Körpələr dünyaya göz açdığı zaman sıxıb saxladığı balaca yumruğuna anasının barmağı toxunur, bu əslində ananın övladına öz varlığını duyurmasıdır. Bunun nəticəsidir ki, övladınız sonralar da o dəstəyi, təsəllini, o hissləri yaşamaq istəyir. Ananın bu yumruğu açması o deməkdir ki, yığılan nə çətinliyin, ağrıların varsa, mən sənə hər zaman kömək edəcəyəm.
İlk dəfə iməkləyəndə, addım atanda gülərək valideynlərinə tərəf qaçan körpənin sevinci, ilk dəfə yemək bişirəndə keçirdiyi duyğunu anası ilə paylaşan qız, ilk dəfə dava edib, özünü qəhrəman kimi hiss edən, bununla qürur duyan oğlanın atası ilə təlaşlı söhbəti...
Hər deyiləsi söz içdə saxlandıqca yığılar, sonda kitab yaranar. Oxunulmayan, toxunulmayan və rəfin bir gözündə saralıb, unudulan kitab səhifələri.
Qocalığı yaşamaq hər kəsə nəsib olmasa da, hər birimiz zamanında uşaq olmuşuq. Həmin yaşda keçirilən hisslər haqqında empati qurmaq o qədər də çətin olmamalıdır.
Adi zarafata, hərəkətə gülümsəməsi, bizə asan gələnin ona çətin gəlməsi, hər şeyə rahat şəkildə inanması, saflığı, “cızdan” qorxması bizə yaxşı tanışdır.
Təbii ki, uşaqlıq məsumiyyəti daim bizimlə qalmır. Ömrümüzün hansısa çağında bizimlə vidalaşır. Bu məqam hər kəsdə bir zamana təsadüf edir.
Uşaq yaşlarında adi küləkdən belə qoruduğumuz övladlarımıza hər zaman diqqətli və ehtiyatlı yanaşmalıyıq. Yoxsa o adi külək sonradan qasırğaya, burulğana çevrilər. Bizdən alar onu. Heç nəyi sonralara saxlamayın. Gec ola bilər.
Unutmayın ki, bu həyatda övladınızın sağlamlığından, varlığından dəyərli heç nə yoxdur.
Onunla zaman keçirin, problemlərini dinləyin, söhbətləşin. Onunla böyük kimi danışın, davranın. Ona hörmət etdiyinizi büruzə verin. Ən əsası da onun varlığının sizin üçün dəyərli olduğunu ona hiss etdirin.
Hər məqamdan ötrü onu danlamayın, acılamayın. Çünki bu xırda da olsa iz qoyur, boşluq açır. Sonralar o boşluqlar uçuruma çevrilir. Sonda isə balaca bədənində dolmuş ürəklə o uçurumdan yuvarlanır. Bu isə faciə, həzin sondur. Övladınız üçün bu sonluğu cızmayın.
Uşağın təlim-tərbiyəsi valideynlərə, müəllimə əmanət olunub. Yəni,bu uşaq sizə bir əmanətdir, töhfədir. Əmanətə laqeyd yanaşmaq, diqqət etməmək, dəyər verməmək nə dərəcədə düzgündür.
Əslində intihar son məqamdır. Buna qədər bir neçə pillə var. Valideyn bu pillənin sonuncusunun fərqində olmamalıdır. Diqqət yerində olarsa, bu narahatlıq elə ilk pillədən özünü büruzə verərdi. İntihar təkcə bədənin deyil, hisslərin, ruhun, psixologiyanın, özündən yığdığı bütün mənfiliklərin intiharıdır, sonudur. Bu məqama gətirmək üçün bir səbəb kifayət deyil. Səbəblər lazımdır. Cəm halına gəlməsinə yol verməyin, tək halındaykən o səbəbləri yox edin. Öldü, getdi. Onunla bağlı sonra yoxdur. Geriyə qalan soyuq məzar və çərçivəli şəkillər olur. Sizi onlar təsəlli edə bilməz, övladı əvəz edə bilməz.
Sonradan özünüzü günahlandırmayın. İndi günahlandırın. Əlac qılın, çarə tapın. Onlarla ünsiyyət qurun. Sevginizi, qayğınızı, diqqətinizi hiss etsin. Onun varlığının valideyni üçün gərəkli olduğunu hiss etdirin. Səhvlərini bağışlayın. Allah bəndələrinin günahını bağışlayırsa, biz nə çarəyik ki, bir-birimizin səhvini bağışlamayaq. Ona qarşı qəzəb, əsəb sərgiləməyin, kövrək qəlbi, məsum hissləri bunu qaldıra bilməz axı?
Qarşınızda günahkar kimi durub, gözlərinin yaşla dolması, dodaqlarının titrəməsi, “bir də olmayacaq”, “bağışla”, “əsəbləşmə” deyərək sizi sakitləşdirməyə çalışması insanı nə qədər duyğulandırır. Heç nə onun sağlığından, sağlamlığından dəyərli ola bilməz. Hər gün əla qiymətlər almaq onu yaxşı övlad etmir. Birinci, siz yaxşı valideyn olun, onun məktəbdəki problemləri, dostları, əyləncələri ilə maraqlanın.
Onu güldürən, ağladan hər şeydən xəbərdar olun. Sevincinə şərik, dərdinə həmdərd olun. Elə ilk səhvində onu “künclə” cəzalandırmayın. Küncə çevirdiyiniz təkcə onun üzü deyil, arzusu, ümidi, qüruru, sevgisidir. Əslində, siz belə edərək onun mənəvi aləmini dağıdırsınız.
“Ağıllı telefonları” əllərinə verib, onları ağılsızlığa doğru yollamayın. Qoyun bunun üçün sizdən bir az küssün, incisin, danışdırmasın. Yemək belə yeməsin. Amma smartfon qarşılığında istədiklərinizi elətdirməyin. Smartfon hədiyyə, priz deyil ki, onunla da mükafatlandırasınız.
Hər nə olursa olsun, övladlardan əziz tutmayın. İçinizdə onlara qarşı həmişə inam və güvəniniz olsun. Sizin sevginiz, diqqətiniz qədər körpələrinizi heç nə xoşbəxt edə bilməz.
Yaqut Ağaşahqızı, “İki sahil”