KÖŞƏ

Azər Qismət

Xalqın ruhunu sındırmaq taktikası və ya bolşevik ssenarisi

24 sentyabr 2020 13:35
3449

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatının artdığı vaxtda ənənəvi ssenarini gözləyirdik. Bu ssenari yenə də müxalifətdən, yenə də xaricdə yaşayan radikallardan gəldi. Onlar Azərbaycanın ölkənin gücləndirilməsinə dair atdığı hər addımdan qəsdən pis nəticələr çıxarır ki, ümumilikdə dövlətin addımlarına şübhə yaransın. Axı, nə vaxtdan vətəndaşların avtomobillərinin qeydiyyatı mülkiyyət hüququnu pozmaq sayılıb? Məgər sığındığınız xarici ölkədə hər şey nəzarətdən kənardır və qeydiyyata alınmır? Təbii ki, alınır. Deməli, belə qanunları orada həyata keçirmək olar, bizim ölkədə keçirmək qanunsuzluq və vətəndaşların hüquqlarını pozmaq deməkdir? Pozmaq demək deyil. Sadəcə, hər işdə bir əmma axtarmaq azarıdır.

Ermənistanın açıq-aşkar təxribatından sonra Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək ruhunu öldürmək yolunda atılan belə addımlar 20-ci əsrin əvvəlində bolşeviklərin əməllərinə bənzəyir. Onların lideri Leninin timsalında. Gəlin, həmin hadisələri xatırlayaq.

Tarixə ekskursiya:

1904-cü ildə Rusiya-Yaponiya müharibəsi davam edirdi. Sakit okeandakı rus hərbi gəmisinə köməyə gedən Baltik eskadriliyası 1905-ci ilin mayında Tsusima adasının yaxınlığında sulara qərq oldu. Rus ordusunun Mancuriyadakı bir neçə yüz minlik ordusu yaponların Çindəki ekspedisiya korpusunun başında Domokl qılıncı kimi asılmışdı. Müharibənin ikinci ili Yaponiyanın ehtiyatı tükənməyə başladı. Yaponlar bu müharibənin tezliklə bitməsini istəyirdilər. Ancaq uduzmaq onların biabırçılığı olardı.

Rusiyanı sülhə istiqamətləndirmək üçün yapon kəşfiyyatçısı və diplomat Motodziro Akasi öz hökumətinə belə bir təkliflə müraciət etdi. Rusiya imperiyasının daxilində vəziyyəti gərginləşdirmək üçün Peterburqda hökumət əleyhinə olan qüvvələri hərəkətə gətirmək. O, əsasən Georgi Qaponun tərəfdarlarına ümüd edirdi. Bu, həmin Georgi Qapon idi ki, Akasi ilə görüşdən sonra 1905-ci ilin yanvarın 9-u, daha sonra ədəbiyyata “Qanlı bazar günü” kimi daxil olacaq faciəyə rəvac verdi. Planının baş tutması üçün Akasi Avropadan silah alaraq onu hansı yolla olursa-olsun Rusiyaya ötürməli idi. Həmin silahlarla imperiyanın qərb hissəsindəki millətçiləri və ölkənin mərkəzindəki müxalif təşkilatları qızışdırmaq lazım idi. Akasinin bu təklifi Yaponiyadan böyük maliyyə vəsaiti tələb edirdi və həm də beynəlxalq siyasətdə avantüra kimi qiymətləndirilə bilərdi. Ancaq Yaponiyanın müharibədə çətin durumda olması ölkə rəhbərliyini bu addımı atmağa vadar etdi. Yapon hökuməti Rusiyada gərginlik yaratmaq üçün müxalifətçilərə 1 milyon yen, 1990-cı ilin dollar kursu ilə götürülərsə - 35 milyon dollar ayırdı.

