21 oktyabr 2019 16:29
4216

Binəqədidəki N saylı hərbi hissədə Müstəqillik Günü - FOTO

Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Xocasən qəsəbəsində yerləşən N saylı hərbi hissəsində 18 oktyabr-Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək müstəqillik tarixindən danışıblar. Bildiriblər ki, ölkəmizin müstəqil dövlətlər sırasına daxil olması xalqımızın həyatında olduqca mühüm və şərəfli bir tarixdir: “Bu gün müstəqil ölkə olaraq Azərbaycanın inkişafı, tərəqqisi ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir. Azərbaycan günü-gündən dünya miqyaslı nailiyyətlərə imza ataraq regionda və dünyada nüfuzunu daha da yüksəldir. Hər bir azərbaycanlı fəxr edə bilər ki, Azərbaycan kimi güclü dövləti var”.

Natiqlər, eyni zamanda, ordu quruculuğu sahəsindəki islahatlardan da geniş söhbət açaraq ordumuzun hər zaman mübarizə əzmində və torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu bildiriblər.

Tədbir geniş bədii hissə ilə davam etdirilib.

Taleh Bağırov, “İki sahil”