KÖŞƏ

Vəli İlyasov

Özü yıxılan ağlamaz, Nikol!

23 dekabr 2020 16:20
2054

Ermənistanın hələ də baş naziri olan Nikol Paşinyanın  noyabrın 10-dan sonrakı vəziyyəti hər dəfə yadımıza  rəhmətlik Mirzə Ələkbər Sabirin “Uşaq və buz” satirik şeirini salır. “İti qovan”larla Azərbaycan torpaqlarından qovulan Nikol Paşinyan və onun özünə oxşar ordusu biabırçı məğlubiyyətdən sonra ermənilər tərəfindən nifrətlə qarşılanırlar. Hara gedirsə Paşinyanı indi də öz erməniləri oralardan qovurlar. Hətta kilsədə cavan papaz onun uzanmış əlini geri qaytararaq salamını almayıb. Yazıq başını deşikdən bayıra çıxara bilməyən siçan vəziyyətinə düşüb. Yəqin bizim Məşədi İbad kimi özü-özünə söylənir: “Dilim-dilim olasan, dilim” deyir. “Yeni müharibə, yeni ərazilər”, “Qarabağ Ermənistandır” demək, Şuşada “yallı” oynamaq və s. axmaqlıqlar kimə lazım idi?! Nə isə, keçək əsas mövzuya.

10 noyabr məğlubiyyətindən sonra qızmış başları soyuyan Ermənistan rəhbərləri qəm dəryasına qərq olublar. Etdikləri sarsaq hərəkətləri kino lenti kimi gözlərinin önündən keçdikcə özlərindən “ mən niyə bu qələtləri  etmişəm?”, “görəsən belə gic bəyanatları verəndə ağlım harada idi?”, –deyə soruşurlar.

Bəli, qarışqanın filə zor göstərməsinə bənzəyən bütün bu hərəkətləri Ermənistanın gerizəkalı başbilənləri ediblər. İyirmi altı il BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini saymazyana kənara atan, Azərbaycanın saysız-hesabsız xəbərdarlıqlarını qulaqardına vuran, beynəlxalq təşkilatların sülh çağırışlarına əhəmiyyət verməyən Ermənistan rəhbərləri nəinki öz quldur dəstələrini Dağlıq Qarabağdan çıxarmağı, işğal altında saxladıqları Azərbaycanın digər ərazilərindən geri çəkilməyi belə ağıllarına gətirməyiblər. Azğınlaşaraq keçmiş prezidentlər Robert Koçaryanla Serj Sarkisyanın guya yaratdıqları məğlubedilməz orduya güvənərək işğalı əbədiləşdirmək fikrinə düşdülər. Keçmiş müdafiə naziri Seyran Ohanyan bütün Ermənistanı xatircəm etmişdi ki, elə bir alınmaz müdafiə səddi yaradıb ki, Azərbaycan Ordusu heç vaxt o səddi keçə bilməz.

Bütün dünyada səbir və təmkinlə siyasət aparan Azərbaycan Prezidenti İlham Əliyev on yeddi il müddətində ölkəmizin imicini buvaxtadək çatmadığı həddə yüksəltdi. Bir neçə qərəzli və ermənipərəst mövqe tutan ölkədən başqa bütün dünya ölkələri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq haqlı mövqeyinə dəstək verdilər. Digər tərəfdən, inkişaf edən Azərbaycan öz ordusunu müasir silahlarla, hərbi texnika ilə təmin edərək onu müharibəyə hazırladı. Çünki zaman keçdikcə Ermənistan aqressiv plan və hərəkətləri ilə təsdiq edirdi ki, o, torpaqlarımızın bir qarışını da qaytarmaq fikrində deyil. Son vaxtlarda baş nazir Nikol Paşinyanın yuxarıda xatırlatdığımız sayıqlamaları isə Azərbaycanın heysiyyatına toxundu və xalqın səbir kasası daşdı. Ermənistanın iyul ayında Tovuzda, sentyabrın 27-də Qarabağ bölgəsindəki təxribatları cavab tədbiri görülməsinə səbəb oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev münaqişənin dinc yolla həll edilməyəcəyinə qəti əmin olandan sonra ordumuza “İrəli!” əmri verdi. İlk günlərdə düşmənin çox güvəndiyi “Ohanyan müdafiə xətti” qoşunlarımızın sarsıdıcı zərbələri ilə darmadağın edildi. Dalbadal gözləmədiyi zərbələri alan erməni əsgər və zabitləri xilas olmaq üçün kütləvi fərarilik etdilər və silahlarını ataraq döyüş meydanından qaçdılar. Ermənistan generalları hərbi hissələr üzərində nəzarəti itirərək məğlubiyyətə düçar oldular. Onların məğlubedilməzlik barədə lovğalıqla yaratdıqları mif sabun köpüyü kimi partlayıb yoxa çıxdı.

MDB dövlət başçılarının videotoplantısında çıxış edən Prezident İlham Əliyev bu barədə danışarkən bildirdi ki, biz əlləri Azərbaycan xalqının qanına batmış keçmiş prezidentlər Robert Koçaryanla Serj Sarkisyanın ordularını darmadağın etdik. Ermənistan ordusunun 80 faizi sıradan çıxarıldı və o, döyüş qabiliyyətini itirdi. Ermənistan ordusu uzun illər bu cür zərbələrdən özünə gələ bilməyəcəkdir.

 Təbii ki, bu sözləri düşmən ölkənin hərbi və siyasi rəhbərliyi eşitdi. Ancaq Azərbaycanı yeni müharibə ilə hədələyənlərin, Şuşada “yallı” oynayanların, inaqurasiya keçirənlərin cınqırı çıxmadı, cavab verə bilmədilər. İki yüz ildən bəri həmişə havadarlarının köməyi ilə Azərbaycandan ərazi qoparan ermənilər bu dəfə təkbətək döyüşdə biabırçı məğlubiyyətə uğradılar. Hərbi məğlubiyyət ölkənin digər sahələrində mövcud olan böhranları daha da dərinləşdirdi. Necə deyərlər, eyni zamanda, Ermənistanın başına bir yox, bir neçə qapaz dəydi. Bu qapazların ağrısı çətin ki, onun canından əlli ilə çıxa. Ermənistanın yeganə nicat yolu qonşu ölkələrə torpaq iddiasından əl çəkmək və münasibətləri normallaşdırmaqdır.