06 mart 2020 20:30
3261

8 mart - Beynəlxalq Qadınlar Günüdür!

Qadınlarımızın işgüzar nüfuzu vahid məfkurə ətrafında birləşmiş cəmiyyətimizin mühüm reallıqlarından biridir


Dövlət başçısı İlham Əliyevin təbrikində də qeyd olunduğu kimi, xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində qadınların misilsiz xidmətləri var


Hər bir önəmli gün keçilən yolun təhlilini, həmin tarixin yaranma səbəbini bir daha xatırlatmağı zərurətə çevirir. 8 mart-Beynəlxalq Qadınlar Günü ərəfəsindəyik.

Tarixə nəzər salaq. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə almaniyalı sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş Sovetlər Birliyində 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Dövlətimizin başçısı İlham Əliyevin 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində də bu məqamı xüsusi qeyd etmişdir ki, xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində qadınların misilsiz xidmətləri var. Yeni cəmiyyət quruculuğu şəraitində ictimai fəallıqlarını gücləndirərək sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual səviyyəsinin aydın ifadəsidir.

Bu mühüm məqamı da qeyd edək ki, milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qadın siyasəti dövlət siyasətinin əsasına çevrildi, qadınların ölkənin iqtisadi, siyasi, mədəni həyatında fəal iştirakını təmin etmək üçün biri-birindən mühüm addımlar atıldı. Son 16 ildə dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu fikirlərini bir daha xatırlatmaq istərdik: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyata kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir.” Seçilən peşə, xarakter müxtəlifliyi bu bənzərsizliyi, fərqliliyi daha da möhkəmləndirir, hər kəsin, eyni zamanda, bu gün bəhs etdiyimiz mövzuya uyğun olaraq qadınlarımızın yeri və roluna bir işıq salır. Qadınlarımızın ana missiyası onları daha yüksəklərə ucaldır, bu adın qarşısında baş əyməyin möhkəm əsasa söykəndiyini zaman-zaman şüurumuza həkk etdirir. Cənab İlham Əliyevin təbrikində də bu vacib amil xüsusi olaraq diqqətə çatdırılır ki, azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, Vətənə məhəbbət ruhunda formalaşmış gənclik qadınların ölkəmizə ən böyük töhfəsidir.

Əbəs yerə deyilmir ki, qadın böyük qüvvədir. Bu qüvvə, dayaq o adın özündə birləşdirdiyi bütün missiyalarda özünü təsdiqləyir. İstər ictimai-siyasi fəaliyyətdə, istər cəmiyyətdə, istərsə də ailədə qadının rolu danılmazdır. Müstəqil Azərbaycanımızın dünənini bu günü ilə müqayisə edib, böyük fəxrlə qeyd ediriksə ki, bugünkü Azərbaycanı 20-25 il bundan öncəki Azərbayanla müqayisə etmək mümkün deyil, bu uğuru şərtləndirən əsas amil düzgün təmələ əsaslanan siyasətlə yanaşı, bu siyasətin xalq tərəfindən dəstəklənməsidir ki, bu xalqın nümayəndələri sırasında da qadınlar böyük çoxluq təşkil edir. Azərbaycanı beynəlxalq qurumlarda təmsil edən nümayəndə heyətlərinin tərkibində fəaliyyət göstərən qadınlarımızın böyük qətiyyətlə səsləndirdiyi fikirlər Azərbaycan qadınının cəsarətini, qüdrətini, əzmini ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyev bu rolu yüksək dəyərləndirir: “Əminəm ki, siz hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək və Azərbaycanın inkişaf salnaməsinə parlaq səhifələr yazacaqsınız.”

Qadınlarımız bütün sahələrdə uğurlu fəaliyyət göstərir, Azərbaycanın daha da möhkəmlənməsinə, çiçəklənməsinə öz töhfələrini vermək üçün səylə çalışırlar. Yenə də qeyd edirik ki, vacib amil hər kəsin öz üzərinə düşən missiyanı lazımi səviyyədə yerinə yetirməklə ölkəmizin inkişafına dəsək olmasıdır. Qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artması onların bu gün nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının 750 minə yaxın üzvünün 50 faizini təşkil etmələrindən də aydın görünür. Ulu öndər Heydər Əliyev partiyada qadınların və gənclərin çoxluq təşkil etməsini qarşıya mühüm vəzifə kimi qoyurdu. Dahi şəxsiyyətin partiyanın II qurultayında səsləndirdiyi fikirləri yada salmaq istərdik: “Sevindirici haldır ki, qadınlar partiyamızda əhəmiyyətli yer tuturlar. Qadınlar cəmiyyətdə mühüm, həlledici amil təşkil edirlər... Qadınlar ailənin dayağı, ocağın qoruyucusudur. Buna görə də bütün qadınlar cəmiyyətdə çox mühüm rol oynayırlar.” Ulu öndər Heydər Əliyev qadın anlayışının özündə ehtiva etdiyi bütün xüsusiyyətlərin fonunda bu inamı ifadə etmişdir ki, qadınlar partiyamıza daha sadiq xidmət edəcəklər. 1995-ci ildə YAP Qadınlar Şurasının təsis edilməsi də onlara diqqət və qayğıdan irəli gəlirdi.

Ümumiyyətlə, qadınlara diqqət dövlət siyasətinin prioritetləri sırasındadır. Əvvəldə də qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirmişdir. Lakin ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idavrəetmə orqanının təşkilini şərtləndirdiyi üçün dövlət başçısı İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu addımlar da qadının cəmiyyətdəki roluna verilən dəyərdən irəli gəlir. Mövcud problemlərin kompleks həllinin təmin edilməsi üçün dövlət tərəfindən göstərilən dəstək, atılan uğurlu addımlar sözsüz ki, qadınların fəallığını artırır, həyata keçirilən siyasətə dəstək verərək,  fəaliyyət göstərdikləri sahələrdə qarşıya qoyduqları məqsədlərə nail olmaq üçün daha səylə çalışmalarına stimul verir.

Bir faktı da qeyd edək ki, artıq qadınların parlamentdə, bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması da diqqət göstərilən məsələlərdəndir. Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri, eyni zamanda, son bələdiyyə seçkiləri bu istiqamətdə mühüm uğurlu nəticələrlə yadda qaldı. Bu gün parlamentdə və bələdiyyələrdə qadınlarımız çoxluq təşkil edir. Onlar bu və ya digər sahələr üzrə fəallıqlarını artırmaqla hərtərəfli inkişafa, yeni-yeni hədəflərin gerçəkləşməsinə dəstək olurlar.

Qadınlarımızın beynəlxalq aləmdə təmsil olunmalarını da təmin etmək üçün mühüm addımlar atılıb. Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulub.

