KÖŞƏ

Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
Jurnalist Həmkarlar İttifaqının sədri

22 iyul 2019 10:12
4928

Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?

"Mən vəziyyətin dəyişə biləcəyinə işarə verən əlamətlər görürəm. "Turan" agentliyinin, "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətlərini bərpa etməsi məndə belə ümidlər yaratdı. Düşünürəm ki, onların fəaliyyətlərini bərpa etməsində ölkə rəhbərliyinin ortaya qoyduğu fərqli iradə rol oynadı.... Ancaq hakimiyyət daxilində həmin KİV-lərin fəaliyyətindən heç də razı qalmayan vəzifəli şəxslər var.

Vaxtilə "Turan" agentliyinin, "Ayna" və "Zerkalo" qəzetlərinin bağlanmasına nail olmuşdular. Onlar yenə məqam gözləyirlər. Əgər onların bu cür fəaliyyətlərinə imkan verilərsə, xoşagəlməz proseslər davamını tapacaq".

Bu fikirlər özünü "mediatexnoloq", "müstəqil media eksperti" kimi təqdim edən "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevə məxsusdur. Milli Mətbuatın 144 illiyi ilə bağlı müsahibədə Azərbaycan mediasının mövcud durumunu qiymətləndirərkən belə deyib. Təqdim etdiyimiz qısa sitat, ümumilikdə müsahibənin motivini təşkil edir, oxucuya belə fikir aşılanır ki, Azərbaycan Prezidenti medianın qayğısına qalır, medianın inkişaf edib dünya çapına çıxmasına çalışır, amma Prezidentin media siyasətini icra edənlər ya səriştəsiz, ya da qərəzli yanaşma ilə bu səyləri heçə endirirlər, medianı "belə günə qoyurlar".

Eyni fikirlər, kosmetik dəyişikliklərlə Qulu Məhərrəmlinin "versus.az " xəbər saytına verdiyi müsahibədə, Elçin Şıxlının telemüsahibəsində təkrar olunur. "Belə mətbuatın nəyini təbrik edəsən?" başlığı ilə yayımlanan müsahibədə Qulu Məhərrəmli simvolik fərqlərlə Arif Əliyevin tezislərini təkrarlayıb.

Müsahibələr tezislərin təkrarlanması ilə yanaşı, eyni tarixdə yayımlanmaları, eyni hədəfləri vurmaları ilə diqqət çəkirlər. Kimsə iddia edə bilər ki, 2 gün sonra Milli Mətbuatın 144 illiyi tamam olur, müsahibələr bu məqsədlə verilib, tarixlər də bu baxımdan üst-üstə düşür. Amma deyil: bu fikirlərin nə Milli Mətbuat Gününə, nə də medianın mövcud durumuna aidiyyatları yoxdur. Bunlar bir " mediatexnoloq"un, "müstəqil media eksperti"nin də fikirləri deyil. Mediaya verilən "siyasi qiymətdir", büsbütün siyasi mesajlarla doludur; konkret ünvanlara hədəflənib. Media eksperti siyasi oyunlara girişməz, siyasi oyunlara alət olmaz, siyasi qurupların təbliğatçısına çevrilməz. Bu müsahibələr isə əksinə, məhz siyasi oyunlara hesablanıb. Eyni tezislər, təqribən 2017-ci ilin ortalarından başlayaraq, intensiv şəkildə gündəmə gətirilir, vahid mərkəzdən idarə olunur:

"Azərbaycanda islahatlar başlayıb, bu islahat hökumətin media siyasətini icra edənləri da vuracaq" deyə bir fikir aşılanır cəmiyyətə. Media caməsində olub, bu şayiələri eşitməyən, fürsət düşən kimi qolundan çəkilib "sən də gəl bizə qoşul" təklifini almayan qalmayıb, yəqin ki. Prezidentin başlatdığı islahat dalğasını fürsət bilib keçmişini gizlətmək, özünə yer tutmaq istəyənlər çoxalıb, "suyu bulandırıb balıq tutmaq" istəyənlər az deyil. Olsun, islahatı hamı dəstəkləyir, hər kəsin hansısa vəzifəyə təyinat almaq, hansısa prosesdə iştirak etmək haqqı var. Amma bunun üçün yalan danışmaq, cəmiyyəti aldatmaq, kimlərinsə əməyini yerə vurmaq, haqqını danmaq, kimlərisə öz toruna salıb naməlum istiqamətə sürümək, bədbəxt edib yarı yolda buraxmaq şərtdirmi? Yaxud, hansısa qrupun oyunçusuna çevrilmək, alət olmaq şərtdirmi?

Qoy əksini desinlər, isbat etsinlər ki, gördükləri iş kampaniya deyil, siyasi məqsəd daşımır, səmimi şəkildə medianın problemlərini çözmək istəyirlər; üç şəxsin müsahibəsi də ya təsadüfən, ya da mətbuat günü ilə bağlı olaraq üst-üstə düşüb. Əgər belədirsə, onda bir həftə öncə Aslan İsmayılovun verdiyi müsahibəni necə şərh edək? Aslan İsmayılov cəmi bircə həftə öncə özünün sosial şəbəkələrdə yaydığı müsahibəsində deyir: " Elçin Şıxlı, Mehman Əliyev, Qulu Məhərrəmli, Arif Əliyev birlikdə Əli Həsənova qarşı qəti mövqe ortaya qoymalıdırlar....". Adam komanda verir, icraçılar da dərhal hərəkətə keçirlər, bir gündə hamısı müsahibə verirlər və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin, media siyasətinin icraçısının fəaliyyətini pisləyirlər. Təsadüfidirmi? Əgər belədirsə, niyə açıqlama verib Aslan İsmayılova "biz sənin əmr qulların deyilik" demirlər?

Əvəzində, Aslan İsmayılovun tezislərini öz müsahibələrində olduğu kimi təkrarlayırlar. Bu müsahibələrin kampaniya xarakterli olmasını isbatlayan arqumentlər yetərincədir, hamısını sadalamaq lüzumsuzdur. Bizim diqqət yetirmək istədiyimiz məqam müsahibələrdə əks olunan tezislərin nə dərəcədə "obyektiv" və "səmimi" olmalarıdır.

Prezident haqqında iki təzadlı tezis

Arif Əliyevin son müsahibəsində ölkə Prezidentinin fəaliyyətini "təqdir edib", mediaya yönəlik qərarlarını "dəstəkləyib". "Yeni Nəsil" JB sədrinin fikirlərindəki bu yeniliyi təqdir edirik, onun dönüş etməsinə sevinirik. Amma o öz fikrində nə qədər səmimidir? Məqsədi Prezidenti təqdir etməkdir, yoxsa müvəqqəti manevr edib iqtidarın monolit komandasında parçalanma yaratmaq, ayrı-ayrı məmurları cəmiyyətin gözündən salmaq, sonda Prezidentin kadr siyasətini pisləmək? Onun Prezident haqqında fikirləri ilə tanış olmaq üçün çox yaxın keçmişə səyahət edək. 2016-cı ilin aprel ayında, Azərbaycan xalqı və dövləti üçün çox həssas məqamda, aprel döyüşləri zamanında "Azadlıq" qəzeti "mediatexnoloqdan" müsahibə alır (http://www.azadliq.info/130389.html 16 Aprel 2016 08:10). Müsahibənin adı belədir: "Hakimiyyətin islahatlara getmək potensialı yoxdur" . Yarımbaşlıq isə belə təqdim olunur: "Əli Kərimliyə hücum hakimiyyətin Qarabağa dair qeyri-populyar qərar hazırlamasıyla da bağlı ola bilər".

Arif Əliyevin aprel hadisələri günündə verdiyi müsahibənin motivi budur ki, hakimiyyət komandası "Qarabağı ermənilərə güzəştə getməyə hazırlaşır, xalqın bu güzəştdən xəbər tutmaması, etiraz etməməsi üçün medianı öldürürlər".

Guya AXCP sədri Əli Kərimli Prezidentin " bu siyasətinin qarşısını alımaq istəyir, Qarabağın satılmasına mane olmaq istəyir, ona görə də hakimiyyət Əli Kərimli üzərinə hücuma keçir". Müsahibə boyunca hakimiyyətin ordu quruculuğu ən kəskin şəkildə pislənilir, ordu siyasətini icra edən şəxslər ən kəskin ifadələrlə tənqid edilirlər. Necə ki, indi hakimiyyətin media siyasətini icra edənlər pislənilirlər.

Başqa bir həssas dövrü, 2013-cü ilin prezident seçkiləri dövrünü nəzərdən keçirək. Seçkidən 2 ay öncə 2013-cü ilin sentyabr ayında Arif Əliyev dövrün populyar KİV-lərindən olan "mediaforum.az" saytına müsahibə verib

(mediaforum.az/az/2013/07/05/%C4%B0 brahimb%C9%99yovun-d%C3%BCnyan%C4%B1n-adam%C4%B1-oldu% C4%9Funa-inanmaq-112158269c02.html#.Udw_8DvwnSg).

Müsahibənin başlığı belədir: "İbrahimbəyovun "dünyanın adamı" olduğuna inanmaq daha asandır". A.Əliyev müsahibə boyu hakimiyyətin seçki hazırlığını pisləyib, İlham Əliyev komandasını avtoritar olmaqda ittiham edib, onun alternativlərini, "Milli Şurada" birləşənləri və Milli Şuranın prezidentliyə vahid namizədi olan Rüstəm İbrahimbəyovu təqdir edib, onu "dünyanın adamı" kimi şərəfləndirib. "Mediatexnoloq" həmin müsahibədə də Prezidentin komandası haqqında kəskin fikirlər deyib, xüsusən seçkiyə cavabdeh olan məmurları yarıtmaz adlandırırdı. 
Geriyə getmirəm, çünki vəziyyət daha da qəlizləşir. Hesab edirəm ki, çox dərinə getmədən belə, Arif Əliyevin Prezident haqqında təsəvvürlərini aydınlaşdırmaq mümkündür.

O, 6 il əvvəl Prezident komandasının seçki məsələləri üzrə məsul üzvlərini (həmin şəxslər bu gün də seçki prosesinə məsuldurlar), 3 il öncə Prezident komandasının hərbi məsələlər üzrə cavabdeh üzvlərini (həmin şəxslər bu gün də hərbi məsələlərdə məsuldurlar), daha sonra Prezident komandasının media məsələləri üzrə məsul üzvlərini (həmin şəxslər bu gün də media məsələləri üzrə məsuldiurlar) ən kəskin ifadələrlə tənqid və təhqir edir. A. Əliyev 2013-cü il müsahibəsində deyir: "Seçkilər yaxınlaşdıqca görünür ki, iqtidar qüvvələri vahid platformaya gəlməyiblər, əvvəlki birlik və vahidlik görsənmir. Uzun illər baş verən daxili çəkişmələr orta səviyyəli rəhbərlərin, biznes dairələrinin narazılığını artırıb... Həlledici amil, əlbəttə ki, Rüstəm İbrahimbəyovun şəxsiyyəti ola bilər". Adam bütün varlığı ilə İlham Əiyev hakimiyyətinin əvəzlənməsini arzulayır, bu yolda çalışır, ictimai rəyi istiqamətləndirir. Arzuları doğrulmayanda isə fərqli taktika seçilir, iqtidar komandasının ən sadiq üzvləri hədəfə götürülür, cəmiyyətin gözündən salınır, hakimiyyət komandasında parçalanma, etimadsızlıq mühiti yaradılmasına cəhd göstərilir. Belə açıqlamalarla cəmiyyətə "Prezident öz ətrafına gərəksiz adamları toplayıb" mesajı verən Arif Əliyev ölkə Prezidentini təqdirmi edir? Bu, rus misalında deyildiyi kimi, naşı siyasətçilikdən doğan "ayı xidmətidir", yoxsa cəmiyyəti çaşdırıb özünə yer tutmaq üçün istifadə edilən taktika? Müsahibələri oxuyarkən, ikinci tezis öz təsdiqini daha çox tapır. Olsun, hər kəsin bir komandada təmsil olunmaq, hakimiyyətə gəlmək, siyasi mübarizədə iştirak etmək hüququ var. Amma burada bir dürüstlük olmalıdır. Sən bir müsahibədə Prezidenti və onun komandasını ən kəskin şəkildə pisləyirsən, əvəzlənməsini arzilayırsan, bunu Azərbaycanın qurtuluş resepti kimi təqdim edirsən, digər müsahibəndə isə Prezidenti təqdir edib, onun komanda üzvlərini aşağılayırsan. Belə siyasət olurmu? Jurnalistlərin etik kodeksindən götürülmüş bir tezis var, Qulu Məhərrəmli onu tez-tez təkrarlayır, sonuncu müsahibəsində də təkrarlayıb: "Jurnalist vicdanlı, dürüst, əxlaqlı olmalıdır". Nəzərə almaq lazımdır ki, bu tezis təkcə jurnalistlər üçün deyil, media industriyasında təmsil olunan hər bir şəxs, o cümlədən media ekspertləri üçün keçərlidir. 
Azərbaycan mediasının xaricə çıxışını kim əngəlləyir? 
Siyasətlə işimiz yox. Arif Əliyevin siyasi proseslərlə bağlı fikirlərini şərh etmək həmin sahənin təmsilçilərinin üzərinə düşür. Bəlkə bilmədiyimiz daha dərin mətləblər var? Bəlkə ildə bir siyasi əqidəni dəyişmək siyasi etiketin tələbidir? Bəlkə, doğurdan da, belələrini səmimi qəbul edib inananlar var? Bizim işimiz deyil.

