KÖŞƏ

Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
Jurnalist Həmkarlar İttifaqının sədri

“Silahlı dəstə”  ittihamının  sirri çözüldü: yeni qalmaqal gəlir

04 sentyabr 2019 15:13
4787

AXCP sədrinin bəyanatı  ilə Clive Dunnın paylaşımları təsadüfdən uzlaşmayıb

Həmişə belə olur: günlərin birində müxalif düşərgədən kimsə səhər oyanır,  yuxuda görübmüş kimi, gündəmə aidiyyəti olmayan bir mövzudan danışır,  bir-iki nəfər özü düşüncəli  şəxs  ona yan tutur və məsələ “unudulub gedir”.  Bir müddət sonra isə Avropada kiminsə  “qəflətən yadına düşür ki”, bəs Azərbaycanda filan vaxt filan məsələ “baş verib”, münasibət bildirmək lazımdır. Beləcə,  şübhə etdiyimiz,   ciddiyə almadığımız bir “olay” dönüb-fırlanır, beynəlxalq təşkilatların gündəminə daşınır, Azərbaycan əleyhinə bəyanata, hesabata çevrilir və pasportlaşır.  İndi  həmin günlərdən və anlardan birini yaşayırıq.

AXCP sədri Əli Kərimli   iddia edir ki, “Hökumətin əlisilahlı yandaşı, Fuad Muradov”  adlı şəxs AXCP funksioneri Nicat Abdullazadəni ölümlə hədələyib, evinə basqın edəcəyini bildirib.  O və “Radikal düşərgə” təmsilçilərindən ibarət yandaşları   Fuad Muradov adlı şəxsin kimliyinin araşdırılmasında maraqlı deyillər. Belə bir araşdırma edənləri  və ya  araşdırma təklifi  irəli sürənləri də öz trolları vasitəsilə yanar oda salırlar, haqqında hədyanlar yazır, “hökumətin müxalifət üzərinə hücumuna  haqq qazandırmaqda” qınayırlar. Qarşı tərəf də abırına qısılıb kənar  çəkilir. “Radikallara”  da bu lazımdır. Bu yolla  mövzunu  dəyişirlər.  Fuad Muradov personası “yaddan çıxır”.   Gün keçəcək, ay dolanacaq, baxacaqsan ki, hansısa “nüfuzlu beynəlxalq təşkilat”   həmin “fakta”  istinad edib Azərbaycan hakimiyyətini  “qanunsuz silahlı dəstələr yaratmaqda, müxalifət təmsilçilərinə qarşı basqınlar qurmaqda”  ittiham edəcək.

Simptomları görünür artıq. Əgər sosial şəbəkələrdəki  “müzakirələrə” diqqət etsəniz, görəcəksiniz ki, Əli Kərimlinin tərəfdarları  Fuad Muradov adlı şəxsin  “tapılıb cəzalandırılmasını” tələb etmirlər, ondan nə üçün belə bir açıqlama yazmasına görə hesab sormurlar, ümumiyyətlə, onun hər hansı bir açıqlama verib mövqeyini izah etməsinə maraq göstərmirlər.  Bütün müzakirələrdə hədəf   Fuad Muradovun hansısa yolla “hakimiyyətə bağlanılmasıdır”,  silahlı fotonun  hakimiyyətə qarşı “silahlı dəstə qururlar” ittihamına çevirməsidir.

 Bilirlər ki, yalandır, bu versiyalar qondarmadır. Əksinə,  xalqın mövcud iqtidarı dəstəkləməsinin, AXC-Müsavat  hakimiyyətindən üz döndərməsinin  əsas səbəblərindən biri  də məhz 1992-1993-cü illərdə mövcud olan özbaşınalığa son qoymasıdır, qanunsuz silahlı dəstələri  zərərsizləşdirməsidir, mübahisələrin hüquqdankənar formalarla həll edilməsini  aradan qaldırmasıdır, kriminogen duruma nəzarət edə bilən güclü hüquq mühafizə sistemi  qurmasıdır.  “Fədailər qrup”ları yaratmaq, indi bu ittihamı mövcud hakimiyyətə qarşı irəli sürənlərin özlərinin dünyagörüşünün məhsuludur. Həmin dünyagörüşdən hələ də kənara çıxa bilmirlər.

