02 oktyabr 2025 22:17
92

Balaca fidanların sevinc payı

Bildiyimiz kimi, 1 oktyabrdan ölkəmizdə bütün ümumtəhsil məktəblərində balaca fidanlar ilk dəfə məktəbəhazırlıq qruplarına qatıldılar və məktəb həyatı ilə tanış oldular. Onların arasında Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində qəhrəman Vətən sevdalısı Vüsal Kazımovun kiçik qızı, Aynur Kazımova da vardır. Onun bu ilk addımı həm də atasının şanlı yolunun davamı olaraq hər birimiz üçün böyük qürur və mənəvi dəstək mənbəyidir.

Şəhid qızı Aynurun qədəm qoyduğu təhsil ocağında bu münasibətlə keçirilən tədbir Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Bu an balacaların vətənpərvərlik və milli dəyərlərə daha ürəkdən bağlanması , eyni zamanda onların təhsil həyatına mənəvi hazırlıq üçün böyük əhəmiyyət kəsb etdi.

Şəhid Vüsal Kazımovun atası, Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor Kamran Kazımovun, şəhid ailə üzvlərinin , Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın , Astara Pedaqoji Kollecinin işçi heyəti və məktəbin direktoru Ramiz Ramazanovun qatıldığı mərasimdə çıxışlar zamanı bildirildi ki, dövlət və cəmiyyətin əsas prioritet istiqaməti şəhid övladlarının rifahının yüksək səviyyədə təminidir. Şəhid yadigarı olan bizim balaca Aynur təhsil yolunda hər zaman dəstək alacaq, onun bacarıqlarının inkişafı və təhsil imkanlarının artırılması üçün mövcud resurslardan tam istifadə olunacaq. Həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının həmişə davamlı olduğu diqqətə çatdırıldı.

Tədbir iştirakçıları daha sonra məktəbin fəaliyyəti ilə yaxından tanış oldular, sinif otaqlarına baxdılar, müəllim və şagirdlərlə səmimi dialoqlar apardılar. Eləcə tədrisin təşkili, dərs metodlarının tətbiqi və fərdi bacarıqların inkişafı mövzusunda fikir mübadiləsi də maraqlı alındı.

 Yekunda balaca Aynura və bütün fidanlara sağlam, uğurlu və nurlu təhsil həyatı, Vətənə layiqlı, mərd vətəndaşlar kimi böyüməsi arzulandı. Həm də dövlətimizin bütün dünyada başımızı ucaldan şəhid övladlarına göstərdiyi diqqət və qayğının, eyni zamanda təhsil müəssisələrinin sosial və mənəvi məsuliyyətlərinin bariz nümunəsi olduğu deyildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü