03 oktyabr 2025 23:16
106

Uşaqlarda emosional zəka necə formalaşır? - MÜSAHİBƏ

Emosional zəka insanın həm öz emosiyalarını tanımaq və idarə etmək, həm də başqalarının hisslərini anlamaq bacarığıdır. Müasir dövrdə yalnız intellektual biliklər deyil, emosional bacarıqlar da şəxsi münasibətlərdə, iş həyatında və liderlikdə böyük rol oynayır. Psixoloq Röyalə Vüqarqızı  İkisahil.TV-yə müsahibəsində emosional zəkanın fərdi inkişafda, peşəkar mühitdə və gündəlik münasibətlərdə əhəmiyyətinə aydınlıq gətirdi.

-Röyalə xanım, emosional zəka anlayışını sadə dillə necə izah edərdiniz? Emosional zəka(EQ) ilə intellektual zəka(IQ) arasında əsas fərqlər hansılardır?

-Emosional zəka müasir dövrdə insanın şəxsi inkişafında, sosial münasibətlərində və peşəkar fəaliyyətində mühüm rol oynayan anlayışlardan biridir. Sadə dillə desək bu insanın öz hisslərini tanımaq, onları idarə etmək və başqalarının emosiyalarını anlamaq bacarığıdır. Elmi baxımdan emosional zəka fərdin emosional vəziyyətləri dərk etmə, idarəetmə və sosial münasibətlərdə adekvat davranış nümayiş etdirmə qabiliyyəti kimi izah olunur. Yüksək emosional zəka insana yalnız öz daxili aləmini deyil, həm də ətrafdakı insanların duyğularını anlamaq və onlarla sağlam ünsiyyət qurmaq imkanı yaradır. Gündəlik həyatda emosional zəka insana çətinliklər qarşısında sakit qalmaq, qərarları daha düşünülmüş şəkildə qəbul etmək və münasibətlərdə balanslı davranmaqda kömək edir. Bu səbəbdən də emosional zəka, təkcə şəxsi həyatın deyil, həm də iş mühitinin, liderlik və komanda fəaliyyətinin ayrılmaz hissəsi sayılır.  Lakin insanın həyatında yalnız intellektual qabiliyyətlər kifayət etmir, emosional zəka ilə yanaşı IQ da fərdi və peşəkar uğurun əsas amillərindən biridir. IQ daha çox məntiqi düşüncə, analiz və öyrənmə bacarığı ilə bağlıdır. EQ isə insanın hisslərini anlama, onları idarəetmə və sağlam münasibətlər qurma qabiliyyətini əhatə edir. Yəni IQ bilik və bacarıqları göstərirsə, EQ həmin bilikləri insanlarla münasibətlərdə düzgün istifadə etməyə kömək edir.

-Sizcə, insan həyatında emosional zəkanın rolu hansı sahələrdə daha çox nəzərə çarpır?

-Emosional zəkanın rolu insan həyatında çoxşaxəlidir və bir neçə mühüm sahədə özünü daha aydın göstərir. İlk növbədə şəxsi münasibətlərdə,  ailə və dost çevrəsində qarşılıqlı anlaşma, empatiya, yəni başqasının yerinə özünü qoya bilmə və ünsiyyət bacarıqları üçün vacibdir. İş mühitində emosional zəka komanda ilə işləməyi, münaqişələrin düzgün idarə olunmasını və sağlam liderlik keyfiyyətlərini formalaşdırır. Bundan əlavə, stresli vəziyyətlərdə emosional zəka insana emosiyalarını idarə etməyə, daha soyuqqanlı və düşünülmüş qərarlar qəbul etməyə imkan verir. Yəni, emosional zəka insanın həm şəxsi həyatında, həm də peşəkar fəaliyyətində uğur qazanmasının əsas açarlarından biridir.

-İnsanlar ən çox hansı sahələrdə və situasiyalarda emosional zəifliklərini büruzə verirlər?

-İnsanlar emosional zəifliklərini əsasən iki istiqamətdə büruzə verirlər. Birincisi, şəxsi münasibətlərdə, ailə, dostluq və yaxın əlaqələrdə. Çünki bu sahələrdə emosiyalar daha güclü və həssas olur. İkinci sahə isə iş və sosial mühitdir. Burada insanlar çox vaxt stres, rəqabət, münaqişə  ilə qarşılaşdıqları üçün emosional tarazlığı saxlamaqda çətinlik çəkirlər. Xüsusən də tənqid, rədd edilmə, uğursuzluq və ya gərgin vəziyyətlər emosional zəifliyi daha qabarıq üzə çıxarır.

-Emosional zəkası yüksək olan insanla emosional manipulyasiya edən insanı necə ayırd etmək olar?

-Əsas fərq niyyətdədir. Emosional zəkanın yüksək olması insanı daha anlayışlı edir. Məqsədi qarşı tərəfi anlamaq və münasibətləri gücləndirməkdir. Emosional manipulyasiya edən insan isə başqalarının hisslərini idarə etmək, yönləndirmək və öz maraqlarına uyğun nəticə əldə etmək üçün istifadə edir. Emosional zəka münasibətlərdə sağlam körpü qurur, manipulyasiya isə qarşı tərəfdə günahkarlıq, qorxu və ya məcburiyyət hissi yaradır. Yüksək EQ-li insan dəstəkləyici və şəffaf davranır, manipulyasiya edən insan isə gizli yönləndirici və bəzən də təzyiqedici üsullara əl atır.

-Emosiyaları idarə etmək üçün hansı üsulları tövsiyə edirsiniz? Uşaqlarda emosional zəkanın inkişafı üçün valideynlər nələr etməlidir?

-Emosiyaları idarə etmək üçün ilk növbədə insan öz hisslərini tanımalı və qəbul etməlidir. Bunun üçün nəfəs texnikaları, meditasiya, fiziki aktivlik və gündəlik duyğuları yazmaq kimi üsullar faydalıdır. Əsas məqsəd emosiyanı boğmaq deyil, onu anlamaq və düzgün istiqamətləndirməkdir. Uşaqlarda isə bu bacarıqları inkişaf etdirmək valideynlərin davranışından çox asılıdır. Valideynlər övladlarının hisslərini kiçiltmədən dinləməli, onlara emosiyalarını ifadə etmək üçün imkan yaratmalı və öz nümunələri ilə emosiyaları idarə etməyi göstərməlidirlər. Məsələn, uşaq əsəbiləşəndə ona sakit ol deməkdənsə, hissini sözlə ifadə etməyə təşviq etmək daha faydalıdır. Beləliklə, həm böyüklər, həm də uşaqlar üçün emosiyaları tanımaq və yönləndirmək emosional zəkanın əsas inkişaf yoludur.

-Hansı psixoloji durumlar bəzən emosional zəka ilə qarışdırıla bilər?

-Bəzən insanlar bəzi psixoloji durumları emosional zəka ilə qarışdırırlar. Məsələn, empatiya bacarığını sadəcə həssaslıq kimi dəyərləndirirlər. Halbuki empatiya qarşı tərəfin hisslərini anlamaq və adekvat reaksiya verməkdir, həssaslıq isə yalnız emosional təsirlənmə deməkdir. Digər tərəfdən, özünüidarə qabiliyyəti çox vaxt soyuqqanlılıqla səhv salınır. Özünüidarə emosiyaları düzgün yönləndirməkdir, soyuqqanlılıq isə bəzən duyğuları ifadə etməmək və ya emosional uzaqlıq saxlamaqla əlaqələndirilir. Eyni zamanda, emosional zəkanın yüksək olması ilə emosional manipulyasiya da qarışdırıla bilər, lakin fərq ondadır ki, EQ münasibətləri sağlamlaşdırır, manipulyasiya isə şəxsi maraqlara xidmət edir.

-Emosional zəkanın inkişafı üçün fərqli yaş dövrlərində (uşaqlıq, gənclik, yetkinlik) hansı metodları daha təsirli hesab edirsiniz?

-Emosional zəkanın inkişafı insanın bütün həyat mərhələlərində mümkündür, lakin hər yaş dövründə fərqli metodlar daha təsirli olur. Uşaqlıqda emosional bacarıqlar əsasən oyun vasitəsilə formalaşır. Uşaqlar oyunda paylaşmağı, ünsiyyət qurmağı və başqalarının hisslərini anlamağı öyrənirlər. Bu mərhələdə valideynlərin övladlarını dinləməsi, onların hisslərini qəbul etməsi və kiçiltməməsi çox vacibdir. Gənclik dövründə isə emosiyaları sözlə ifadə etmək, münaqişələri sağlam şəkildə həll etmək və stresi idarə etmə bacarıqları ön plana çıxır. Bu yaşda gənclər özünüifadəni gücləndirən fəaliyyətlərlə məşğul olduqda emosional zəkaları daha sürətlə inkişaf edir. Yetkinlik mərhələsində isə refleksiya və özünüidarə bacarıqları əsas rol oynayır. İnsan emosiyalarını analiz etməyi, empatiya qabiliyyətini artırmağı və münasibətlərdə balansı qorumağı öyrənir. Meditasiya, nəfəs texnikaları, komanda işi və sosial fəaliyyətlər bu dövrdə ən təsirli metodlardan hesab olunur. Demək olar ki, emosional zəkanın inkişafı uşaqlıqdan yetkinliyə qədər müxtəlif yollarla dəstəklənir və hər yaş dövründə fərqli bacarıqlar üzərində işləmək vacib olur.

-Psixoloji müdafiə mexanizmləri ilə emosional intellekt bacarıqları qarışdırıldıqda hansı səhvlər ortaya çıxır?

-Psixoloji müdafiə mexanizmləri ilə emosional intellekt bacarıqları qarışdırıldıqda bir sıra səhvlər ortaya çıxa bilir. Müdafiə mexanizmləri insanın özünü psixoloji gərginlikdən qorumaq üçün şüursuz şəkildə istifadə etdiyi üsullardır, məsələn, inkar, proyeksiya (inkar, hisslərini başqasına aid etmə) və ya rasionalizasiya (davranışlarına süni məntiqi izah vermək). Bu davranışlar qısa müddətdə insanı qorusa da, uzunmüddətli perspektivdə problemlərin həllini əngəlləyir. Emosional intellekt bacarıqları isə əksinə, emosiyaları tanımaq, idarə etmək və başqaları ilə sağlam ünsiyyət qurmaq üzərində qurulur. Əgər bu iki anlayış qarışdırılarsa, insan özünüidarəni müdafiə mexanizmi ilə səhv salaraq problemlərdən qaçmağı emosional güc hesab edə bilər. Belə olan halda, emosional zəkanın inkişafı əngəllənir və şəxsiyyətlərarası münasibətlərdə anlaşılmazlıqlar yaranır.

-Yüksək EQ həmişə üstünlükdürmü?

-Yüksək emosional zəka insanın qərarvermə qabiliyyətini gücləndirir, streslə mübarizəsini asanlaşdırır və sağlam ünsiyyət qurmasına şərait yaradır. Ümumilikdə EQ-nun yüksək olması müsbət haldır. Lakin bəzi hallarda emosional zəkanın həddindən artıq yüksək olması şəxsi və sosial çətinliklər də yarada bilər. Məsələn, insan başqalarının hisslərinə həddindən artıq həssas yanaşdıqda öz sərhədlərini qoruya bilmir, tez yorulur və emosional yüklənmə yaşayır. Digər tərəfdən, bəzi insanlar yüksək emosional bacarıqlarını manipulyasiya üçün də istifadə edə bilərlər ki, bu da münasibətlərin sağlamlığına mənfi təsir göstərir. Ona görə də emosional zəkanın sağlam sərhədlər daxilində inkişafı həm fərdin, həm də onun ətraf mühitinin rifahı üçün ən doğru yoldur.

-Emosional zəka ilə yanaşı, etik dəyərlərin rolu nədən ibarətdir?

-Əgər emosional bacarıqlar etik prinsiplərlə müşayiət olunmazsa, insan bu qabiliyyətlərini başqalarını manipulyasiya etmək və şəxsi maraqlarını önə çıxarmaq üçün istifadə edə bilər. Etik dəyərlər isə emosional zəkanın düzgün istiqamətdə işləməsinə şərait yaradır. Qarşı tərəfin hisslərini anlama bacarığını mərhəmətə, özünüidarəni ədalətə, sosial bacarıqları isə dürüst və məsuliyyətli münasibətlərə çevirir. Bir sözlə, EQ insana necə davranmağı öyrədirsə, etik dəyərlər də bu davranışın hansı məqsədlə həyata keçirildiyini müəyyənləşdirir. Bu iki anlayış birlikdə insanın həm şəxsi inkişafında, həm də cəmiyyətdə sağlam münasibətlər qurmasında əsas dayaqlardan biridir.

Şəmsiyyə Əliqızı, “İki sahil”