Digər tərəfdən, aşkara çıxdı ki, Fuad Muradov  AXC-Müsavat iqtidarı dövründə silahlı dəstələrdən birinin rəhbəri olmuş  Alik Muradovun oğludur. O,  psixoloji dünyagörüşü  baxımdan AXC-yə,  bugünkü AXCP sədrinə daha yaxındır.  Deməli,  Əli Kərimlinin Muradovu  “öz düşərgəsindən çıxarıb”   mövcud hakimiyyətə yaxın bir çevrədə yerləşdirməyə cəhd göstərməsində konkret   qəsdi var.  Nədir bu qəsdin məğzi?

Bəli, yanılmamışıq. Bu açıqlama təsadüfdən gündəmə çıxmayıb, unudulası da deyil. Həmişəki kimi  qərəzli, uydurma, amma genişmiqyaslı bir qarayaxma kampaniyasının başlanacağının  simptomlarıdır.

AXCP sədrinin “Fuad Muradovun silahlı dəstəsi”  açıqlaması ilə  sinxron baş verən hərəkətlər ortaya çıxıb. 

Böyük Britaniya vətəndaşı, aktiv sosial şəbəkə istifadəçisi  olan  Clive Dunn adlı şəxs  Azərbaycanın əleyhinə məqalə paylaşıb. Şərq-müsəlman dünyası  əleyhinə paylaşımları ilə tanınan və  paylaşımlarının 95 faizi siyasi mövzularda olan  Clive Dunn indi də bolqar jurnalist Dilyana Qaytancıyevanın müəllifi olduğu “Terrorçular üçün silah daşıyan 350 diplomatik uçuş” başlıqlı məqaləni yenidən  yayımlayıb. Məqalədə iddia olunur ki, “3 il boyunca Azərbaycandan Silk Way vasitəsilə münaqişə zonalarındakı terrorçulara silah daşınıb”. Müəllif iddia edir ki, Bolqarıstan və Azərbaycan XİN arasındakı sənədləri ona anonymous Bulgaria adlı tvitter hesabı göndərib. O,  “yüzlərlə ton silah daşıyan təyyarələrin”  aeroportlarda  orta yerlərdə, sərnişin təyyarələrinin  arasında dayandığı üçün”  təhlükənin miqyasının daha da artdığını qeyd edib. Əlavə edir ki, “İri dövlətlər  buna göz yumublar”.  Sənədlərdə bu silahlarla bağlı razılaşmaların olduğu da qeyd edilir. 

Maraqlıdır ki, bolqar jurnalist tərəfindən xeyli əvvəl yazılan, amma təkzib olunan  məqalə, bu günlərdə tvitterdə Clive Dunn tərəfindən yenidən paylaşılıb və bu paylaşımdan sonra  Azərbaycan barədə qondarma ittihamlar yenidən gündəmə gəlib. Ən maraqlısı isə budur ki, Clive Dunnın paylaşması ilə AXCP sədrinin “Fuad Muradovun silahlı dəstəsi”  açıqlaması eyni tarixə təsadüf edir: hər ikisi 1 gün fərqlə gündəmə gəlib, eyni tezislər üzərində qurulub. Hər iki paylaşmanın motivi budur ki, Azərbaycan qanunsuz silah dövriyyəsində, qanunsuz silahlı dəstələr qurulmasında iştirak edir.   Təsadüfidirmi? Təbii ki, xeyr. Uzun illərin təcrübəsi deməyə əsas verir ki, artıq anti-Azərbaycan mərkəzlər tərəfindən yeni kampaniya hazırlanır. Bu dəfə ölkəmiz silah qaçaqmalçılığında, terrorçu qruplarla əlaqədə, qanunsuz silahlı dəstələr qurmaq məsələsində ittiham oluna bilər. Allah etsin ki, ehtimalımız boşa çıxsın. Amma simptomlar eynidir.

Təqdiredici haldır ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin köməkçisi  Əli Həsənov bu ittihamlara zamanında, operativ şəkildə  cavab verdi. Əli Həsənov açıqlamasında deyir:  “...Silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub... Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var”.

Prezident köməkçisinin  açıqlaması genişdir, çoxlu tezislər var. Onları  AXCP sədri ilə yanaşı, “xaricdə oturub quyruq bulayanlara” da aid etmək olar.