“Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlil nəticəsində hər iki tərəfin gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəzin ixracını 2 dəfəyə yaxın artıra bilər”.
Bu barədə Azərbaycanın İqtisadiyyat naziri bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan iqtisadiyyatının potensialı baxımından və Rusiya bazarının imkanları baxımından mümkün hesab olunur.
Nazir xatırladıb ki, ötən il Azərbaycanın meyvə-tərəvəz istehsalçıları Rusiyaya 555 min ton meyvə və tərəvəz ixrac ediblər: “Biz düşünürük ki, bu gün bu rəqəmi ən azı iki dəfə artırmağa imkan var. Yəni bu həcmləri təxminən 1 milyon tona çatdırmaq imkanları var”.
Ş.Mustafayev qeyd edib ki, Yekaterinburqda logistik mərkəzin yaradılması bu rəqəmlərin reallaşdırılması istiqamətində yaradılan bir layihə olacaq.
Rusiya Azərbaycanın qeyri-neft ixracında ilk yeri tutmaqla ölkəmizin kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəzin əsas alıcısıdır. Təkcə cari ilin yanvar-iyul ayları ərzində Rusiyaya 395,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım deməkdir.
Bu ölkəyə ixracda ilk yeri heç şübhəsiz ki, pomidor tutur. Belə ki, təkcə bu ilin yanvar-iyul aylarında ölkədən 141,2 milyon dollar dəyərində pomidor ixracı həyata keçirilib ki, bunun da əsas hissəsi Rusiyanın payına düşüb. Bundan başqa, qış mövsümündə xurma, yay aylarında albalı, gilas kimi qeyri-neft ixracında ilk üçlükdə qərarlaşan məhsulların da əsas ixrac bazarı şimal qonşumuzdur.
Əvvəlki illərin statistikası da onu deməyə imkan verir ki, Azərbaycanın təzə meyvə-tərəvəz ixracının əsas hissəsi məhz Rusiyaya ixrac edilir. Təkcə 2017-ci il ərzində təzə tərəvəz ixracının 85,45 faizi, təzə meyvə ixracının isə 86,67 faizi bu ölkəyə reallaşdırılıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul aylarında ölkə üzrə meyvə-tərəvəz ixracının dəyəri 345,3 milyon dollar, həcmi isə 345 min 167 ton olub ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 14,6 faiz və 7,05 faiz çoxdur. Nəticədə bu qrupdan olan ixracın ümumi ixracdakı payı cari ilin 7 ayında 2,82 faiz təşkil edib.
Bu arada onu da qeyd etmək lazımdır ki, ölkəyə belə məhsullar həm də idxal olunur. 2018-ci ildə idxalın ehtiyatlardakı payı tərəvəz məhsulları üzrə 2,08 faiz, meyvə və giləmeyvə üzrə isə 11,54 faiz olub.
Beləliklə də, göstəricilərdən də məlum olduğu kimi, ölkədə bu məhsullara olan tələbin əksər hissəsi yerli istehsal hesabına ödənir. Bununla belə, İqtisadiyyat naziri Ş.Mustafayevin dediyi kimi, Rusiyaya meyvə-tərəvəz ixracının 2 dəfəyə yaxın artırılması, həmçinin ümumi ixraca yönəldilən həcmin də 2 dəfəyə yaxın çoxalması deməkdir. Təbii ki, bunun üçün ilk növbədə istehsalın əhəmiyyətli dərəcədə artırılmasını zəruri edir.
Ancaq onu da xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tərəvəzçiliyin ənənəvi ixrac sektoru olduğunu vurğulamaqla yanaşı, burada işlərin təkmilləşdirilməsinin vacibliyinə diqqəti çəkmişdi: “Deməliyəm ki, Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Biz çalışmalıyıq ki, bu birinciliyi saxlayaq. Onu da qeyd etməliyəm ki, Azərbaycanda bir çox istixanalar salınır. Son məlumata görə, təqribən 400 hektar sahədə yeni istixanalar salınır, onların da böyük əksəriyyəti pomidor istehsalına hesablanıb. Ona görə, baxmalıyıq ki, nə qədər əlavə bazar bizim istehsalımızı həzm edə bilər”.
Bu isə konkret tərəvəzçiliyin timsalında onu deməyə əsas verir ki, ölkədə istehsal potensialı faktiki olandan böyükdür. Eyni fikri meyvəçiliklə bağlı da demək olar. Yəni bazar olsa, istehsalın artırılması mümkündür. Necə ki, son illərdə müşahidə olunan vəziyyət ondan xəbər verir ki, hər hansı məhsul üzrə plansız əkin fermeri zərərə salmaqla yanaşı, növbəti ildə həmin məhsulun qıtlığına səbəb olur. Bir sözlə, qarşıda duran əsas vəzifə bu sahədə ixracın daha da artırılmasına, o cümlədən şaxələndirilməsinə nail olunmasıdır.
Ceyhun Piriyev,
“İki sahil”