08 avqust 2019 19:38
1249

Ölkəmizi geosiyasi təhlükələrdən qoruyan balanslı siyasət

İnamla deyə bilərik ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq  nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Yəni, dünya siyasətini idarə edən fövqəlgüclərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi önəm daşıyır. Bu mənada fərəhlə demək olar ki, Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.

Digər çox mühüm  məsələ odur ki, müasir dövrdə  dünyada cərəyan edən geopolitik qarma-qarışıqlıqda Azərbaycan dövləti özünə yönəlik təhlükələri zamanında hiss eməklə ciddi önləyici tədbirlər həyata keçirir və nəticədə milli mənafelərimiz, daxili sabitliyimiz kifayət qədər  etibarls qorunur.

Bəs müstəqillik tarixi üç onilliyi ötməyən bir dövlət bütün bunlara necə nail olur? Təbii ki, qazanılan uğurlar Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin, milli mənafeləri daim öndə tutması bacarığının nəticələridir. Ölkəmizin başçısı ilk növbədə uğurlu daxili siyasətlə cəmiyyəti ölkənin maraqları, mənafeyi üçün səfərbər edir. Bu çox önəmli haldır və xalq-iqtidar birliyinin təməl prinsipidir.

Eyni zamanda, siyasətdə və dövlət idarəetməsində qətiyyətlilik Prezident İlham Əliyevə ölkəmizi hətta ən çətin hədəflərə çatdırmağa imkan verib. Diqqət yetirsək görərik ki, bir neçə il əvvəl ölkəmizin sahib olduğu neft kəmərlərinin dünya bazarlarına çıxışı üçün göstərilən təzyiqlər necə puça çıxdısa, Cənub Qaz Dəhlizi kimi layihə də bu gün bütün xarici təzyiqlərə rəğmən gerçəkləşmək ərəfəsindədir.

Məhz mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirdiyindən Azərbaycan Qərbə daha geniş açılmaq niyyətindədir. Artıq Azərbaycan Avropa İttifaqı ilə “Strateji tərəfdaşlıq sazişi”nin hazırlanmasında yekun mərhələyə qədəm qoyub. Eyni zamanda, bu il Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu da çox ciddi hadisədir.

Dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri quran Azərbaycan bu gün bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan istənilən təzyiqlər qarşısında məhz bunlara görə inamla, qürurla dayanır.  

Təbii ki, bu gün Azərbaycanın dünyaya inteqrasiyası, xüsusilə Avropa ilə əməkdaşlığı hansısa bir mərhələdə bitən proses deyil, davamlıdır. Bu proses başlanan andan ta  bu günə qədər atiılan addımlar heç də asan başa gəlməyib. Azərbaycan müstəqil olmasına rəğmən müxtəlif istiqamətlərdən təzyiqlər görüb, hər dəfə də bu təzyiqlərdən alnıaçıq çıxıb.

Ən əsası dövlətimiz Qərb-Rusiya tərəzisində balansı qorumağa da nail olub. Bu uğurlu siyasət ölkəmizi fövqəlgüclərin savaş poliqonu olmaqdan qoruyan ciddi amildir.  Ancaq  dinamik əməkdaşlıq sahəsində daha çox  Avropa ilə əlaqələr qurulub. Axı bu, müasir inkişafın, yeni qlobal münasibətlərin tələbidir. Bu gün ölkəmiz yalnız Avropanın enerji təhlükəsizliyinə töhfə vermir, həm də Avropa dəyərlərindən, təcrübəsindən yetərincə yararlanır.

Bir sözlə, aparılan dərin müşahidələr deməyə əsas verir ki, Prezident İlham Əliyev xarici siyasəti daha mükəmməl qaydada aparmaq üçün  daxili siyasətdə, xüsusilə sosial-iqtisadi sahədə  islahatları bundan sonra da dərinləşdirəcək, xalqla dövlətin birliyini daha da möhkəmləndirmək üçün zəruri  addımlar atacaqdır. Bununla bağlı cənab Prezidentin verdiyi vədlər artıq ardıcıl olaraq reallaşır.

Ən nəhayət, Şimali Atlantika Alyansı ilə Rusiya arasında son 5 ildə 3 dəfə beynəlxalq məsələlərə dair görüşlər də Bakıda keçirilib. Əslində, bir-biri ilə əməkdaşlığı dayandıran iki tərəfin Bakıda yenə görüşməsi, həm də Azərbaycana verilən dəyər və onun tərəflərə münasibətinin göstəricisinin nəticəsidir. Heç şübhəsiz, bu görüşlərin yenidən Bakıda keçirilməsinin bir sıra üstünlükləri var. Birincisi odur ki, Prezident İlham Əliyevin balanslı xarici siyasəti iki fövqəlgücün ölkəmizə qarşı münasibətinin müsbət göstəricisidir. Təbii ki, tərəflər də bu münasibətə görə Azərbaycan paytaxtını münasib biliblər.

Bu gün Azərbaycanda başqa dövlətin hərbi kontingenti yoxdur. Bu baxımdan ölkəmiz neytrallığını qoruyub. Azərbaycan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmadığından qarşı tərəf üçün Rusiyanın hərbi cəhətdən təsir dairəsinə daxil deyil. Azərbaycan NATO-ya üzv deyil və Alyansın Azərbaycanla münasibəti daha çox əməkdaşlıq səviyyəsindədir. Cənubi Qafqazdakı qonşularla müqayisədə Azərbaycanın tutduğu bu mövqe isə Rusiyanı qane edir.

Əlbəttə, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəblərindən biri də Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, nəqliyyat layihələri ilə bağlıdır. Bu, onun beynəlxalq aləmdə statusunu və mövqeyini daha da möhkəmləndirib. Heç şübhəsiz, Bakının belə mühüm görüşlərə ev sahibliyi etməsi həm də Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasətin nəticəsi, onun şəxsi nüfuzu, dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır.

Nəhayət, görüş üçün Bakının seçilməsi deməyə əsas verir ki, beynəlxalq hərbi birliklərə üzv olmasa da  Azərbaycan ABŞ, Avropa İttifaqı və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir və onların hörmət bəslədiyi dövlətdir. Bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində uğurlu iştirakı Azərbaycanın təkcə regionda deyil, daha geniş miqyasda sabitləşdirici rol oynadığının göstəricisidir. Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində atdığı addım, regionda və beynəlxalq miqyasda terrora qarşı mübarizədə qətiyyətlilik nümayiş etdirməsi respublikamızın əhəmiyyətini artıran amillərdəndir. Azərbaycanın tarixən Şərqlə Qərb arasında körpü rolunu oynaması onun strateji məsələlərin həyata keçirilməsində daşıdığı əhəmiyyətdən xəbər verir.

Beləliklə, görüşün Bakıda keçirilməsi həm də Azərbaycanın Qərb bloku ilə Rusiya arasında tutduğu mövqeyin beynəlxalq münasibətlərin tənzimlənməsinə çox dəyərli bir töhfəsidir və görüşün nəticəsinə görə demək olar ki, Azərbaycan beynəlxalq güclərin toqquşan deyil, qovuşan məkanıdır.

Elçin Zaman, “İki sahil”