06 iyun 2018 01:16
1649

Cənub Qaz Dəhlizi inkişaf, sabitlik, təhlükəsizlik və geniş əməkdaşlıq layihəsidir

Azərbaycan yeni əsrin layihəsi hesab olunan, investisiya tutumu 40 milyard dollardan artıq olan Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə bağlı hədəflərinə nail oldu.   Belə ki, 2018-ci il mayın 29-da Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Cənub Qaz Dəhlizi layihəsinin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirildi.   Uğurla reallaşdırılan bu nəhəng enerji təhlükəsizliyi layihəsi ictimaiyyətimiz və tərəfdaşlarımız tərəfindən əlamətdar hadisə kimi qiymətləndirildi.

Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan və Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər dənizindən Avropaya uzanan yolda bütün tərəfdaş ölkələrin  sosial-iqtisadi inkişafına böyük töhfələr verəcək.

Dövlətimizin başçısı 2018-ci il fevralın 15-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında  bildirib ki, Cənub Qaz Dəhlizi marşrut boyunca yerləşən və bu  nəhəng layihəyə üzv olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq.  Təbii ki, bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı olaraq geniş əməkdaşlığa yol açır.

Qlobal enerji təhlükəsizliyini gücləndirəcək Cənub Qaz Dəhlizi  strateji, sosial-iqtisadi cəhətdən Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Türkiyə və Avropa qitəsi üçün kifayət qədər vacib olan unikal layihədir. Ekpertlər qeyd edirlər ki, bununla əlaqədar indiyədək həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələrdə 30 minə yaxın iş yeri yaradılıb. İş yerlərinin bir qismi daimidir. Azərbaycanın təşəbbüsü və əzmi ilə reallaşan Cənub Qaz Dəhlizi, hətta Avropa ölkələrində iş yerlərinin açılmasına müsbət təsir göstərib. Təkcə 200 iş yeri Yunanıstanda açılacaq.

Asiya İnkişaf Bankının (AİB)  Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin regional əməkdaşlığın inkişafına, o cümlədən AİB üzv olan ölkələr üçün qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcəyini bildirib. Bu layihə həmin ölkələr üçün əlavə gəlir mənbəyinə çevriləcək ki, bu da sosial proqramların və iqtisadiyyatın şaxələndirilməsi üzrə yeni tədbirlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Qeyd edək ki, Asiya İnkişaf Bankı “Cənub Qaz Dəhlizi” QSC üçün 1 milyard dollar məbləğində vəsait ayrılmasını təsdiq edib.

Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan, Balkan ölkələrində, eləcə də Qərbi Avropada 7 milyon ailənin təbii qaza olan ehtiyacını ödəyəcək, Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradacaq, o cümlədən yeni təchizat mənbələrinə çıxış üçün strateji əhəmiyyətə malik olan Trans-Adriatik Boru Kəməri (TAP) artıq Avropa İttifaqının Ümumi Maraq Layihələrinin siyahısına daxil edilib. Layihənin prezidenti Valter Piraer mətbuata açıqlamasında bildirib ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP)  bu qitənin Cənub-Şərqində qaz infrastrukturunun inkişafına və genişlənməsinə böyük töhfələr verəcək. TAP-ın prezidentiəlavə edib ki, Transadriatik boru kəməri yekun nəticədə bu regionun ölkələrinə öz energetika qovşağı rolunu artırmağa, eləcə də Albaniyanın qazlaşdırılması üzrə baş planın həyata keçirilməsinə kömək edəcək. Layihə boru kəmərinin keçdiyi üç ölkənin (Yunanıstan, Albaniya, İtaliya) ümumi daxili məhsuluna vergi formasında milyonlarla avro həcmində birbaşa töhfə verəcək. Belə ki, boru kəməri marşrutu boyunca yerləşən ölkələrdə reallaşdırılan layihələrə 55 milyon avrodan çox investisiya yatırılır. Belə layihələrə Albaniyada məktəblərin yenidən qurulması, İtaliyada dəniz tullantılarının təmizlənməsi, Şimali Yunanıstan hakimiyyətinə kommunal nəqliyyat vasitələrinin təqdim olinması və s. daxildir.

Valter Piraer bildirib ki, Transadriatik boru kəməri layihəsinin icrası çərçivəsində Yunanıstan, Albaniya və İtaliyada artıq minlərlə iş yeri yaradılıb: “Hazırda layihə çərçivəsində bu ölkələrdə 5 mindən çox insan işləyir. Bundan başqa, bir çox insan TAP-ın reallaşdırılması çərçivəsində müxtəlif mal və xidmətlər təqdim edən subpodratçı şirkətlərdə çalışır. Layihə Albaniyada yol və körpülərin bərpa olunması hesabına yerli infrastrukturun yaxşılaşmasına da xidmət edəcək. Yol və körpülərin bərpasının ilk mərhələsi 200 mindən çox insana fayda verəcək. Bizim bu nümunəmiz həmin ölkələrə digər beynəlxalq şirkətlərin investisiyalarını cəlb edə bilər”.

Zahid Rza, “İki sahil”