18 aprel 2020 14:14
1625

Sevil Mikayılova: Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər planı Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır

"Azərbaycan Prezidenti İlham Əliyevin insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı hökumət qarşısında qoyduğu vəzifə və tapşırıqlar ölkə vətəndaşları tərəfindən böyük məmnunluqla qarşılanır. İndi insanlarımız hər zaman olduğundan daha çox öz Prezidentinə, öz dövlətinə güvənir".

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Millət vəkili bildirib ki, hazırda vətəndaşların sosial təminatı Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir və Azərbaycan Prezidentinin irəliyə sürdüyü genişmiqyaslı sosial paketlər əhalinin bütün təbəqələrini əhatə edəcək.

"Koronavirus pandemiyası ilə bağlı həm ölkəmizdə, həm də bütün dünyada həyata keçirilən məhdudlaşdırıcı tədbirlər, heç şübhəsiz, ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Bunu nəzərə alan Azərbaycan dövləti hazırki vəziyyətdə iş yerlərinin ixtisar edilməsinin qəbulolunmaz olduğunu, həm dövlət sektorunda, həm də özəl sektorda iş yerlərinin və əməkhaqlarının qorunub saxlanmasının vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı, pandemiyadan əziyyət çəkən sahələrdə işləyən insanların əməkhaqqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Dövlət sektorunda işləyən 1 milyona yaxın insanın məvacibləri isə dövlət tərəfindən tam ödənilir. Bundan əlavə, dövlət 300 min muzdlu işçinin əməkhaqqlarının bir hissəsini maliyyələşdirir və təqribən 300 min fərdi sahibkara dəstək verilir", - deyə S.Mikayılova vurğulayıb.

Millət vəkili həmçinin qeyd edib ki, hər zaman Azərbaycan vətəndaşının təminatının keşiyində dayanan dövlətimiz xüsusilə əhalinin məşğulluq imkanlarının artırılması, özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətlənməsi, ödənişli ictimai iş yerlərinin açılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Xususilə, qeyd etmək lazımdır ki, bu il 90 min işsiz ictimai işlərlə təmin ediləcək.

"Eyni zamanda aztəminatlı ailələrin problemlərinin həlli məqsədilə 600 min insan aylıq 190 manat həcmində müavinət alacaq ki, onlar pandemiya şəraiti ilə bağlı işini itirən və qeyri formal məşğulluqla məşğul olan vətəndaşlarımızdır. Bundan əlavə, ölkə prezidenti ünvanlı sosial yardım alan vətəndaşların sayının artırılması ilə bağlı da xüsusi tapşırıq verib. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyinolunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi növbəti ayda davam edəcək və bu məqsədlə əlavə 3 milyon manat ayrılıb. Hazırda, 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardımla əhatə olunub və hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər planı hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və dövlət qayğısı ilə əhatə olunan xalqımız bugün ozünü həmişəkindən daha güvənli hiss edir."