Artıq 102-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları vaxt itirmədən xalqımızın bütün istiqamətlərdə tərəqqisinə hesablanan addımlar atmağa başlamışdılar. Əslində Cümhuriyyətin yarandığı dövr və bu dövrdə Azərbaycanın, azərbaycanlıların reallığı - dözülməz şərait, ölkəni başdan-başa bürüyən savadsızlıq vaxt axarından mümkün qədər intensiv yararlanmağa sövq edirdi Cümhuriyyət qurucularını. Onlar məcburən, nəfəs dərmədən dövlət aparatlarının quruculuğu ilə paralel olaraq təhsilin, səhiyyənin intişarını da eyni ahəngdə davam etdirirdilər.
Bir yandan savadsızlıq, bir yandan səhiyyənin olmaması, insanların yalnız müəyyən türkəçarələrlə bir növ başlarını qatması əhalinin sabaha ümidlə yaşamasını belə sual altında qoyurdu. Təsəvvür edin ki, vaxtaşırı olaraq indinin kütləvi qırğın silahları qədər qurbanlara səbəb olan yoluxucu xəstəliklər pandemiya xarakteri alanda onun qarşısına çıxmaqda türkəçarələr tamamilə aciz qalırdı. Bunun isə hansı fəsadlar törətdiyini təsəvvür etmək o qədər də çətin deyil.
Əlqərəz, böyük siyasi, maddi çətinliklərdən keçən babalarımız AXC-ni yaratmağa nail oldular. Şərqin ilk demokratik respublikası kimi bütün dünyaya səs salan AXC-nin qarşısında iki mühüm strateji məsələ dururdu: Ölkənin dünyada tanıdılması və millətin ən ümdə problemlərinin həlli. Bunlar milli hökumətin vətəndaşlara doğmalığının təzahürü kimi təxirəsalınmaz tədbirlərdən idi. Tamamilə milli dövlət qurulduğundan və onun milli hökuməti təsis olunduğundan Cümhuriyyət təmsilçiləri yalnız xalqın mənafelərini nəzərə alan qərarlar qəbul etməyi özlərinə borc bilirdilər. Bu əsnada atılan ən mütərəqqi addım təbii ki, ilk milli universitetin - Bakı Darülfününün, indiki Bakı Dövlət Universitetinin yaradılması idi. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusilə qeyd etməliyik. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalqı qarşısında çox mühüm xidməti kimi tarixdə öz yerini tutmuşdur. Əslində Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra da bu siyasətin davamı kimi təhsilə önəm verilərək gənclərin xaricdə təhsil almasına səy göstərilmişdir ki, ölkəmizə savadlı, milli kadrlar kimi qayıdıb çalışsınlar. Artıq onların böyük əksəriyyəti Azərbaycanın müxtəlif dövlət qurumlarında əsl mütəxəssis olaraq fəaliyyət göstərirlər. Bu siyasət hazırkı dövrdə də uğurla davam etdirilməkdədir. Çünki demokratik, hüquqi dövlət dünyaya inteqrasiya etmədən yaşaya və inkişaf edə bilməz. Hər zamanın özünə dair təhsil proqramları olub, bu gün də Azərbaycan ən son texnologiyaları öyrənməyə və onu bizim cəmiyyətimizə, istehsalatımıza transfer etməyə məcburdur. Bu, qaçılmaz, məcburi bir prosesdir və dünya durduqca yəqin ki, qarşılıqlı təmaslar xatirinə davam edəcəkdir.
