12 iyun 2020 12:29
739

Azərbaycan polisinin fəaliyyətinə kölgə salmağa heç kimin haqqı yoxdur

Koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə atılan addımlar, görülmüş qabaqlayıcı tədbirlərin effektivliyi ilk növbədə Daxili İşlər Nazirliyinin virusla mübarizəyə operativ şəkildə səfərbər edilməsi ilə özünü büruzə verdi. Çünki pandemiyanın mövcud olduğu ilk günlərdən xüsusi karantin rejiminin qaydalarına tam şəkildə əməl olunmasını nəzarətdə saxlamaq Daxili İşlər Nazirliyinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, Azərbaycan polislərinə həvalə olundu.

Azərbaycan polisi belə bir kritik dönəmdə də insanların təcrid olunmasına, onların karantin rejiminə lazımi səviyyədə əməl etməsinə görə cavabdehlik daşıyır. Paytaxt küçələrində gördüyümüz polis əməkdaşları bizi məhz virusa yoluxdurucaq əməllərdən qorumağa, mümkün qədər uzaq tutmağa çalışırlar. Onlar qoruyucu tibbi maskalardan istifadə etməyimizə, sosial məsafəni qoruyub saxlamağımıza, küçəyə çıxmaq üçün icazəmizin olub-olmamasına, kütləvi şəkildə toplaşmamağa, ölkədə asayişin təmin edilməsinə nəzarət edirlər.

Məlumdur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 6 iyun saat 00:00- dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olundu. Küçələrə çıxış dayandırıldı, hətta marketlər, apteklər belə işləmədi. Qəbul edilən qərara görə, sakinlər yaşayış və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün 102 xidməti vasitəsilə icazə almaqla tərk edə bilərlər. Qərarda göstərilən tələblərə riayət olunması məcburi və mütləq idi. Gəlin görək ki, bu qadağaya hamı əməl etdimi? Əfsuslar olsun ki, yox! Şübhəsiz ki, sərt karantin rejiminin tətbiq olunduğu müddətdə qanuna əməl etməyən, ictimai asayişi pozan şəxslər cərimə olundular. Yəqin ki, həmin insanlar etdikləri səhvdən nəticə çıxararlar.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev sərtləşdirilmiş karantin rejimi dövründə karantin qaydalarının pozulmasına münasibət bildirib: “Burada artıq söhbət insanların özünün, yaxınlarının, doğmalarının sağlamlığından gedirdi. Hər kəs bu qadağaya ciddi yanaşmalı idi. Təkcə məsuliyyətdən qorxduğuna görə yox. Ən azından hökumətin atdığı addım insanların sağlamlığının qorunmasından ötrü atılan addım idi. Nəyə görə insanlar 2 gün evdən çölə çıxmasın. Aydın məsələdir, bu, sağlamlığın qorunmasından ötrü atılan addım idi. Əhalinin 99 faizindən çoxu bu qadağaya əməl etdi. Əfsuslar olsun ki, qayda pozuntusuna yol verən intizamsız vətəndaşlar, sosial şəbəkələrdə şayiələrə uyan insanlar bu xəstəliyin ciddiliyini nəzərə almadılar. Evlərindən çıxanlar da həmin insanlar idi. 6 milyonluq əhalinin yaşadığı ərazidə cəmi 4800 nəfər məsuliyyətə cəlb olunub.”

Sərt karantin rejimi müddətində də Azərbaycan polisi kifayət qədər nizam-intizam, qanunun tələblərini gözləyərək vəzifə borcunu yerinə yetirdi. Bu ağır günlərdə Azərbaycan xalqının bir hissəsi olan polis işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Bununla yanaşı, Azərbaycan polisi özünün humanizmindən də qalmadı. Bəzi hallarda ciddi ehtiyac duyanlara kömək əli uzadıldı. Məhz iyunun 6-7-də Bakıda polis əməkdaşı xəsarət alan azyaşlıya yardım edib. Uşağın valideyni ərazidə xidmətdə olan yol polisi əməkdaşlarına müraciət edərək onlardan yardım istəyib. Xidmətdə olan yol polisi əməkdaşları icazə əsasında xidməti ərazini tərk edərək azyaşlı və onun valideynini xəstəxanaya çatdırıblar. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib. Sonra xəstə və valideyni polisin köməyi ilə evlərinə qaytarılıblar. Uşağın valideyni yol polislərinə minnətdarlıq edib. Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən paytaxt sakini çörəyə ehtiyacının yarandığını bildirib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib və müraciət edən ailə çörəklə təmin olunub. Paytaxt ərazisində 9 aylıq hamilə qadının xəstəxanaya çatdırılması ilə bağlı polisə müraciət ediblər. Hadisə yerinə ilk gələn Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru xidməti avtomobillə qadını xəstəxanaya apararkən qadın avtomobildə övladını dünyaya gətirib. DYP əməkdaşı qadını və yeni doğulmuş körpəni xəstəxanaya çatdırıb.

Etiraf edək ki, polis əməkdaşlarımız öz işlərinə məsuliyyətsiz, laqeyd yanaşsaydılar, vətəndaşların sağlamlığına, yoluxmanın artmasına əhəmiyyət verməsəydi Azərbaycanda koronavirus qurbanlarının sayı Çinin Uhan şəhərini də keçəcəkdi. Əlbəttə, biz vətəndaşlar gecə-gündüz, istidə-soyuqda paytaxt küçələrində, avtobuslarda, metro stansiyalarında çalışan polislərin əməyinə düzgün qiymət verməli, onların zəhmətini itirməməliyik. Birmənalı olaraq deməliyik ki, pandemiyanın ilk günlərindən polislərimiz də həkimlərimiz qədər fədakarlıq göstəriblər. Azərbaycan polisinin xidmətinə kölgə salmağa heç kimin haqqı yoxdur. Necə deyərlər, “mənim polisim məni qoruyur!” Bu, həmişə belə olub və belə də olacaq!

Gəlin, bu cür ağır günlərdə həmrəy olaq! Məsuliyyətsizlik, laqeydlik əvəzinə birlik nümayiş etdirək. Həkimlərimizə və polislərimizə dəstək olaq. Bizim sağlamlığımız və təhlükəsizliyimiz naminə gecə-gündüz demədən çalışan, əziyyət çəkənlərə təşəkkür və dəstək əlaməti olaraq qanunlara əməl edək, tövsiyələri yerinə yetirək.

Yaqut Ağaşahqızı,

“İki sahil”