KÖŞƏ

Azər Qismət

Zəng çalındı: Prezident islahatlara qarşı çıxanlarla yolunu ayıracaq...

21 oktyabr 2019 10:41
5873

Prezident İlham Əliyevin son 2 ildəki çıxışları özünün konkretliyi və kəsərliliyi ilə seçilir. Dövlət başçısı hakimiyyətdə olduğu ilk illərdə bütün güc və qüvvəsini həlli vacib olan məsələlərə yönəltdi. İllər keçdi. Dövlət güclənməyə doğru irəlilədi. Prezident hazırda verdiyi konkret tapşırıqlarla maraqlanır, yerinə yetirilib-yetirilməməsini öyrənir. Bəzi məsələlərdə sapınmaların müşahidə edilməsi ümumi işə ziyan törədir. Prezident bilir ki, adi kiçik detal unudulanda böyük problemə çevrilir.

Məsələn, həmin detallardan biri vergini vaxtında ödəməyən müəssisələrlə bağlıdır. İndiyə qədər vergini vaxtında ödəməyən müəssisə rəhbərlərindən həmin pul alınaraq büdcəyə ödənilirdi. Amma artıq cəza verməyin zamanı gəlib çatıb. Əgər sahibkarlar tez-tez Avropa standartlarını misal çəkirlərsə, elə onların praktikası ilə ciddi cəza nəzərdə tutulacaq. Azərbaycan dövləti bunu əvvəllər edə bilmirdi. Çünki sahibkarlığa yenicə vəsait ayrılırdı, üstəlik iş adamları dirçəlməmişdi. İndi isə dirçəliş yaranıb. Əgər dövlətin təkanı hesabına inkişaf mərhələsini keçdilərsə, deməli vergi vaxtında verilməlidir. Özü də böyük istəklə ödənilməlidir. Çünki bu həmin Prezidentdir ki, həm Sahibkarlığın İnkişafı Milli Fondunu yaradaraq güzəştli vəsait verdirdi, həm də sizin sahibkarlıq fəaliyyətinizə qanunsuz müdaxilələri yığışdırdı. İndi verginin vaxtında verilməməsi, üstəlik “qara mühasibatlığ”ın yaradılması, sizi dirçəldən dövlətə qarşı xəyanətdən savayı bir şey deyil. Sahibkarlar bilirlər ki, verginin vaxtında verilməsi qaçqın və məcburi köçkünlərin yerləşdirilməsinə vəsilə olur, təqaüdlər artırılır,ordu güclənir. Artıq konkret zəng çalındı. Onlar barədə cinayət işləri başladılacaq.

Prezidentin gömrük sistemində apardığı kadr siyasəti, şəffaflığın təmin edilməsi dövlət büdcəsinə xeyli vəsaitin daxil olması ilə nəticələndi. Təkcə bu ilin 9 ayında gömrük və vergi orqanları tərəfindən büdcəyə plandan əlavə 700 milyon manat vəsait daxil edilib. Halbuki vergiləri ödəməyən müəssisələr də bu işə qoşulsaydılar, “qara mühasibatlıq”la aldatma üsulunu seçməsəydilər, o vəsait daha böyük olardı.

İndi dövlət hər qəpiyin qədrini bilir. Çünki 1 qəpiyin əskilməsi, nəzərdə tutulan layihələrin yarıda qalması ilə nəticələnəcək. İndi daha çox pula ehtiyac var. Dövlət əlindən gələni edir ki, pul israf edilməsin. Prezident yol çəkilişindən tutmuş adamların iş yerlərinin rəsmiləşdirilməsinə qədər şəxsən özü maraqlanır, adamları ictimai nəzarətə cəlb edir. Elə bunun nəticəsidir ki, sadə şəxslərin yazdığı şikayət məktublarına vaxtında cavab verilir, həllinə köməklik göstərilir. Elə bunun nəticəsidir ki, artıq on minlərlə iş yeri rəsmiləşdirilib, qara bölgüdən ağ bölgüyə transfer edilib.

Bütün bunlar islahatların nəticəsidir. Son vaxtlar islahatlara qarşı çıxan vəzifə sahibləri də var. Onlar köhnə qaydalara üstünlük verirlər, bu da ümumi işə maneçilik törədir. Prezident İlham Əliyev islahatlara getməyən məmurlarla yollarını ayırmaqda qəti mövqe tutub. Çünki dünyada hər an yeni qərarlar qəbul edilir, onlarla uyğunlaşma yalnız islahatlar vasitəsilə mümkün ola bilər. Amma bəzi vəzifə sahibləri nəinki islahatlara qarşı çıxır, üstəlik bu istiqamətdə çalışan kadrları da gözdən salırlar. Bunun üçün saxladıqları media vasitələrini şantaj alətinə çeviriblər. Ona görə də media vasitələri bir qurum tərəfindən koordinasiya olunmalıdır. Görünür, köhnə hava ilə yaşayan, mətbuata kimdənsə heyif çıxmaq obyekti kimi baxan məmurlar hələ usanmayıblar. Prezidentin xəbərdarlığından sonra usanarlar. Vəzifələrə isə daha vətənpərvər kadrlar gətiriləcək. Çünki insan nə qədər Vətənini sevərsə, fəaliyyətini müasir tələblərə uyğun qurarsa, o qədər şəffaflıq yaranar və dövlət büdcəsindən yayınmalar baş verməz.

Prezident İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən özünüməşğulluq layihəsinə dair tapşırıq verdi. Bunun üçün 63 milyon manat nəzərdə tutulub. Bu da işsizləri sevindirməyə bilməz. Dünya Bankı da bu layihəyə qoşulandan sonra əlavə 1000-2000 ailə də özünüməşğulluq proqramına qoşulacaq. Sonrakı illərdə onların sayı 5000 ailəyə çatacaq. Dövlət işsizlərə pul verməklə, sahibkarlığın inkişafına yer ayırır. Çünki o şəxslər vəsait alıb pul qazanacaqlar.

Beləliklə, Prezident İlham Əliyev islahatların həyata keçməsində israrlıdır. Prezident, həmçinin əlavə ehtiyatların yaranmasına çalışır ki, dövlət büdcəsi daha da artsın. İşsizlər iş tapsın, yaşlı insanların pensiyaları artsın, bütün sosial layihələr yerinə yetirilsin. Bütün bunlar isə qətiyyətdən keçir. O da var.