Toxunmaq istədiyim məqam müsahibədə medianın mövcud durumu ilə bağlı deyilənlərdir. Arif Əliyev və təriflədiyi komanda üzvləri mütəmadi olaraq KİVDF-nin və Mətbuat Şurasının fəaliyyətini gündəmə gətirirlər, onları tənqid edirlər, bu tənqidlərini də "hakimiyyətin media siyasətinin icraçılarının yarıtmaz əməlləri ilə" əlaqələndirirlər. Qeyd edirlər ki, əgər KİVDF ona ayrılan maliyyəni düzgün sərf etsəydi, Azərbaycan mediası "bu gündə olmazdı", "beynəlxalq aləmə çıxa bilərdi", "ölkə daxilində ictimai rəyə sahiblənə bilərdi" və sair. Bu iradlara dəfələrlə cavab verilib, həm də tutarlı cavablar. İnternetdə axtarış verib tanış olmaq mümkündür. Mənim deyəcəklərim bir az fərqlidir. Əvvəla, Azərbaycan mediası ölkə daxilində ictimai rəyə sahiblənib, özü də çox peşəkar səviyyədə. 2015-ci ilin Bakı I Avropa Oyunları zamanı, 2016-cı ilin aprel döyüşləri zamanı, 2018-ci ilin prezident seçkiləri hədəf alan "söyüş kampaniyası" zamanı Azərbaycan mediasının sərgilədiyi mövqe, ictimai rəyin sabit tutulması yönündə apardığı mübarizə yaddaşlardadır. Hücum elə başlamışdı ki, Arif Əliyev və onun təriflədiklərinin ümidinə qalsaydı, indi çox şey fərqli olardı. Bəlkə Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Mehman Əliyev cavab verdi "söyüşçülərə"? Bircə yazıları, iradları, cavabları, barışdırıcılıq təşəbbüsləri oldumu? Varsa belə cavabları, heç olmasa bircə nüsxəsini göstərsinlər, biz də bilək. Axı həmin söyüşçülər ölkə Prezidentini, onun seçkisini, I Vitse Prezidenti, Azərbaycan dövlətini, xalqını... hədəf almışdılar. Niyə qalxıb bircə kəlmə demədiniz, səsinizi çıxarmadınız? Budurmu Prezidentə dəstək, təqdir? Yaxın bildiklərinizə danışmışdınız, onlar da sağa-sola dağıdırdılar: demişdiniz ki, biz niyə cavab veririk, qoy özləri cavab versinlər! Çox dəqiq ifadədir, xarakterinizi tam açır, Siz həmişə belə düşünmüsünüz: dövlət pul, qrant versin, vətəni müdafiə edək; əks tərəf pul, qrant versin, vətəni söyək. Belə prinsip olmaz. Belə düşündüyünüz üçün də etimad qazanmamısınız. Sizlər, 1992-cı ildən 2008-ci ilə qədər Azərbaycan mediasının üst qatında olmusunuz, medianı idarə etmisiniz. Əgər etimad qazana bilsəydiniz, media layihələri Sizin vasitənizlə icra olunardı. Media üzrə ən böyük layihələr, məhz sizlərin gedişindən sonra icra edilib. Deməli, sizlərə yox, sizlərdən sonrakılara etimad göstərilib. 
Azərbaycan hökuməti olmasa da, xaricilər etimad göstərib Sizə. 1996-cı ildən 2008-ci ilə qədər xarici donorlar tərəfindən Sizin vasitənizlə 150 milyon dollardan artıq vəsait xərclənib Azərbaycan KİV-lərinə.Təqribən 300 milyon manata yaxın. Hanı dayanıqlıq? Göstərin, o KİV-lərdən birini nümunə olaraq. Hamısına layihə yumaq, fırdi spöhbətlərdə istifadə etdiyiniz istilahla ifadə etsək, "xımır-xımır yemək" üçün vasitə kimi baxmısınız. Layihə olub, çalışıblar, olmayıb, atmısınız daşını.

