"Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması ilə bağlı Naxçıvan Muxtar Respublikasında yaradılmış "İnklüziv sosial inkişaf və sosial təminat üzrə Alt İşçi qrupu"nun iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Muxtar respublika üzrə İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" əsas götürülməklə ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dinamik sosial-iqtisadi inkişafın uğurla davam etdiyini bildirib. 2027-2030-cu illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının da ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya, sosial xidmətlər, inklüziv cəmiyyətin inkişafı sahələrində əldə olunan nailiyyətlərin davam etdirilməsi məqsədinə xidmət edəcəyi nəzərə çatdırılıb.
Müzakirələr zamanı təkliflərin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğunluğu, elmi-praktiki əsaslandırılması, zəruriliyi və həyata keçirilmə mexanizmləri müəyyən edilərək hazırlanmasının diqqətdə saxlanılmasının zəruriliyi vurğulanıb.