Həkim-tibb sahəsində yüksək səviyyədə elm və bacarığa malik olan insan. Açıqlaması çox bəsit oldu bəlkə də. Elə buna görə də gəlin, ətraflı düşünək: kimdir həkimlər? Həyatımızda nə kimi rolu var?
Xalqın tarixən ən ülvi, ən müqəddəs insan saydığı şəxsdir həkim. Sənətini yaxşı bilən, xalqın sağlamlığının keşiyində layaqətlə dayanan həkimlərə vaxtı ilə “el anası” da deyirmişlər. Hətta həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər belə öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdi.
Həqiqətən də xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Bu məsuliyyəti kiçik yaşlarımdan hiss etmişdim. Çünki evimizdə o ülvi peşəyə sahib olan atam vardı. Özünün, ailəsinin sağlamlığından daha çox can yandırırdı onu hər sabah xəstəxanada ümidlə gözləyən xəstələrinə... Mən də atama baxdıqca həvəslənir: “Atacan, böyüyəndə həkim olacağam” - deyirdim. Elə bu zaman qaşları çatılır, üzündəki etiraz ifadəsini aydınlıqla görmək olurdu. Cəsarətimi toplayıb bir gün o çatılan qaşların səbəbini soruşdum atamdan. Aldığım cavab isə həkim olmaq arzumdan imtina etmək üçün yetərli gəlməmişdi mənə. Bir zamanlar böyük istəyimin qarşısına sədd çəkmiş o cavaba görə həmin an kinlənmişdim atama. Lakin o zaman anlamasam da indi o arzuma əngəl olan həmin etirazın səbəbini anlayır, hətta bunun üçün atama haqq da qazandırıram.
Peşələri son dərəcə çətin və vacib olan həkimlərimizə hazırda dünyanı bürüyən pandemiya dövründə daha çox ehtiyac yarandı. Əslində hər zaman ehtiyac vardı, sadəcə bunun fərqində deyildik. Buna görə də qədri bilinməyən bu peşə sahiblərinin koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda dəyəri bilinməyə başladı. Axı onlar dünyanın mübarizə apardığı bu savaşda ön cəbhənin əsgərləri kimi vuruşurlar. Onlar aylardır öz həyatlarını, vaxtlarını, ailələrini, övladlarını digərlərinin həyatını xilas etmək uğrunda fəda edirlər. Unutmayaq, təkcə indiki günlər üçün gərəkli deyil bizə bu qəhrəmanlar! Bütün ömrünü insanların gözlərinə nur paylamağa həsr etmiş unudulmaz həkim, Ulu Öndərimizin vəfalı ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu şərəfli peşə sahibləri haqqında belə demişdir: “Həkimlər insanlara günəş kimi lazımdır!”
Gəlin, həyatımızı xilas etmək uğrunda min bir əziyyətlərdən keçən bu insanların işini biz evdə qalaraq yüngülləşdirək. Bunu edək ki, bu bəladan birgə xilas olaq. Canımızı etibar etdiyimiz insanlar, xəstələriniz sizə, siz də Allaha əmanət!
Aidə Həmidqızı