KİVDF vasitəsilə Azərbaycan mediasına 10 il müddətində ayrılan vəsait sizin vasitənizlə ayrılan vəsaitdən düz 10 dəfə azdır, cəmi 30 milyon manat. KİVDF-nin vəsait ayırdığı KİV-lər hamısı ortadadır, Azərbaycan cəmiyyətini informasiya ilə təmin edirlər, informasiya məkanını qoruyurlar. 
Bəs sizlərin icra etdiyiniz layihələrdən gündəmdə qalan nə var? Nə yetişdirmisiniz 12 il ərzində, 1996-cı ildən 2008-ci ilə qədər? Əslində var nümunələr, amma ürək açan, üz ağardan deyillər.

Siz "unutsanız" da, mən xatırlayıram. 90-cı llərdə Orduxanları yetişdirmisiniz: küçəyə çıxıb "polisə daş atan jurnalistləri". 2000-ci illərin əvvəllərində Emin Hüseynovu və onun bənzərlərini yetişdirmisiniz. İnkar etməyin: indi təriflədiyiniz Mehman Əliyev Emin Hüseynovun əlindən tutub, donor təşkilatlara bir-bir təqdim edib. Gözümüzün qabağında olub bütün bunlar. Son 3 il ərzində də İkram Rəhimovu gətirmisiniz mediaya, "hinduşka alverçisini". Onu da Sizin Media Kulub və "Turan" Agentliyi sırıyıb mediaya. İkram həbs ediləndə Siz 3 dildə informasiya yayıb onu "Azərbaycanda tənqidçi jurnalist həbs olundu" kimi təqdim etmisiniz. İndi nə Orduxan var, nə Emin var, nə də İkram. Ona görə deyirsiniz ki, "Azərbaycan mediası bu günə düşüb".

Azərbaycanın, Sizin anlayışınızda "bu günə düşmüş mediası" Sizin yetişdirdiyiniz mediadan daha çox faydalı olub vətən üçün, peşəkar olub, milli olub.

