19 fevral 2019 10:27
2410

Sumqayıt Kimya Sənaye Parkı: sənayeləşmə siyasətinin bəhrəsi

Prezident İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən biri də iqtisadiyyatın şaxələndirilməsidir. Son bir neçə ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı xeyli azalmış, qeyri-neft sektorunun inkişafı sahəsində ciddi irəliləyişlərə nail olunmuşdur.

Aparılan islahatların nəticəsi olaraq ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı 70 faizə çatmışdır. Burada digər sahələrlə yanaşı, sənaye sektorunun da özünəməxsus yeri vardır. Bu baxımdan təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri hesab edilən Sumqayıtda yaradılan yeni zavod və müəssisələrin də ölkəmizin sənaye sektorunda yeri xüsusi vurğulanmalıdır. 

Sumqayıtda yaradılan Sumqayıt Texnologiya Parkı və Sumqayıt Kimya Sənaye Parkı  Azərbaycanda  gedən sənayeləşmə siyasətinin ən gözəl təzahürdür. Burada istehsal edilən müasir standartlara cavab verən məhsullar artıq dünya bazarında özünə layiqli yer turub.

Fevralın 18-də sözügedən sənaye müəssisələrinin sırasına daha bir yenisi də əlavə olundu. Prezident İlham Əliyevin iştirakı ilə “SOCAR Polymer” yüksək sıxlıqlı polietilen zavodunun açılış mərasimi keçirilib. Açılışda verilən məlumatlardan bəlli olur ki, yeni zavod ölkəmzin sənaye sektorunda xüusi çəkiyə malik olan müəssisələrdən biri olacaqdır. Belə ki, yalnız bu zavodun istifadəyə verilməsi ilə Azərbaycanın qeyri-neft ixracının 15 faiz artacağı proqnozlaşdırlır. Yalnız bu faktın özü kimya sənayesi sahəsində aparılan işlərin miqyasını qiymətləndirməyə kifayətdir.  Qeyd edək ki, ölkəmizdə aparılan sənayeləşmə siyasətinin əsas məqsədlərindən biri qeyri-neft ixracını artırmaq, iqtisadiyyatı şaxələndirmək, bunlarla yanaşı, yeni iş yerlərinin açılması və müasir texnologiyalara malik müəssisələrin yaradılmasına nail olmaqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni istehsal sahələrinin yaradılması imkan verir ki, Azərbaycan təkcə neftdən və qazdan yox, eyni zamanda, hazır məhsullardan da valyuta qazansın.

Digər tərəfdən, yeni yaradılan müəssisələr bir sıra sosail layihələrin də reallaşmasına imkan yaradır. İlk növbədə bu zaman yeni iş yerləri açılır və yeni istiqamətlər həm də yeni ixtisaslı kadrların hazırlanmasına zəmin yaradır.  Bu baxımdan böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti ölkəmizin gənclərinin mütəxəssis kimi  hazırlanmasına da təkan verir. Məhz bu amilləri nəzərə alaraq dövlətimizin başçısı zavodun açılışında burada çalışan gənclərə xitabən deyib: “Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək”.

Xatırladaq ki, “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. Artıq yüksəksıxlıqlı polietilen zavodu da istismara tam hazırdır. İlkin mərhələdə “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.

Bütün bunlar Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələridir. Bu baxımdan müasir və yüksək texnologiyalara əsaslanan sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir.

Taleh Turqut, “İki sahil”