12 avqust 2020 18:36
3051

Əfsanəvi Xəzər dənizi: Dünən, bu gün, sabah

Xəzər dənizinin adı çəkiləndə ilk növbədə gözlərimiz önündə  əfsanəvi Neft  Daşları, Azərbaycandan müxtəlif qitələrə  çəkilən magistral neft və qaz  boru kəmərləri canlanır.  Bu gün  zəngin təbii sərvətlərinin dünyada tayı-bərabəri olmayan Xəzər dənizi hövzəsi özünün gözəlliyi, sirli aləmi ilə hələ çox qədimdən məşhur səyahətçilərin, alimlərin, böyük dövlət xadimlərinin diqqət mərkəzində olmuşdur. Xəzərdəki neft haqqında tarixi fakt  bizim eradan əvvəl məlumdur. Makedoniyalı İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadırı Xəzər sahilində yaşayan sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. Eradan əvvəl IV əsrdə yaşamış Flavi Arrianın məlumatına görə, hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olub-olmamasını öyrənmək məqsədilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr vermişdi. Lakin İsgəndərin ölümü bu məsələni 40 il geri salır. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirir. O, eradan əvvəl 285-280-ci illərdə Hirkan hakiminə əmr edir ki, bütün sahilboyu səfər etsin. Burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi.

Xəzər əslində  türklərin dənizidir. Fikrin təsdiqi üçün Xəzərin ətrafında yaşayan xalqları gözdən keçirmək  kifayətdir. Bu dəniz ətrafında yaşayanların, demək olar ki, hamısı türk və türk kökənlidirlər. Tarixçi alim, etnoqraf  Lev Qumilyov məşhur passionarizm nəzəriyyəsini türklərin tarixi əsasında işləyib. Onun fikrincə, qədim Xəzər dövlətinin qüdrətini zəiflədən amillərdən biri X əsrdə Xəzər dənizinin səviyyəsinin kəskin qalxması və şimali-qərbi Xəzər ətrafındakı otlaqların su altında qalması olmuşdur.

 Özünün çoxəsrlik tarixi ərzində Xəzərin çoxlu adları olmuşdur. Həmin adlar adətən onun sahilində məskunlaşmış əhalinin, böyük tayfa birliklərinin, ya da sahilyanı zolaqda yerləşən şəhər, vilayət, ölkələrin adlarına görə verilirdi. Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı. Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanmış, ilk xəritəsi isə 1616-17-ci illərdə çəkilmişdir.

300 il əvvəl Baltik dənizindən Avropaya pəncərə açan I Pyotr Şərqə tərəf yönəlib və Asiya üçün Xəzər istiqamətindən qapı açmaq qərarına gəlib. Bunun üçün Volqada 274 gəmidən ibarət donanma hazırlanıb. Bu gəmilərin əskəriyyəti 1722-ci ildə Pyotrun İrana yürüşü zamanı fırtınalar zamanı məhv olub. Maraqlı faktlardan biri budur ki, çar Rusiyası dövründə Xəzər dənizinin loqosu xəritə və onun üstündə iri nərə balığı idi. Yəni, nərə balığı bu dənizin simvolu idi.  Demək olar ki,  dünya nərə balıqları ehtiyatının 85 faizindən çoxu  Xəzər dənizində idi. Vaxt keçdi, XIX əsrin ortalarından başlayaraq Xəzərdə axtarışlar aparıldı, neft çıxarılmasına başlanıldı və dənizin simvolu neft buruqları oldu.

 Artıq  Xəzərdə nərə balığı çox azalıb. Neft isə hələ çoxdur. Azərbaycanlı alimlər Xəzərin tədqiqatına əsasən  1947-ci ildən başlamışlar. İlk dəfə olaraq 1949-cu ildə sənaye üsulu ilə neftin istehsal edilməsinə Xəzər dənizində başlanmışdır. XX əsrin 70-ci illərində Xəzərin tədqiqi ilə məşğul olan görkəmli azərbaycanlı coğrafiyaşünas alim Qasım Gül  yazırdı: "Xəzərin sərvətləri müxtəlif və rəngarəngdir. Dünya durduqca Xəzər bəşəriyyətə xidmət edə, ona bol ruzi verə bilər. Bunun üçün onun təbii sərvətlərindən, iqtisadi imkanlarından ağıl və zəka ilə zamanın tələblərinə uyğun səmərəli istifadə yolları müəyyən edilməlidir."

Xəzər sahillərinin əsas kurort rekreasiya sərvəti müxtəlif iqlim-müalicə vasitələrini və profilaktik istirahəti tamamilə təmin edə bilən günəş radiasiyası, dəniz suyu və çimərliklərdir. Hələ 1984-cü ildə Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü,  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin təşəbbüsü ilə Xəzər dənizinin Azərbaycan sahil zonasında Ümumittifaq əhəmiyyətli kurort-sanatoriya kompleksi yaratmaq üçün qərar qəbul edilmiş, Xəzərin Azərbaycan sahillərinin 660 km-i bu məqsəd üçün yararlı sayılmışdı. Xəzərin Azərbaycandakı sahil xəttinin ümumi uzunluğu 825 kilometrdir və onun 660 kilometri zəngin kurort-rekreasiya ehtiyatlarına malik olması ilə dənizin digər sahillərindən fərqlənir.

 Azərbaycan əhalisinin yarıdan çoxu - təqribən 5 milyondan çox insan Xəzər sahillərində yaşayır. Ölkənin paytaxtı Bakı şəhəri dənizin sahilində yerləşir.  Bu  gün Xəzər dənizinin  sahilləri azərbaycanlıların sevimli istirahət yeridir, burada  çoxlu sayda bağ evləri, istirahət zonası və müalicə ocaqları mövcuddur.

Xəzər dənizi  planetimizin  tayı-bərabəri olmayan  nadir incisidir. Ona görə də Xəzəri qorumaq lazımdır.

N.Muğanlı, “İki sahil”