Azərbaycan mediasının xaricə çıxışına gəlincə. Əvvəla bu gün Azərbaycan KİV-ləri beynəlxalq media məkanına inteqrasiya etmək yolunda sürətlə irəliləyirlər. Nailiyyətlər də var, kəm-kəsirlər də. Amma Azərbaycan KİV-i barədə 10 illər boyunca xaricdə, beynəlxalq təşkilatlarda elə imic yaradılıb ki, bu imici dağıtmaq və əksini sübut etmək asan deyil. Vaxt, zaman, imkan və davamlı cəhd lazımdır. Kim yaradıb o neqativ imici? Əlimizi vicdanımızın üzərinə qoyaq və bu sahədə səmimi danışaq. Bu sahədə Sizin yaddaşınızı təzələmək üçün 2013-cü ildə yaydığınız bir relizdən ayrılmış parçanı təqdim edirəm. Azərbaycan mediası barədə beynəlxalq təşkilatlara göndərdiyiniz hesabatla tanış olun. Xatırlayın ki, Ermənistanın yanında aşağıladığınız, Ermənistandan ucuz tutduğunuz Azərbaycan barədə bu imici Sizlər yaratmısınız. Mətbuat üçün açıqlamada deyirsiniz ki, bu cür hesabatları hər 3 ayda bir dəfə yeniləyirsiz. Tam dəqiqdir. Beynəlxalq hesabatlarda, harada ki, Azərbaycan adı əskik tutulur, qeyri-real arqumentlər təqdim edilməklə adımız Ermənistandan geri yazılır, hamısının altında sizin imzanız var, hamısı sizə istinadla qurulur. Amma bircə faktı unudursunuz ki, bütün bunlar tarixə yazılır, zamanında ictimailəşdirilib, mətbuatın səhifələrində yer tutub. Bu arxivlər bir gün açılır, kimliyiniz ortaya çıxır. Nə Mətbuat Şurası, nə KİVDF, nə də başqa vicdanlı bir təşkilat beynəlxalq təşkilatlara donos yazmayıblar, Azərbaycan adını Ermənistan adından aşağı tutan siyahılara imza atmayıblar, sonra da bu imicin dəyişdirilməsinə yardım etmək adı ilə dövlətdən qrant istəməyiblər. Bunları sizlər etmisiniz, bu dövlətin, millətin, hakimiyyətin adını həmişə aşağılamısınız, bu dövlətə, elə həmin dövrdə də, indi "təqdir etdiyiniz" Prezident rəhbərlik edib. Sadəcə qrant almaq üçün ölkəni bu qədər ucuz tutmaq olarmı? Bu yanaşma ilə Siz kimə xidmət edirsiniz? 
PS. Zərurət olsa, relizin tam mətnini və yayıldığı KİV-lərin linklərini də Sizə göndərə bilərəm. Qısa versiyası ilə tanış olun.

"Yeni Nəsil" Azərbaycanın media azadlığı indeksini açıqlayıb"

2013-09-03 - 14:57:00
Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Ukrayna və Moldovanın jurnalist təşkilatları Avropa İttifaqından dəstəklənən "Avropa qonşuluq siyasətinin Şərq regionunda söz azadlığının monitorinqi" layihəsi çərçivəsində media azadlığı indeksləri hazırlayırlar. İndekslər hər üç aydan bir təzələnəcək, yerli ictimaiyyətə, beynəlxalq təşkilatlara, o cümlədən ümumavropa təsisatlarına təqdim olunacaq.

"Yeni Nəsil" Jurnalistlər Birliyi Azərbaycan üzrə ekspert sorğusu əsasında tərtib olunmuş ilk media azadlığı indeksini açıqlayıb. Sorğu 2013-cü il iyunun 22-25-də keçirilib. Tədqiqatda siyasi təşkilat və dövlət orqanlarında təmsil olunmayan, öz sahəsində azı 5 il iş təcrübəsinə və kütləvi informasiya orqanları ilə daimi əlaqələrə malik hüquq müdafiəçiləri, hüquqşünaslar, sosioloqlar, ictimai xadimlər və jurnalistlər iştirak ediblər......

Ölkə Reytinq İndeks
Gürcüstan 1222 6
Moldova 1111 5
Ermənistan 912 4
Ukrayna 797 4
Azərbaycan 523 3
Belarus 414 2