisələrin çoxu həm də fəaliyyətsizdir və yaxın perspektivdə işə düşmələri gözlənilmir.

İndi Ermənistanda belə hesab olunur ki, mövcud problemlərin meydana gəlməsi və dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Məhz bu, ölkəni siyasi və iqtisadi müstəvidə dalana dirəyib. Eyni zamanda hakimiyyətdə təmsil olunanların yaratdıqları korrupsiya və rüşvət piramidası ölkə iqtisadiyyatının inkişafını əngəlləyən əsas faktorlardan biri olaraq qalmaqdadır. Hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu işsizdir. Bu rəqəm son aylardan xüsusilə artıb. Buna səbəb həm də hakimiyyətin pandemiya dövrünün tələblərinə uyğun sosial-iqtisadi siyasət yürüdə bilməməsidir.

“4rd.am” saytı yazır ki, ilin əvvəlindən bəri ölkədə xeyli sayda müəssisə, şirkət və səhmdar cəmiyyət, habelə biznes və ticarət obyektləri, kiçik və orta sahibkarlar fəaliyyətini dayandırıb. Pandemiya və müharibə nəticəsində il ərzində təkcə paytaxt Yerevanda iş yerini itirmiş insanların sayı 200 mini ötüb. Bütün bunların nəticəsidir ki, hakimiyyətin vətəndaşlar arasında heç bir dayağı qalmayıb. Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə çoxalır.