22 aprel 2019 10:56
3138

Mobil telefonlarımızı qeydiyyata saldırmasaq...

“Ağıllı telefon” alarkən diqqət etməli olduğumuz önəmli nüanslardan biri də  telefonların rəsmi şəkildə qeydiyyata alınmasıdır. Təbii ki, bir çox  alıcı ya bilərəkdən, ya da bilməyərəkdən bu qaydaya əməl etmir. Beləliklə, onların telefonuna aldığı  zamandan 15 gün keçəndə xəbərdarlıq mesajı  gəlir. Telefon qeydiyyatdan  keçirilməzsə, o zaman  avtomatik olaraq, həmin telefon  “qara siyahı”ya əlavə olunur. Yəni  bloklanır və istifadəsi məhdudlaşdırılır.

Bəs bu kimi halların yaşanmaması üçün nə etmək lazımdır?

İnformasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Namət Məmmədzadə mövzu ilə bağlı  “İki sahil”ə açıqlamasında bildirdi ki,  ilkin olaraq satış ilə məşğul olan şirkətlər  telefonları qeydiyyatdan keçirməlidir: “Bu onların  vəzifə borcuna daxildir. Həmçinin telefon sahibinə də  onun qeydiyyatı barəsində sənəd təqdim edilməlidir. Əgər satıcı bu sənədi təqdim edə bilmirsə bu, birbaşa həmin telefonun qeydiyyatda olmasını şübhə altına alır. Bu zaman  vaxt itirmədən başqa satış nöqtəsinə müraciət etmək lazımdır. Alıcılar bu haqda məlumatsız olduqlarını  səbəb gətirirlər. Fikrimcə, bu daha çox bəhanədir. Məsuliyyətsiz və məlumatsızlıq  yüksək pul xərcləyib aldığınız telefonun sonda bloklanıb, istifadəyə  yararsız olmasına gətirib çıxaracaq.”

Həmsöhbətimiz bu halların qarşısının alınması ilə bağlı tövsiyələr verdi: “Mobil cihazların qeydiyyat sistemi (MCQS) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılıb. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.Bu Qayda Respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər. Qeydiyyat sistemi istismara başladığı tarixədək Azərbaycanda mobil rabitə şəbəkələrində istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab edilir. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali qaynar xətdən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda, mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə bilərlər.”

Ekspert,  istifadəçilərin necə İMEİ kodu əldə edə bilmələrindən də bəhs etdi: “Mobil cihazlardan *#06# yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar. www.imei.az internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə bilərlər. Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.

İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Qeyd olunduğu kimi, mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılmışdır. Bununla bağlı MHM-də mərkəzi baza sistemi quraşdırılıb. Eyni zamanda, mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılıb və mərkəzi baza sistemi ilə uyğunlaşdırılıb.Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulub.Sevindirici haldır ki, belə bir sistemin proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb.”

Namət Məmmədzadə  onu da qeyd etdi ki, bu mövzu ilə bağlı yetərli məlumatı olmayan insanlar məlumat mərkəzinə stasionar şəbəkədən təkcə 157 nömrəsini, mobil telekommunikasiya şəbəkələrindən (012) 157 yığmaqla  zəng edə bilərlər. Hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 (otuz) gün müddətində müvafiq qaydada qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun İMEİ nömrəsi qara səhifəyə daxil ediləcəkdir. Qeydiyyatla bağlı tələb olunan sənədlərlə birgə (o cümlədən, pasportun əslini) qeydiyyat mərkəzinə və ya poçt şöbələrinə müraciət edilməlidir. Mobil cihazların qeydiyyatının aparılması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də fiziki müraciət etməklə aparılır. Elektron müraciət - www.smartpay.az və www.imei.az saytlarından yazılı müraciət etməklə  və ya Şəbəkə Xidmət Mərkəzləri və ya  poçt şöbələri vasitəsilə.

Ekspert sonda bunları da əlavə etdi ki, bəzən alıcılara qiymətin daha aşağı olması sərf edir: “Bunun üçün də qeydiyyatla maraqlanmırlar. Lakin unutmayaq ki, sonda bizi nələr gözləyir. Bu isə heç də doğru yanaşma deyil.”

Yaqut Ağaşahqızı, “İki sahil”