43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən Emin Hacıyevin YAP Sumqayıt şəhər təşkilatında rabitə işçiləri, həmçinin şəhərin 8-ci və 9-cu mikrorayonlarında yaşayan sakinlərlə növbəti görüşü keçirilib.
Görüşdə 9 fevral parlament seçkilərinin əhəmiyyətindən danışılıb, deputatlığa namizəd Emin Hacıyevin fəaliyyəti haqqında məlumat verilib.
Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd E.Hacıyev bildirib ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Təbii ki, bütün bunlara görə Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha geniş vüsət alacaq. Seçicilərdən aldığım güc mənə enerji verir, qələbəyə yaxın olmağıma inam yaradır. Təbii ki, mənə ən doğma olan şəhərin insanlarından xoş sözlər eşitmək, dəstəklərini hiss etmək fərqli bir duyğudur. Deputatınız olacağım təqdirdə səsinizin eşidilməsi üçün əlimdən gələni edəcəyimə söz verirəm.”
E.Hacıyev seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.
Təbliğat-təşviqat qrupunun üzvləri YAP tərəfindən 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Milli Məclisin deputatlığına namizədliyi irəli sürülən Emin Hacıyevin deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıblar. Seçicilərə namizədin seçki platforması barədə ətraflı məlumat veriblər.
Orxan Vahidoğlu, “İki sahil”