Rusiya hakimiyyətini devirmək üçün bolşeviklərin maliyyə vəsaiti çatmırdı. Serqo Orcenikidze və “Koba” ləqəbli İosifin Bakının ayrı-ayrı milyonçularından məcburən aldıqları pullar ancaq “Pravda” qəzetinin və inqilaba hazırlıq vərəqələrinin dərcinə çatırdı. Ümumilikdə isə bunlar yetərli deyildi. Çünki müxalifətin inqilabı çağırışlarının qarşısı hərbi polis tərəfindən alınır, həbslər artırdı. Yaponiya hökuməti Akasinin qarşısında vəzifələr qoydu: 1. RusiyaYaponiya ilə apardığı müharibəni uduzmalı. 2. Ölkədə gərginlik artmalı. 3. Hakimiyyətə gələcək yeni şəxslər Yaponiya ilə müttəfiq olmalıdır.

Qısa arayış: Motodziro Akasi kim idi? Akasi Yaponiya tarixində adı qızıl hərflərlə yazılan bir agent olaraq hələ tarixdə çox yaşayacaq. O, 1904-cü ilə qədər Yaponiyanın Peterqburqdakı səfirliyində hərbi attaşe vəzifəsində çalışmışdı.  Rusiyada baş verən narazılıqları, ümumilikdə zəif nöqtələrin harada yerləşdiyini  yaxşı bilib. Rus-Yapon müharibəsinin əvvəlində isə Stokholmda fəaliyyət göstərməyə başlayıb. O, burada Fin Azadlıq Hərəkatının rəhbəri Koni Çilliakusla tanışlıq əldə edib. Koni Çilliakus Finlandiyanın Rusiyadan ayrılması naminə çox çalışırdı. İnqilabi hərəkatın rəhbəri olan bu oğlanla tanışlıq Akasi üçün yerinə düşdü. Məhz bu oğlan vasitəsilə Rusiyanın müxalifət qüvvələri ilə əlaqə yarada bilərdi. Beləliklə, Çilliakus və onun adamlarının vasitəsi ilə neçə milyon dollarlıq silah Rusiyaya ötürüldü. Yapon kəşfiyyatçısına bu gizli işdə Gürcüstan Sosialist-Federalist İnqilabçılar Partiyasının nümayəndəsi Georgi Dekanozov kömək edirdi. Sonralar Akasinin öz hökumətinə ünvanladığı məktublardan aydın olur ki, onun 1 milyon yenlik pulu ilə İsveçrə və Almaniyadan xeyli sayda tapançalar, tüfənglər, patronlar və partladıcılar alınıb.

Yapon kəşfiyyatçısı Motodziro Akasi fin inqilabçısı Çilliakus vasitəsilə eser təmayüllü müxalifət bloku yaratdı. Bir neçə partiyanın iştirakı ilə 1904-cü ilin payızında Parisdə konfrans keçirildi. Uzun və gərgin müzakirədən sonra çar Rusiyasına qarşı blokun yaradılması işi alınmadı. Akasi Georgi Qaponun tərəfdarlarına dəstək verdi və onlar 1905-ci ilin yanvarın 9-da ölkədə qanlı gün yaratdılar. Belə ki, Qaponun tərəfdarları Rusiya rəhbərliyinə qarşı aksiya keçirdilər və gülləbaran edildilər. Hakimiyyəti devirmək üçün xalqda narazılıq yarandı. Və Akasinin birinci planı “uğurla” həyata keçdi. Belə bir qanlı aksiyadan sonra 1905-ci ilin aprelində müxalifət partiyaları hakimiyyətə qarşı birləşdilər. Bu məqsədlə Cenevrədə konfrans keçirildi. Menşeviklər və bolşeviklər həmin konfransda birgə iştirak ediblər. Bolşeviklər tərəfdən Leninin çıxışının əsas tezisi Rusiya hakimiyyətini devirmək idi. Çıxışının başa çatmasından sonra başlanan gərgin müzakirə zamanı Lenin pessimistliyə qapılıb. Və konfransı tərk edib. Anlayıb ki, öz fikrini burada yeridə bilməyəcək, çünki hakimiyyəti devirmək üçün fikir ayrılığı çox idi. O illərdə Leninin əsas tezisi belə olub: bütün müxalifət partiyaları hakimiyyətə qarşı çıxış etməli və onu devirməlidir. Bəzi ehtimallara görə Lenin yapon kəşfiyyatçısı Akasi ilə həmin konfrans zamanı görüşüb. Və sosializmin banisi silah yardımına görə ona öz təşəkkürünü çatdırıb.

