20 sentyabr 2019 12:15
768

Sosial problemlərin həllinə görə MDB məkanında ön sıralardayıq

İşsizlik və yoxsulluq səviyyəsinin aşağı endirilməsinin modern Azərbaycan variantı

Ölkəmiz üçün mühüm iqtisadi və sosial məsələ odur ki, dünyadakı iqtisadi və siyasi böhrana, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq 2018-2019-cu illərdə nəzərdə tutulan bütün infrastruktur və sosial layihələr davam etdirilmişdir. Xüsusən, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı iki  sosial paket ümumilikdə 3 milyondan çox vətəndaşı əhatə edib. Birinci sosial paketdəki artımlar ciddi uğurlarla zəngindir.

 Belə ki, minimum əməkhaqqı 130 manatdan 180 manata yüksəldi, 600 min işçinin əməkhaqqısı artırıldı, 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər 100 faiz, 9 kateqoriya üzrə Prezidentin aylıq təqaüdü orta hesabla 100 faiz artdı, 450 min nəfərin əməkhaqqında 30 faiz, 150 min nəfərdə isə 25 faiz artım oldu, 223 min insanın pensiya təminatı yaxşılaşdırıldı, 100 minə yaxın tələbənin təqaüdü artırıldı, minimum pensiyalar 116 manatdan 160 manata yüksəldi, Milli Qəhrəmanlar üçün Prezident təqaüdü 1000 manatdan 1300 manata qalxdı, səhid ailəsinə verilən təqaüd 242 manatdan 300 manata qaldırıldı, Əfqanıstan şəhidlərinin ailəsinə verilən müavinət 300 manat oldu, 2 yeni təqaüd növü təsis edildi, 800 mindən çox insanın problemli krediti həll edildi,çoxmənzilli binalardakı mənzil probleminin həlli 300-400 insanı əhatə etdi, 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalandı, sosial məsələlərin həllinə ümumilikdə 1,6 milyard manat vəsait yönləndirildi. Bununla da həmin artımlardan 830 min insan yararlandı.

İkinci sosial paketdən isə 1 milyonadək insan yararlanıb. Bu paketdə dövlət büdcəsindən daha böyük maliyyə vəsaiti ayrılıb. Bu paketdə minimum əməkhaqqı 180 manatdan 250 manata yüksəlib, 1 milyon 350 min işçinin əməkhaqqı artırılıb, 950 min nəfərin (600 min dövlət, 350 min qeyri-dövlət sektoru) maaşı, o cümlədən büdcədən maliyyələşən 400 min nəfərin vəzifə maaşları 20-50 faiz yüksəlib, artım üçün büdcədən illik 780 milyon manat əlavə vəsait ayrılıb, minimum əməkhaqqının məbləği 92,3 faiz artırılıb, minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faiz üstələyib. Digər önəmli fakt odur ki, 750 min pensiyaçıya verilən vəsait isə oktyabrın 1-dən artırılmaqla pensiyanın minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq. Bu artım 660 min nəfər pensiyaçını əhatə edəcək. Bununla pensiyanın minimum məbləği il ərzində 72,4 faiz artırılmış olacaq. Ümumiyyətlə, iki sosial paketin 2 illik maliyyə tutumu 5,3 milyard manat olacaqdır. Bu  isə o deməkdir ki, Azərbaycanda bir il ərzində iki dəfə minimum əməkhaqqı və minimum pensiya artırılıb. Ölkəmiz bu sosial göstərici üzrə MDB-də müvafiq olaraq 1-ci yerdə qərarlaşıb.

Bir faktı da qeyd etmək lazımdır ki, 2004-cü ildən bu günə qədər respublikada ümumi daxili məhsul 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə Azərbacanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Hətta bu illərdə Azərbaycan dövləti investisiya yatırılan ölkədən investisiya yatıran ölkəyə çevrilmişdir. Təbii ki, bunlar sadəcə rəqəmlər deyil, hər bir ölkə vətəndaşının həyatında hiss etdiyi sosial firavanlıqdır.  Şübhəsiz ki, bu islahatların əsasında Azərbaycan vətəndaşının maraqları və onun rifah halının yaxşılaşdırılması, həmçinin sosial ədalət və humanizm prinsipləri durur. Digər sahələrdə də həyata keçirilən islahatlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən səylər onu deməyə əsas verir ki, bunlar ölkənin dinamik inkişaf etməsinə və yoxsulluğun daha da azalmasına səbəb olacaq.

Ümumiyyətlə, yoxsulluğun azaldılması və məşğulluğun yüksək səviyyədə təmin olunması faktına görə də ölkəmizdə uğurlu nəticələr mövcuddur. Belə ki, 2003-2018-ci illər ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. 2019-cu ilin iyulun birinə olan işsizliyin səviyyəsi - 4,9 faiz, işsiz əhalinin sayı - 252,8 min nəfər olub. Kişilər arasında işsizlik 4,3 faiz (106,3 min nəfər), qadınlar  arasında 5,6 faizdir. (146,5 min nəfər)

Bu gün iqtisadiyyatda muzdla işləyənlərin sayı - 1milyon 613,8 nəfərdir, ki onun da 902, 4 mini dövlət, 711,4 nəfəri isə qeyri-dövlət sektorundadır. Ümumilikdə isə məşğul əhalinin sayı  4 milyon 915 min nəfərdir.

2019-cu il ərzində məşğulluğun təmin olunması və yoxsulluğun azaldılması istiqamətində əhəmiyyətli işlər görülüb. Belə ki, məşğulluq xidməti orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olanlardan 60 475 nəfəri işlə təmin olunub ki, bu da ötən ilin müvafiq dövri 45,6 faiz çoxdur. Dövlət şirkətləri tərəfindən 20 000 nəfər sosial işçinin müqaviləsi uzadılmış, cari  ildə əlavə 6 min iş yeri yaradılmışdır. (SOCAR-da 3 min, “Azərişıq” ASC - 2300, “Azərenerji” 700 nəfər) Bu müddət ərzində 1243 nəfərə işsizlikdən sığorta haqqı ödənilib (ödənişinin orta aylıq məbləği 227.6 manat). 2018-cu ilin sentyabrın 1- dək özünüməşğulluq  proqramına qoşulanların sayı 4589 nəfər olub. İlin sonunadək 10 000 nəfərə çatdırılması planlaşdırılır.

Sosial sahədə innovativ layihə olan DOST İş Mərkəzi tərəfindən 38 min iş yeri yaradılıb. 40 minə yaxın göndəriş verilib. 1190  nəfər peşə hazırlığına cəlb edilib, 67 033 şəxsə peşəyönümü məsləhətləri verilib. Respublikanın müxtəlif yerlərində əmək yarmarkaları təşkil edilib. Xüsusilə məşğulluq alt sistemində “Vakansiya Bankı” yaradılıb ki, burada  işəgötürənlər yeni və ya boşalan iş yerləri (vakansiya) barədə məlumatları bura yerləşdirməlidirlər.

Bu bir həqiqətdir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirib. Nəticə isə qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən iqtisadi və siyasi sabitliyimiz davamlıdır.

Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev  bildirir ki, dünyada gedən böhranlardan asılı olmayaraq Azərbaycanın inkişafı və ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var və bu model başqa tərəflər üçün də maraq doğurur və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər. Ona görə ki, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik.”

Elçin Zaman,

“İki sahil”