“Azərbaycan ilk gündən virusla mübarizə istiqamətində operativ privintiv qərarlar qəbul etdi. Prezident İlham Əliyev virusla səmərəli mübarizənin həyata keçirilməsi məqsədilə bir sıra mühüm sərəncamlar imzaladı. Məhz bu səbəbdən virusa tutulanların sayı ölkəmizdə az oldu. Vaxtında bu tədbirlər görülməsə çox ciddi problemlər yaşaya bilərdik. Bu mənzərəni bir sıra ölkələrin acı təcrübəsində gördük. Bu gün bir sıra ölkələr Azərbaycanın qısa müddətdə qazandığı təcrübədən uğurla bəhrələnirlər. Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı hazırladığı kompleks tədbirlər planı, təkcə virus epidemiyasının arealının genişlənməsinin qarşısını almağa, insanların təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə deyil, həmçinin ölkə iqtisadiyyatına, özəl sektora, sahibkarlığa təsirləri və onun mənfi təsirlərinin aradan qaldırılmasına yönəlib.”
Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev deyib.
S.Hacıyev qeyd edib ki, bu günlərdə dövlət başçısının keçirdiyi videokonfransda çıxışı zamanı söylədiyi fikirlər bir daha təsdiq edir ki, cənab Prezident bu prosesdən əziyyət çəkən insanlara dəstək məqsədilə vacib olan bütün addımları atır və atacaq: “Dövlətimizin başçısı hər bir vətəndaşının yanındadır. Onun qayğısı hər kəsi əhatə edir. Dövlət başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabineti yanındakı Operativ Mərkəz koronavirus pandemiyasının istər ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması və iqtisadiyyata, sahibkarlığa dəstək verilməsi, istərsə də pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, işsizlərin, azətminatlı ailələrin sosial müdafiəsi, istərsə də fərdi (mikro) sahibkarlara yerlərinin azaldılmaması məqsədilə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı hökumətə müvafiq tapşırıqlar verib. Pandemiayadan zərər görən işsiz vətəndaşlara verilən 190 manat yardımın növbəti mərhələdə 600 min insana şamil ediləcəyi barədə Cənab Prezidentin tapşırığı onun ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılmasına verdiyi önəm və dəyərin göstəricisidir.”
Deputat onu da əlavə edib ki, sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artdığından, kommunal ödəmələrə güzəşt edilib: “Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır. Ümumiyyətlə dövlət tərəfindən xüsusi sosial paket hazırlanıb və həyata keçirlməkdədir.”
S.Hacıyev vurğulayıb ki, görülən tədbirlər həm əhalinin sağlamlığına, iş yerlərinin saxlanmasına, həm də sosial təminatının qorunmasına xidmət edir: “Eyni zamanda bu tədbirlər planı Prezidentin ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələlərdən hərtərəfli xəbərdar olduğunu və onları daim diqqət mərkəzində saxladığını, həmçinin qarşılaşılan problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdiyini, nəticəsi ilə şəxsən maraqlandığını göstərir. Belə çətin günlərdə insanların sosial müdafiəsinin gücləndirilməsi üçün pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən vətəndaşların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bununla yanaşı, ölkə başçısı tərəfindən vətəndaşların sosial rifahına təsir edən digər bir neçə məqamı da yada sala bilərik. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb və bu tədbir 14 min nəfəri əhatə edir, bunun üçün isə 2.6 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub ki, buna da 40 milyon manat ayrılıb.”
Orxan Vahidoğlu, “İki sahil”