Yaponiyanın milyon yenlik silahından sonra bolşeviklər xalq arasında hakimiyyətə qarşı narazılıq yaratdılar. Rusiyanın müharibədə uduzması isə narazılığı daha da artırdı. Hər vəchlə ilkin vaxtlarda Yaponiyanın maliyyəsindən yararlanan Vladimir Ulyanov sonrakı illərdə Almaniyanın agentinə çevriləcəkdi. Və məlum olacaqdı ki, lider və qəhrəman sayılan Lenin güclənən və regionda söz sahibi olan Rusiyanı zəiflətmək istəyən Almaniyanın agenti imiş. Təkcə həmin ölkənin yox. Rusiya-Yaponiya müharibəsində ölkəsini uduzdurmaq üçün 1 milyon yen,35 milyon dollarla maliyyələşən agent. Arxivlər açılandan sonra ona inanan milyonlarla şəxs təəssüf hissi keçirdilər. Ölkədə vətəndaş müharibəsi başlandı. Bir lider öz ölkəsinin biabırçı məğlubiyyətinə qədər getdi, təki məqsədini həyata keçirsin.

İNDİKİ DÖVR

Ermənistanın təxribatının artdığı bir zamanda xalqı əzmkarlığa hazırlamaq, dövlətə dəstək vermək lazımdır. Belə anlarda bütün ölkələr, bütün xalqlar belə edir. Ancaq biz tam əksini görürük. Müxalifət liderləri sözdə dövlətə dəstək olacağını bəyan etsə də, tərəfdarlarının ayrı-ayrı status və bəyanatlarında bunun tam əksini görürük.  Məsələn, “məmur övladları artıq qaçmağa başlayır” tipli atmacalar atan müxalifət liderlərinin özlərinin övladlarını xalqın arasında görmürük. Məntiqlə belə atmaca atanların övladları qabaqda getməsələr də, ən azından xaricdə olmalı deyildilər. Məğlubiyyətçi əhval yaratmaq, adamları ruhdan salmaq, “belə rejim olan yerdə müharibəyə getmək olmaz”, “mən bu ölkənin rəhbərliyinə görə döyüşməyəcəyəm” tipli bəyanatlar vermək, əlbəttə ki, bolşeviklərin rus-yapon müharibəsi zamanı etdikləri əməllərə bənzəyir. Sanki, belə ssenari 200 il əvvəldən formalaşıb ki, belə vaxtlarda işə salınsın. Təəssüf ki, o ssenariyə həmişə işləyən adamlar tapılır. Təki pul verilsin.

Axı, bu sözləri necə demək olar ki, “Azərbaycanın övladları Azərbaycanın siyasi maraqlarının güdazına gedir”. Bu sözün ona görə məntiqi əsası yoxdur ki, bu təxribatları Azərbaycan deyil, Ermənistan tərəfi törədir. Bu o halda ola bilərdi ki, təxribatları bizim hakimiyyət törətsin. Artıq neçə həftədir ki, Ermənitan rəhbərliyi müharibə ritorikası ilə çıxış edir, iriçaplı pulemyotlardan, snayperlərdən atəş açır. Təxribatı qarşı tərəf törədirsə, bunda Azərbaycan hakimiyyətinin hansı marağı ola bilər? Bundan başqa, məgər işğal olunmuş torpaqları geri almaq nə vaxtdan “maraq” gözündə anlaşılıb? Əksinə, bu günlərdə bütün qüvvələr dövlətə dəstək olmalı idi ki, o torpaqları azad edək. Axı, siyasi fəal Bəxtiyar Hacıyev necə atmaca ata bilər ki, özü fərariliyə görə həbsdə yatıb və zindanı əsgərlikdən üstün tutub. Və bütün bunlar Leninin “İnqilabçı sinif heç zaman öz hökumətinin müharibədə qalib gəlməsini istəyə bilməz” kimi qəddar fikirləri ilə necə də səsləşir.