21 iyul 2020 19:12
1437

“Feyk” xəbərlər, saxta profillər, birdəfəlik telefon nömrələri...

Antimilli ünsürlərin geniş alətlər arsenalı: “feyk” xəbərlər, saxta profillər, birdəfəlik telefon nömrələri...

Azərbaycana qarşı informasiya savaşı aparan dairələrin, xəyanətkar antimilli ünsürlərin böhtan xarakterli yazıları, yalan və uydurmaları, təxribat xarakterli məlumatları erməni lobbisinin təsiri altında hazırlanır. Vətənimizin mövqeyini müdafiə etmək hər birimizin vətəndaşlıq borcu, başlıca amalı və qayəsi olmalı, anti-Azərbaycan təbliğatı aparan dairələrə, xəyanətkar antimilli ünsürlərə verilən tutarlı  cavablarımız onlara tərs sillə kimi dəyməlidir.

Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə qarşı şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi Mirkamal kimi siyasət dəllalları xaricdəki Azərbaycan əleyhdarı olan ağalarının tapşırıqlarını daha “effektli” yerinə yetirmək üçün  Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən, zombiləşmiş ünsürləri tora salaraq öz məkrli niyyətlərinə, antixalq məqsədlərinə alət edirlər.

Aqillərimiz “suda batan ilana sarılar” deyiblər. Sübhəsiz, anti-Azərbaycan dairələrin  ölkəmizin əleyhinə apardıqları “qara piar” kampaniyasında kiraladıqları AXCP-nin və “Milli Şura”nın liderciklərinin q.zahidlərdən, s.osmanqızılardan. q.məmmədovlardan istifadəsi onların antimilli, xəyanətkar siyasi fəaliyyətinin məntiqi nəticəsi və acı sonluğudur.

Ölkəmizin koronavirus pandemiyası ilə səmərəli mübarizə apardığı bir vaxtda, xüsusilə də Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətdiyi bir vaxtda bu xəyanətkar şəbəkə bir qrup “əqidədaşları” ilə sosial şəbəkələrdə meydan sulayaraq öz təbliğatlarında respublikamızda iğişaşlar yaratmağa, çaxnaşma, nifaq salmağa, qarşıdurma yaratmağa, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmağa, sabitliyin pozulmasına yönəlmiş birbaşa çağırışlar və fəaliyyətləri ilə  dövlətimizə qarşı vuruşmaq yolunu tutublar.

Təbii ki,  bütün bunların kökündə “demokrat” maskası altında gizlələnən bu zümrənin hələ də ötən əsrin 90-cı illərinin xiffəti ilə yaşaması, elə  siyasi təfəkkür cəhətdən də o illərin bataqlığında saplanıb qalması,  üçüncü minilliyin yenilikləri ilə  ayaqlaşa bilməməsi, Azərbaycanın mənafeyinə uyğun siyasi-ideoloji- mənəvi hədəflərə zidd mövqedə dayanması, ümummilli məsələlərimizin müzakirəsi və həllinə biganə qalması, nəhayət, milli mənlik şüurlarının qısırlaşması, tükənməsi, deqradasiyasıdır. 

Dövlətimizin başçısı bu antimilli qüvvələrin xəyanətkar əməllərinə layiq olduqları qiyməti verib: “Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar  bizim  gözümüzün  qabağında  baş  vermiş  hadisələr idi.  Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir.”

“Milli Şura”nın son illərdəki fəaliyyəti ə.kərimlilərin, c.həsənlilərin, g.hacıbəylilərin və onların qulbeçələrinin  əsl simasını, xaraktersizliyini, məzmun-mahiyyətini tam dolğunluğu ilə ortaya qoyur. Milli maraq və mənafeləri anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan dağıdıcı müxalifətin əli hər yerdən üzülüb. Bu antimilli ünsürlərin Avropanın müxtəlif ölkələrində daldalanan, antiazərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-syasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum olan Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Qabil Məmmədov, Vidadi İsgəndərli, Məhəmməd Mirzəli kimi düşük, səviyyəsiz, mənəviyyatsız, xarici ölkələrin xüsusi xidmət orqanlarının agentləri, muzdlu nökərləri ilə işbirliyində olması əslində bəzi qaranlıq məqamları gün işığına çıxarır. Bu xəyanətkarlar özlərini azərbaycanlı adlandırsalar da, xaricdəki düşmənlərimizin sifariş və təlimatları ilə Azərbaycan dövlətçiliyinin, onun simvollarının əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qarayaxmağa çalışsalar da heç nəyə nail ola bilmirlər.  Çünki xalqımız Azərbaycanın düşmənləri tərəfindən kiralanmış bu antimilli ünsürləri çoxdan  dirdəfəlik rədd edib.

Bu gün azərbaycanlı olmağından qürur duyan, öz dövlətinə, xalqına, Vətəninə, ordusuna, Prezidentinə bağlı olan hər bir vətənpərvər insanımız ağı qaradan seçməyi bacarmalı, bu üzdəniraq xəyanətkar, satqın zümrənin xəyanətkarlığını ifşa etməli, onlara qarşı amansız mövqe tutmalıdır. Hər birimiz əsl vətəndaşlıq nümunəsi, Vətən təəssübkeşliyi nümayiş etdirərək bu satqın , başıpozuq dəstənin anti-Azərbaycan təbliğatına qarşı bütün cəbhələrdə, xüsusilə sosial şəbəkələrdə amansız olmalıyıq. Erməni lobbisi və Azərbaycan  əleyhdarı  olan qüvvələrlə işbirliyinə girərək təxribat xarakterli materiallar yaymaqla ölkəmizə qarşı xəyanətkarcasına informasiya müharibəsi aparmalarına imkan verməməliyik. Unutmaq olmaz ki, bu gün yeni dünya düzəninin formalaşdığı, geopolitik qarşıdurmaların gücləndiyi bir vaxtda psixoloji müharibənin tərkib hissəsi olan informasiya müharibəsi  milli təhlükəsizlik məsələsinin önəmli hissəsidir. Ölkəmizə qarşı informasiya savaşı aparan dairələrin böhtan xarakterli yazıları, yalan və uydurmaları, təxribat xarakterli məlumatları məhz erməni lobbisinin təsiri altında hazırlanır. Azərbaycanın mövqeyini müdafiə etmək hər birimizin vətəndaşlıq borcu, başlıca amalı və qayəsi olmalıdır. Anti-Azərbaycan təbliğatı aparan dairələrə, xəyanətkar antimilli ünsürlərə verilən tutarlı  cavablarımız onlara tərs sillə kimi dəyməlidir.

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciəti bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezidentimizin rəsmi “İnstagram” hesabında edilən paylaşımında bununla bağlı deyilir: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd - çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır. Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan?...”

Zahid Rza, “İki sahil”