11 sentyabr 2025 22:37
135

Gələcək üçün birlikdə

Təhsildə inkişaf və islahatların növbəti mərhələsi başlanır

Sentyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinq keçirib.

Emin Əmrullayev bildirib ki, yeni tədris ilində məktəbəqədər təhsil 226 min, ümumi təhsil 1,6 milyon, peşə təhsili 40 min, orta ixtisas təhsili 63 min, ali təhsil 246 min nəfər olmaqla, ümumilikdə 2,2 milyon təhsilalanı əhatə edəcək. İşçi heyət 300 min nəfərdir. Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsinə 243 uşaq cəlb edilib. Bu müəssisələrdə təlim-tədris prosesində 82 nəfərlik heyətimiz var.

E.Əmrullayev vurğulayıb ki, bu ildən tərbiyəçilərin sertifikatlaşdırılması olacaq: “Bağçalar üzrə ölkə daxilində rekord həddə - 40 faizə çatmışıq. Məktəbəqədər bağçalar artım hesabına əlavə yerlərimizin sayı 120-130 min artıb. Biz 16 faizdən 40 faizə çatmışıq. Gələn il bunu 50 faizə çatdırmağı planlaşdırırıq. Məhz məktəbəqədər təhsil ölkə təhsilinin gələcəyi üçün vacib məqamdır”.

Elm və təhsil naziri, həmçinin təhsil müəssisələrində 50 minə yaxın uşağın qida ilə təmin edildiyini bildirib.

Məktəbəqədər qəbul sisteminin tam mərkəzləşdiyini söyləyən Emin Əmrullayev deyib: “Elm və Təhsil Nazirliyi olaraq bu sistemin daha çox irəli getməsinə çalışırıq. Bölgələrdə məktəbəqədər təhsilin yerləri çoxdur, ancaq şəhərlərdə valideyn gözləyir. Biz çalışırıq ki, bu vəsaiti şəhərdəki məktəbəqədər qruplarının yaradılmasına yönəldək”.

Nazir diqqətə çatdırıb ki, son illərdə 600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub, qəzalı məktəblərin sayı isə 2 dəfədən çox azalaraq 400-ə enib.

Emin Əmrullayev bildirib ki, ötən tədris ilində monitorinqlər nəticəsində 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib.

Nazir vurğulayıb ki, Qarabağda daha 6 məktəbəqədər təhsil müəssisəsinin açılışı planlaşdırılır:”İşğaldan azad edilmiş ərazilərdə hazırda 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə təlim-tədris prosesində 82 nəfərlik heyətimiz var”.

E.Əmrullayev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 14 məktəbdə 2807 şagird təhsil alır:”2025-2026-cı tədris ilində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin açılması planlaşdırılır”.

Nazir diqqətə çatdırıb ki, son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfəyə qədər artıb: “Müəllimlərin əməkhaqqında 2016-cı ildə 10 faiz, 2019-cu ildə 20 faiz, 2022-ci ildə 20 faiz, 2023-cü ildə 10 faiz artım olub”.

Emin Əmrullayev bildirib ki, tam orta təhsil səviyyəsi üzrə 14 məktəbdə (1238 şagird) yeni təmayül tədris modeli pilot olaraq tətbiq ediləcək.

Nazir  qeyd edib ki, direktor seçimində sertifikatlaşdırma balı əsas götürüləcək:”Məktəbdəki müəllim keyfiyyəti sertifikatlaşma nəticəsində artır. Sertifikatlaşdırmanın nəticəsinə əsasən, ibtidai təhsil müəllimləri üzrə 4 min ətrafında təhsilverənin əmək fəaliyyətinə xitam verilib. Sertifikatlaşdırmadan uğurla keçən bəzi müəllimlərin maaşına 90 faizdən çox artım edilib”.

“Vakant direktor vəzifələri təhsil müəssisələrinin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq. Şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək”, - deyə nazir vurğulayıb.

E.Əmrullayev bildirib ki, Bakının bütün məktəblərində fəaliyyət rəqəmsallaşdırılır, “Rəqəmsal məktəb” layihəsi həyata keçirilir.Bakı şəhərində 353 məktəbdə bu layihə tətbiq edilir. Həmin məktəblər 500 mindən çox şagirdi əhatə edir.

Nazir diqqətə çatdırıb ki,  2026-cı il üzrə nəzərdə tutulmuş 75 min tələbə qəbulu hədəfinə nail olunub: “Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb. Dövlət sifarişli əsaslarla təhsil alan tələbələrin sayı isə 2 dəfədən çox artıb”.

Emin Əmrullayev qeyd edib ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanmış 160 nəfər TOP 10-da yer alan universitetlərdə oxuyacaq.

Ümumilikdə 1752 nəfər Dövlət Proqramı çərçivəsində təhsil hüququ qazanıb.

Nazir vurğulayıb ki, 2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin 75 faizi dövlət sifarişli əsaslarla təhsil alacaq:”Qəbul yerlərinin 60 faizi regionlar, 40 faizi isə Bakı şəhəri üçün nəzərdə tutulub”.

“Peşə təhsili sahəsində maliyyələşmə və idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə 9 müəssisədə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur”, - deyə nazir bildirib.

E.Əmrullayev bildirib ki, 2022-2023-cü tədris ilində 15 lisey və gimnaziya, 2023-2024-cü tədris ilində 32 lisey və gimnaziya, 2024-2025-ci tədris ilində 34 lisey və gimnaziya fəaliyyət göstərib. Yeni tədris ili üzrə ümumilikdə 39 lisey və gimnaziya fəaliyyət göstərəcək. Gələcəkdə bu tip müəssisələrin sayının artırılması planlaşdırılır.

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Yaqut Ağaşahqızı, “İki sahil”