Elşad Əsgərov: Axar-Baxar və İlisu milli parkları iqlim dəyişmələrinin təsirinin yumşaldılmasında, genofondun mühafizəsində və regional sosial-iqtisadi inkişafın dəstəklənməsində strateji əhəmiyyətə malikdir
Azərbaycan Prezidenti İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Axar-Baxar və İlisu milli parklarının yaradılması ölkəmizin ətraf mühitin qorunması istiqamətində atdığı növbəti mühüm addım kimi qiymətləndirilir. Bu qərarın ekoloji əhəmiyyəti və region üçün strateji təsirləri ilə bağlı müxtəlif suallar gündəmə gəlir. Yeni yaradılacaq Axar-Baxar və İlisu milli parklarının ekoloji baxımdan hansı üstünlüklərə malik olduğu, bu ərazilərin milli park statusu almasının hansı təbii sərvətlərin qorunmasına xidmət edəcəyi və regionun biomüxtəlifliyi üçün nə kimi strateji əhəmiyyət daşıdığı geniş müzakirə mövzusudur. Bundan əlavə, bu ərazilərdə yaşayan nadir və endemik canlı növlərinin təhlükəsizliyinin təmin olunması, milli parkların ekoturizm sahəsində hansı imkanlar yaratması və bu imkanlardan səmərəli şəkildə istifadə etmək üçün nə kimi addımların atılmasının vacibliyi də mühüm suallar sırasındadır.
“İki sahil”in bütün bu məsələlərlə bağlı suallarını Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov cavablandırdı.
E. Əsgərov bildirdi ki, Axar-Baxar və İlisu milli parkları iki fərqli ekosistemi əhatə edir: "Birinci halda biz yarımsəhra, bozqır, arid və tuqay meşələrini mühafizəyə alan çox zəngin bir landşafta rast gəlirik. Burada Qanıx (Alazan) çayı boyunca uzanan tuqay meşələri fasiləsiz şəkildə ardıc və saqqız meşələrinə keçid alır. Daha sonra Əlican çayına qədər kəskin parçalı landşaft davam edir. Qanıx çayının deltasının parka daxil olması əraziyə həm biomüxtəliflik, həm də ekoturizm cəhətdən xeyli dəyər verir. Bu milli parkı həm su, həm də quru faunası baxımdan çox zəngin ərazidir. Parkın quru əraziləri sürünənlər üçün açıq səma altında bir muzeydir. Nadir quş növlərindən burada Qara leyləyin, İlanyeyən və İmperator qartallarının, Qara kərkəslərin yuvalarına rast gəlmişik. Axar-Baxar milli parkı Azərbaycanda yeganə ərazidir ki, orada 14 növ yırtıcı məməli növünə rast gəlinir. Onların arasında Ön Asiya bəbiri, Zolaqlı kaftar, Avropa vaşaqı və s xüsusi yer tutur".
Fərqli coğrafi şərait və təbii xüsusiyyətləri ilə seçilən digər milli park – İlisu isə tamamilə başqa bir ekosistemin qorunmasına xidmət edir. Həmsöhbətimizin sözlərinə görə, İlisu milli parkı eyniadlı qoruq ərazisində yaradılmışdır: "Bu milli park dağ meşələrini mühafizə edir. Qiymətli ağac növləri ilə zəngin olan bu meşələr, həmçinin bir çox heyvanlar üçün sığınacaq rolunu oynayır. Meşələr dağların yamaclarını eroziyadan qoruyur və ətrafda yaşayan əhalininin stabil olaraq içməli su ilə təmin olunmasında rol oynayır. Meşələrdə dırnaqlı məməli növlərindən Qafqaz nəcib maralına, Avropa cüyürünə, Köpgərə və s rast gəlinir".
Bütün bu ekoloji üstünlüklərlə yanaşı, milli parkın iqtisadi və sosial potensialı da diqqətdən kənarda qalmır. Elşad Əsgərov qeyd etdi ki, ərazinin turizm potensialı güclüdür: "Termal bulaqlar, yaşıl mühit, sərin hava sular, yerli əhalinin zəngin və özünəməxsus mətbəxi keçmiş zamanlardan bəri burada turizmin inkişafına şərait yaradır. Hər iki milli park heyvanların miqrasiya yolunda yerləşir və onlar üçün dəhliz rolunu oynayır. İqlim dəyişmələrinin təsirinin yumşaldılmasında, genofondun mühafizəsində, regional sosial-iqtisadi inkişafı dəstəklənməsində bu parkların strateji əhəmiyyəti vardır".
E. Əsgərov vurğuladı ki, növbəti mərhələdə işğaldan azad olunmuş torpaqlarımızda yeni xüsusi mühafizə edilən ərazilərinin yaradılması vacibdir: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımız meşə, şirin su, dağ şəmənləri kimi zəngin ekosistemlərə malikdir. Ona görə indidən oralarda qoruqların və milli parkların yadılması ön plana çəkilməlidir".
Nigar Orucova, "İki sahil"