“İki sahil” qəzeti və internet televiziyasının gələcəyimizin qurucuları olan gənclərlə “Gəncliyimizin sədası” adlı yeni layihəsində həmsöhbətimiz Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi Qumral Ağabalayevadır.
Gəncləri maraqlandıran bir çox mövzulara müraciət etdiyimiz söhbətimizə müsahibimizin niyə məhz bu ixtisası seçməsi ilə bağlı sualımızla başladıq. Qumral Ağabalayeva hələ orta məktəbdə oxuyanda insanlarla ünsiyyət qurmağı, yoldaşlarının, dostlarının problemlərini dinləməyi sevdiyini vurğuladı: “Ümumiyyətlə, insan psixologiyası, müxtəlif duyğuların yaratdığı vəziyyətlər mənə həmişə maraqlı idi. Ona görə də ali məktəbə sənəd verərkən ixtisas seçimi zamanı psixologiya sahəsinə üz tutmağı qərara aldım. Gələcəkdə psixoloq kimi fəaliyyət göstərməyi, insanlarla işləməyi düşünürəm. Rəfiqələrimin, dostlarımın hansısa problemi olanda onlarla maraqlanıram, birlikdə problemləri çözmək üçün onlarla bərabər çıxış yolu tapmağa çalışıram”.
Gələcəyin psixoloqunun fikrincə, insanların anlaşmaması, yola gedə bilməməsi onların bir-birini dinləməmələrindən, empatiya hissindən məhrum olmalarından qaynaqlanır: “Düşünürəm ki, bu gün başlıca problemlərin və anlaşılmazlıqların kökündə insanların bir-birini sona qədər dinləməməyi durur. Məşhur bir kəlamda deyildiyi kimi, elə bil hamı bir-birinə cavab vermək üçün qulaq asır, qarşısındakını dinləmək üçün deyil. İnsanın həmişə onu cani-dildən dinləyəcək birinə ehtiyacı var. Diqqətlə onu dinləyən bir müsahiblə, yaxın dostla, yaxud da konkret desək, psixoloqla danışanda, insan öz dərdini rahatlıqla anlada-anlada bəzən elə o anlarda problemi yaradan səbəblərin fərqinə vara bilir, beləliklə, hətta özü də çıxış yolu tapmağı bacarır. İnsanları dinləmək üçün, ümumiyyətlə, dinləmə mədəniyyətinin formalaşması üçün qarşındakı müsahibinin yaşantılarını, duyğularını hiss etmək, anlayışla qəbul etmək çox zəruridir. İnsan digərinin dərdini, problemini həqiqətən hiss edərək, özü yaşayırmış kimi davranarsa, qarşısındakını anlayar və gərginlik, konflikt yaranmaz. Yəni qarşılıqlı münasibətlərdə empatiya hissi - özünü başqa insanın yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma duyğusu nə qədər inkişaf edərsə, cəmiyyətimizdəki gərginlik, neqativ yüklənmələr, stresslər bir o qədər azalar. İnsanlarda empatiya olduqca, dinləmə mədəniyyəti də formalaşır”.
Həmsöhbətimiz gənclərin özlərini arzularına uyğun realizə edə bilməsi üçün sevdikləri peşə ilə məşğul olmalarının vacibliyini diqqətə çatdırdı: “Arzum budur ki, gənclər hansı sahədə olmalarından asılı olmayaraq, işlərini sevən peşəkar mütəxəssislər olsunlar. Dahi Nizaminin dediyi kimi, “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.
Düşünürəm ki, gənclərimizin bu gün əsas problemlərindən biri də mütaliədən uzaqlaşmalarıdır. Demək olar ki, bu gün hamımız texnoloji əsrin qurbanlarına çevrilmişik. Bütün günü əlimizdə “ağıllı telefonlar” sosial şəbəkələrdəyik. Canlı ünsiyyətin yerini virtual və saxta münasibətlər zəbt edib. Sanki biz bir-birimizlə qarşı-qarşıya olmaqdan, üz-üzə gəlməkdən çəkinirik. Az qala, bütün günü virtual dünyanın içərisindəyik. Doğrudur, bəziləri deyə bilərlər ki, telefona elektron kitablar yükləyib oxumaqla məşğuldur. Ancaq gəlin, etiraf edək ki, elektron mütaliə nə qədər praktik və rahat olsa da, kitabın qoxusunu hiss edərək oxumağın əvəzi yoxdur. Kitabın özünəməxsus aurası var.
Bu günlərdə universitetimizə psixoloq gəlmişdi. Onunla söhbət zamanı bizə bildirdi ki, 17-24 yaşlı gənclər qrupu “niyə” sualları ilə çox qarşılaşır. Psixoloq dedi ki, həmin “niyə”lərə cavab tapmaq üçün çoxlu kitab oxumalı, səyahət etməli, müxtəlif maraqlı və bizi bilgiləndirən məşğuliyyətlərə üstünlük verməliyik. Əlbəttə, hazırda internetdə də suallarımıza cavab tapmaq, maairflənmək, öyrənmək üçün çox böyük potensial var. Lakin təbii ki, hər şey internetdən ibarət deyil. İnternet heç vaxt canlı insan yaşantılarının, səhvlərindən və düzlərindən öyrənərək qazanılmış həyat təcrübəsinin yerini verə bilməz. Bütün günü sosial şəbəkələrdə “oturub” faydalı həyat təcrübəsi qazanmaq, “niyə”lərimizə cavab tapa bilmərik, bu, boşuna vaxt itkisidir. Məncə, insanların canlı ünsiyyətdənsə virtual münasibətlərə üstünlük verməsi yadlaşmanı, soyuqlaşmanı daha da artırır. Bu zaman nitq də formalaşmır. Bu gün canlı insan emosiyalarının yerini mesajlar və insan emosiyalarını ifadə edən müxtəlif sosial şəbəkə smaylları tutub. Bu, təhlükəli tendensiyadır. İnsanları tənhalaşmaya, yadlaşmaya aparır.
Yaxşı olardı ki, gənclərimiz dostları, yoldaşları ilə canlı ünsiyyətə daha çox önəm versinlər, asudə vaxtlarını kitablarla, teatr tamaşaları, filmlərlə keçirsinlər. Gələcəkdə bundan həm özləri, həm də cəmiyyətimiz mənəvi mənada qazanar”.
Sevinc Abdullayeva, “İki sahil”