Adəm Asnı bu adda şeirlər toplusu ilə yenidən oxucularının görüşünə gəlib
Hər bir insanın ömür payını özünəməxsus şəkildə yaşamasında seçdiyi peşə ilə yanaşı, həvəskarı olduğu ikinci sənəti də əhəmiyyətli rol oynayır. Ən əsası o sənət sözlərin, duyğuların süzülməsindən yaranan fikirlərin toplusundan ibarət olanda bu özünəməxsusluq daha çox diqqət çəkir, maraq doğurur. Sözün sərrafı olmaq hər insana nəsib olmur. Elə bu baxımdan ömür əbəs yerə sözə bənzədilmir. Sözlərin düzülüşündən yaranan bir toplu təqdimatımız, ömür yolumuzun bələdçisidir.
Belə istedadlı, həvəskar qələm sahiblərindən biri də Adəm Asnıdır. Mütəmadi olaraq duyğularının «məhsulu» olan kitabları ilə oxucualarının görüşünə gələn Adəm müəllimin bu gün bizlərə təqdim etdiyi növbəti hədiyyəsi «Bir röya həsrətində» şeirlər toplusudur. Kitabın “Ön sözü”nün müəllifi şair-publisist, Əməkdar jurnalist, «Qızıl kəlmə» müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Əbülfət Mədətoğlu nəşri ərsəyə gətirən məqamlara diqqət yönəldir. Kitabda sevgi anlayışına müxtəlif tərəflərdən yanaşmalar, eyni zamanda etiraflar əks olunur. Torpaq, Vətən sevgisini, həmçinin həyat yoldaşına məhəbbətini duyğularından süzülən misraların dili ilə çatdıran Adəm müəllim etirafın insan həyatında oynadığı rolu da özünəməxsus şəkildə oxucuya çatdırır. Ə.Mədətoğlunun qeyd etdiyi kimi, şeir yazmaq təkcə misraları, fikirləri bir-birinə uyğunlaşdırmaq, ardıcıl düzmək deyil, bu, həm də ağır bir yükə çiyin vermək, o yükün özünün də fikirdən, hissdən, duyğudan ibarət olduğunu anlamaqdır. Bu nöqteyi-nəzərdən yanaşdıqda Adəm müəllimin şeirlərində fikir, duyğu, hiss qabarıq görünür. Hətta onun kiçik həcmli şeirlərində də oxucuya çatdırmaq istədiyi məqamlar aydın şəkildə ifadə olunur.
Bir məqamı da nəzərə alsaq ki, kitab bizim ən yaxın dostumuzdur, bu halda hər kəs müəllifin də etiraf etdiyi kimi, öz zövqünə uyğun dost tapıb, onunla həmsöhbət olaraq sirli, sözlü dünyasına yeni-yeni əlavələr edəcək. Adəm müəllim fransız yazıçısı və dramaturqu Volterin bu sitatını çatdırır: «Yaxşı kitabı birinci dəfə oxuyanda biz yeni dost qazanmış kimi hisslər keçiririk. Eyni kitabı ikinci dəfə oxumaq isə köhnə dostu yenidən görmək kimidir.» Kitabın bilik mənbəyi, dost rolunu yüksək dəyərləndirən Adəm müəllim bu əminliyi ifadə edir ki, görüşümüzə gəldiyi kitablarla yeni dostlar, həmsöhbətlər qazanır. Amma bir etirafı da edir ki, hər bir irada qarşı dözümlü, səbrlidir, oxucuların rəylərini, təkliflərini növbəti kitablarında nəzərə almaq imkanındadır. Bu da böyüklüyün göstəricisidir. Sağlam irad daim inkişafa stimuldur. Müəllif bir etirafını da fransız yazıçısı, çoxlu ibrətamiz aforizmlərin müəllifi olan Bovenarq Lyukun fikirləri ilə çatdırır: «Elə oxucular var ki, yalnız müəllifdə səhv tapmaq xatirinə oxuyurlar.»
Elə mən də oxucularımıza bu niyyətdən uzaq olmaq arzusu ilə kitab haqqında fikirlərimi davam etdirmək istəyirəm. Düşünən və düşündürməyi sevən həvəskar şairimiz Adəm müəllim bu şeirlər toplusu ilə hər birimizi bir daha uşaqlıq illərinə aparır, bu reallığı bir çağırış kimi diqqətə çatdırır ki, gələcəyə keçmişimizlə addımlayırıq. Keçmişimizi unutmayaq. Ömrümüzün hər bir pilləsi bizim üçün əziz olmalıdır. Qayğısız uşaqlıq illərinin həyatımızda qoyduğu izləri heç şübhəsiz ki, illər keçdikcə duyur, dəyərləndiririk. Hər birimiz yaşanan ömürün sevincli-kədərli, acılı-şirinli olmasından asılı olmayaraq, fərəh duymalı, xoş əhval-ruhiyyə ilə xatırlamalı, «Taledə günah yox» deməliyik. Adəm müəllim bu adda şeirində hər bir dövr üçün aktual olan məqamlara diqqət yönəldir.
Bir sözlə, A.Asnının oxuculara təqdim etdiyi hər bir toplum özlüyündə bir mənəvi dəstək, insani keyfiyyətlərin, Vətən, torpaq, valideyn, övlad sevgisinin aşılanmasında dəyərli mənbədir. Bu çağırışını xüsusi qeyd etmək istərdim ki, yaxşılıq et ki, hansısa çətin bir məqamla üzləşəndə bunun günahını taleyində görməyəsən. «Alın yazısı» məfhumunun varlığı ilə yanaşı, hər birimizin təqdimatımıza uğurlu anlar, səhifələr əlavə olunmasına yardımçı olan «mənimiz» vardır.
Şeirləri ilə mənəvi dünyamızın zənginləşməsinə bir töhfə verən Adəm müəllimin bundan öncə işıq üzü görən «Ovqat», «Duyğuların ifadəsi» kimi kitabları da bizlərin ən yaxın dostu olub. Etibarlı, sədaqətli, doğru yol göstərən dostlarımızın sayının artması arzusu ilə…
Yeganə Əliyeva, «İki sahil»