Qadınların ayrı-ayrı sahələrdə təmsil olunmalarının staistikasına diqqət yetirdikdə fəallığın hansı səviyyədə olduğu aydın görünür. Bu faktı xüsusi qeyd etmək lazımdır ki, qadınların böyük çoxluq təşkil etdiyi sahələr arasında səhiyyə və təhsil xüsusi yer tutur. İqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirilən neft sənayesində çalışan qadınlarımız da böyük çoxluq təşkil edir. Onlar dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə töhfələrini verməklə Azərbaycanın işıqlı gələcəyinə çalışırlar.  Qadınların ölkədə geniş vüsət alan abadlıq, quruculuq işlərinə töhfələri davamlıdır. Bu da ondan irəli gəlir ki, qadınlarımız ölkənin hərtərəfli inkişafında, çiçəklənməsində, qüdrətlənməsində səylərini əsirgəmir, çalışdıqları sahədən asılı olaraq gördükləri işlərin miqyasını daha da genişləndirməyə maraq göstərirlər. Onların bu səyləri qeyd etdiyimiz kimi, digər əsas  missiyalarına - ailənin dayağı, ocağın qoruyucusu vəzifəsinə əsaslanır. Ailənin kiçik bir dövlət olduğunu nəzərə alsaq, bu dövlətin bütövlüyünü, dəyərlərini qorumaq üçün daha çox səy göstərən qadın, ana sözsüz ki, bu gün böyük uğurları ilə dünyanın diqqətində olan müstəqil dövlətimizin-Azərbaycanımızın daha da qüdrətlənməsinə çalışacaq. Dövlət başçısı İlham Əliyevin bayram təbrikində səsləndirdiyi “Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə onlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Qadınlarımızın hazırkı ictimai mövqeyi və işgüzar nüfuzu vahid məfkurə ətrafında birləşmiş cəmiyyətimizin mühüm reallıqlarından biridir” fikirləri də qadınlara diqqət və qayğısının göstəricisidir.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ayrı-ayrı sahələrin inkişafına yönələn diqqət və qayğısının, gördüyü işlərin fonunda ümumilikdə Azərbaycan qadınının nəyə qadir olduğunu görürük. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Bu adlara layiq görülməsini şərtləndirən işlərə, onun bilavasitə təşkilatçılığı və təşəbbüsü ilə həyata keçirilmiş və reallaşdırılmaqda olan proqram və layihələrin miqyasına diqqət yetirdikdə Azərbaycanın inkişafına verilən töhfələrin aydın mənzərəsi yaranır. İctimai-siyasi fəaliyyətə başladığı gündən cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olan Mehriban xanım Əliyeva haqqında belə təsəvvür formalaşıb ki, o, səmimidir, məsuliyyətlidir, həssasdır, işgüzardır və xeyirxahdır. 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyəti Dostları Fondunun məqsədi budur- milli mədəniyyətimizin inkişafına gömək göstərmək, xalqımızın dəyərli mədəniyyət nümunələrinin xaricdə təbliğini dəstəkləmək. Humanizm pirsiplərinə əsasən fəaliyyət göstərən, başlıca missiyası insanlara xeyirxahlıq göstərmək, milli-mənəvi dəyrlərimizi yaşatmaq, mədəniyyətimizi təbliğ etmək olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin  əsasında uşaqlara qayğı öndə dayanır. Körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirən Heydər Əliyev Fondunun layihələrinin başlıca meyarı uşaqlara diqqət və qayğıdan ibarətdir. Mehriban xanım Əliyevanın gənc nəslin təhsilinin inkişafı istiqamətində atdığı addımlar da təqdirəlayiqdir. Belə ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəb tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Mehriban xanım Əliyevanın  milli irsimizin qorunması istiqamətində göstərdiyi səylər də təqdirəlayiqdir. Muğamımızın inkişafı yönümündə atılan addımlar göz qabağındadır. Fondun təşəbbüsü ilə UNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. Muğamların qorunub saxlanılması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edildi. Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncamla Azərbaycanın Birinci vitse-prezidenti təyin edilən Mehriban xanım Əliyeva Azərbaycanın daha da güclənməsinə, möhkəmlənməsinə, yeni-yeni hədəflərin gerçəkləşməsinə davamlı töhfələrini verir. Sosial məsələlərin həlli Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bir sözlə,  Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir.

Mehriban xanım Əliyevanın fəaliyyətini özləri üçün örnək qəbul edən qadınlarımız qarşıdakı illərdə də ölkəmizin inkişafı istiqamətində  daha səylə çalışacaq, gənc nəslin ənənələrimizin, mədəniyyətimizin, tariximizin qorunması,  milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyə olunmalarına daha böyük diqqət göstərəcək, günbəgün qüdrətlənən, müasirləşən Azərbaycan onların qürur mənbəyi olacaq. Hər il bayram günü ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan qadınlarına təbriki, bir qrupuna fəxri adların verilməsi, orden və medallarla təltif olunmaları da onlara diqqət və qayğının yüksək səviyyədə olmasının əsas göstəricilərindəndir. Cənab İlham Əliyevin təbrikində də bu məqam xüsusi önə çəkilir ki, qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyini prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər.

Bayramınız mübarək, əziz qadınlar!

Sizə cansağlığı, həyatın bütün sahələrində bol-bol uğurlar, dövlətçiliyimizin, kiçik dövlət kimi dəyərləndirilən ailələrin qorunmasında, gənclərimizin milli ruhda tərbiyəsində fəal rolunuzu daha da artırmağı, həyata nikbin yanaşıb gözəlliyinizin, sağlamlığınızın keşiyində qürurla dayanmağınızı, ən əsası daim “məndən gözəli yoxdur” tezisini gündəlik fəaliyyətinizin bir hissəsi hesab etməyinizi  arzu edirik.

Yeganə Əliyeva, “İki sahil”