Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !
(Nəriman Həsənzadə)
Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində öz əksini tapır. Azərbaycanın bayrağı, gerbi və himni dövlətimizin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.
Milli bayraq - siyasi, ideoloji, mənəvi baxımdan milləti tanıdan, dövlətin mövcudluğunu təsdiqləyən nişanədir. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edir. Xalqımızın azadlıq məfkurəsinə, milli - mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Dövlət bayrağı müqəddəs anlam daşıyır.
Dövlət başçılarının andiçmə mərasimlərində Qurani-Kərimlə birgə bayrağımızı öpüb, xalqa , milli- mənəvi dəyərlərə sadiq qalacağına söz verməsi onu göstərir ki, üçrəngli bayrağımız da müqəddəs dini kitabımız qədər əzizdir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Çünki bayraq hər bir dövlətin, millətin əsrdən əsrə, nəsildən nəslə ərmağanı, varlığını bildirən müqəddəs əmanətdir. Döyüşlərdə bayrağımızı silahı kimi canı, qanı ilə qoruyan igidlərimiz tarix yaradıblar. Beynəlxalq yarış, müsabiqə və olimpiadalarda əzəmət rəmzi olan üçrəngli bayrağımızı ən uca zirvələrə qaldıran idmançılarımız, sənətkarlarımız bununla da Azərbaycan adlı bir məmləkətin varlığını bütün dünyaya bəyan edirlər.
Azərbaycan bayrağının yarandığı gün:
tariximizin şanlı səhifəsi
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr 1918-ci ildə- şəhər Qafqaz İslam Ordusunun köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət başlaya bildi. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı” haqqında Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-u tarixini Dövlət Bayrağı Günü kimi rəsmiləşdirmişdir. 2010- cu il noyabrın 9-dan etibarən Azərbaycanda rəsmi olaraq həmin gün Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi Xalq Cümhuriyyətimizin varisi olan müstəqil Azərbaycanın öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi.
Üçrəngli və üçmənalı bayraq
Bayrağımızdakı mavi rəng qədim zamanlardan türk xalqlarının Əbədi Səma Tanrısına sitayişlə və Göy Tanrısına etiqatla bağlı olmuşdur. Türk xalqları Səmanın rəngini simvol kimi istifadə etmişlər. Azərbaycan xalqı da türk dünyasının bir parçası olduğundan mavi rəng bir çox dövlətlərimizdə bayrağın əsas rənglərindən biri olmuşdur. Bütün bunları nəzərə alan Azərbaycan höküməti 1918-ci ildə bayrağımızın ilk rəngini mavi seçmişdir. Milli yaşam fəlsəfəsi olan “Türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasını rənglərində əbədiləşdirən bayrağımız Azərbaycan dövlətinin sadiq qaldığı ənənələri yaşadır və yaşadacaqdır. Bu ideyaların xalqımızın milli maraqlarına uyğun qorunub, saxlanılması və inkişafı üçün gördüyi işlər ulu öndər Heydər Əliyevin Vətənə, xalqına bağlılığından irəli gəlirdi. Mavi rəngə uyğun türkçülük ideyasını möhkəmləndirən, 1990-cı ildə dünya Azərbaycanlılarının həmrəyliyi gününü təsis etməklə azərbaycançılıq məfkurəsinin formalaşmasına nail olan Ulu Öndər sonrakı illərdə verdiyi sərəncamlarla milli- mənəvi dəyərlərimizin qorunub saxlanılmasına da geniş imkan yaratdı.
Azadlıq anlayışını bildirən bayrağımızdakı ikinci rəng - qırmızı isə orta əsrlərdə Azərbaycanda qalxmış Xürrəmilər hərəkatı ilə bağlı olmuşdur. Belə ki, Babək ərəb işğalçılarına qarşı mübarizədə dünya tarixində ilk dəfə azadlığın rəmzi kimi qırmızı bayraq qaldırmışlar və qırmızı paltar geyinmişlər. Qürurvericidir ki, dünya tarixində bu rəngin azadlıq simvolu kimi qəbul edilməsində Azərbaycanın rolu böyükdür. Sonralar müxtəlif vaxtlarda, başqa dövlətlər qırmızı bayraqdan azadlıq rəmzi kimi istifadə etmişlər. Məsələn, Çində monqol işğalçılarına qarşı mübarizədə, XIX əsrdə Fransada fəhlə hərəkatında, Rusiyada sosialist inqilabında, Türkiyədə milli-azadlıq hərəkatında və s. Çağdaş dövrümüzdə qırmızı rəngin əsas mənalarından biri də demokratiya və müasirlikdir. Ölkədə demokratik islahatlara başlamaqla qırmızı rəngin rəmzinə uyğun müasirliyin, dünya birliyinə inteqrasiyanın təməlini qoydu. Ölkəmizin dinamik inkişafı ilə bağlı müəyyənləşdirdiyi prinsiplərə, yeni dövrün reallıqlarına uyğun konsepsiyasının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ilə Azərbaycanın dünya birliyində mövqeyi, möhkəmləndi, liderlik səviyyəsinə yüksəldi.
İslam mənasını verən bayrağımızdakı üçüncü rəng - yaşıl isə Azərbaycanın VII əsrdən müsəlman ölkəsi olması və Azərbaycanın tarixi dövlətlərində islami dəyərlərin mühüm yer tutması, vahid islam bloku çərçivəsində “qara donlu” kafirlərə qarşı mübarizə aparması və bu dinin xalqımızın mənəviyyatına daha yaxın olması ilə bağlı olmuşdur. Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin, və mədəniyyətlərin təmas, ünsiyyət yeri olmuşdur” söyləyən Ulu Öndərin İslami dəyərlərə bağlılığı, bayrağımızın yaşıl rənginə uyğun xidmətləri bu gün də yaşanır.
Daim zirvələrdə...
Bayrağımız - milli vəhdətimizin rəmzidir. Bu vəhdət bizim üçrəngli bayrağımızı daha uca zirvələrə qaldıracaq və Lələtəpədə düşmənə göz dağı olan bayrağımız ata yurdumuz Qarabağa qələbə müjdəçimiz olacaqdır. O gün heç də uzaqda deyildir. Xalqımızın duyduğu sevinci hissi o zaman bayrağımıza da yansıyacaq, daha məğrur və iftixarla Qarabağ göylərinə ucalacaqdır. Azərbaycanın əbədi varlığını təcəssüm etdirən bayrağımız bir daha nəinki enməyəcək, müstəqilliyimizin və tərəqqimizin ulduzu kimi parlayacaq, daim ən yüksək zirvələrə ucalacaqdır!
Yaqut Ağaşahqızı, “İki sahil”