28 iyul 2020 10:29
1209

Səhrada yeni nəhəng paytaxt şəhəri salınır

2015-ci ildə Misir hökuməti paytaxtın Qahirədən Yeni Qahirəyə köçürüləcəyi haqqında xəbəri açıqlamışdı. Səhrada şəhərsalma işlərinə də elə o zamandan başlanılıb. Meqalopolisin tikintisi “köhnə” Qahirədən cəmi 20 km məsafədə həyata keçirilir. Məqsəd inzibati binaların əksəriyyətini yeni bir yerə köçürmək və bununla da nəhəng şəhəri rahatlaşdırmaqdan ibarətdir, çünki son illər Qahirə əhali sıxlığından əziyyət çəkir. 2035-ci ilə qədər Qahirənin əhalisinin 40 milyon nəfər olacağı proqnozlaşdırılır.

Coğrafi baxımdan Yeni Qahirə Süveyş kanalı ilə Nil çayının arasında yerləşir. İlkin olaraq, şəhər tikintisinə 30 milyard dollar vəsait ayrılmışdı. Lakin elə 2016-cı ildə vəsait bitdi və yenidən investisiya cəlb edildi. Şəhər tikintisinə xarici investorlar cəlb edilib.

Hazırda pandemiya ilə əlaqədar olaraq, tikinti işləri dayandırılıb.

Prezident administrasiyası, ölkə parlamenti, Mərkəzi Bank və 34 nazirlik binasının 2022-ci ilədək Yeni Qahirəyə köçürülməsi nəzərdə tutulur.

Yeni Qahirədə qitənin ən hündür qülləsi tikiləcək, dünyanın ən böyük hava limanlarından biri inşa ediləcək. Şəhər 21 yaşayış rayonundan ibarət olacaq. Orada, həmçinin biznes rayonları da salınacaq.

Başlıca investorlar Misir, Səudiyyə Ərəbistanı və Çin şirkətləridir.

Nubar Süleymanova, “İki sahil”