M.Rəsulzadə BDU-da “Osmanlı tarixi”ni tədris etmişdi
Bütün bunlar öz yerində. Qayıdaq Cümhuriyyət zamanında Bakı Dövlət Universitetinin açılması prosesinə və ümumiyyətlə, təhsilə önəm verilməsinin müəyyən detallarına. Niyə milli universitetin yaranması böyük çətinliklər bahasına başa gəldi? Bilirsiniz ki, universitet “müəyyən muxtariyyətlər” tələb edən bir qurumdur. Dövlətin bəlli sərhədləri, atributları, simvolları olduğu kimi, universitetin də müəyyən mənada yetkin kadr potensialı, problemləri qarşılayacaq maddi-texniki bazası, prosesləri davam etdirə biləcək idarəçilk mexanizmi, dünyanın bütün elmi, bədii, ədəbi nümunələrini əhatə edəcək intəhasız kitabxanası və s. olması labüddür. Yenicə dövlət qurmuş babalarımızın qarşısında bu problemlərin hər biri özünü qabarıq şəkildə göstərirdi. Universitetdə dərs deyəcək kadrların çatışmaması ucbatından Cümhuriyyətin ideoloqu, Milli İstiqlal Bəyannaməsinin müəllifi, parlamentdəki ən böyük fraksiya olan Müsavat fraksiyasının sədri Məmməd Əmin Rəsulzadə universitetdə “Osmanlı tarixi”ndən dərs deməyə məcbur olmuşdu. Universitetə rəhbər təyin etmək üçün alim axtarışı, nəhayət, bir çox yazışmalardan sonra Saratov Universitetinin banisi və ilk rektoru olmuş, məşhur cərrah V. Razumovskinin Bakı Darülfününə rektor təyin olunması ilə başa çatmışdı. Məhz həkim ixtisaslı professor Razumovskinin üzərində dayanılmasının digər səbəbi isə universitetdə ilkin olaraq tibb və tarix şöbələrinin fəaliyyətə başlaması idi. Yuxarıda da qeyd etdiyimiz kimi, milli hökumətlər öz xalqlarının “ən yaralı” yerlərini sözün bütün mənalarında müalicə etməklə məşğul olublar. Cümhuriyyət də ölkə insanının başlıca qayğılarını nəzərə alaraq bu ixtisasların açılmasını əsas götürmüşdü.
Xaricə göndərilən 100 tələbə - Tağıyevin örnək şərtləri
Cümhuriyyət haqqında yer alan müxtəlif sənədlərdə bu məsələlər barədə təfsilatlı yazılarda oxuyuruq: “Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün Məmməd Əmin Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndizadə) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Osmanlı ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.
Bu tələbələrin bütün təhsil, yaşayış, tətillərdə evlərinə qayıtma xərclərini də dövlət öz üzərinə götürmüşdü və hesablanan ümumi məbləğin hər tələbənin təhsilinə çəkiləcək xərcin 36.000 manat, yol pulu 5.000 manat olmaqla cəmisi 4.100.000 manat təşkil edəcəyi bildirilmiş və bu məlumatlar Parlamentin tribunası olan “Azərbaycan” qəzetində dərc olunmuşdu.
“Azərbaycan” qəzetindən oxuduğumuz digər məlumat da çox diqqətçəkən örnək kimi yaddaşlara yazılası bir məqamdır:
- Əcnəbi ölkələrə təhsil almağa göndəriləcək tələbələrin qəbul etdiyi şərtlər H.Z.Tağıyev tərəfindən təsdiq olunmuş maddələrin əsasında hazırlanmışdır. Böyük xeyriyyəçi - milyonçunun şərtləri belə idi:
1. Hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
2. Tələbə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
3. Tələbə qeyri-türklə evlənməyəcəkdir.
4. Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları Xeyriyyə Cəmiyyətinə birdəfəlik və yaxud da hissə-hissə ödəyəcəkdir.
Bu qürurverici, örnək faktları oxuduqca fəxarət hisslərinə boğulmaya bilmirsən! Nə yaxşı ki, bizim belə bir milli dövlətimiz, dünyaya səs salan demokratik Cümhuriyyətimiz olub! Bu gün də onların gözəl əməlləri Cümhuriyyətin varisi olan müasir dövlətimizin rəhbərliyi tərəfindən uğurla sabahlara aparılır. Uğurlu sabahlar keçmişimizin mirasının, eləcə də dövlətimizin təməl prinsiplərinin qorunmasından, onun sağlam şəkildə gələcək nəsillərə təhvil verilməsindən keçir. Bu yolda hamımıza xoş nailiyyətlər diləyi ilə
Elza Məmiyeva