Ədəbi mühitdə öz dəst-xətti, cığırı olan Xanəli Kərimli (Kərimli Xanəli Abbas oğlu) 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, ikinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
O bir sıra elmi, ictimai və publisist məqalələrin “Ay işığında” (1988), “Anamdan məktub” (2001), “Bu da bir nağıldır” (2004), “Mənə elə gəlir ki,...” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, Urmiya 2011) şeir kitablarının, “Ali və orta məktəblərdə Cənubi Azərbaycan ədəbiyyatının tədrisi metodikası” (2000) metodik vəsaitin müəllifidir. Haqqında “Şairə məktub” (2007), “Sözün Əlincə qalası” məqalələr topluları və fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı”(2011) monoqrafiyası nəşr edilib.
Yuxarıda qeyd edildiyi kimi onun ilk əsəri “Ay işiğında” adlı şeirlər kitabıdır. Bu ad təsadüfi seçilməyib. Ay gecəni öz işığı ilə nura qərq etdiyi kimi, Xanəli Kərimli də bir məşəl kimi oxucusunun qəlbini sözlə nurlandırmağa çalışır. “Dünyanın kilidlərini sözlə açmaq”, “sözü sözlə yaşatmaq” onun ən böyük arzusu və amalıdır. Onunla hərdən söhbətləşəndə deyir:
Söz meyvə kimidir. Vaxtında dərilməyən meyvə gərəksiz olduğu kimi, vaxtında deyilməyən söz də gərəksizdir. Çünki söz əxlaqdır, mənəviyyatdır. Onun qüdrəti Tanrı qüdrəti qədər böyükdür. Vaxtında yazılmış əsərlər, şeirlər torpağa basdırılmış minalar kimidir. Zamanı gələndə partlayacaqlar. Ona görə də şeirlərimi toxumluq dənlik kimi xalqın əbədi yaddaşına, şəhid qanı çilənmiş torpağına, daşına səpirəm ki, onlardan bəlkə ikisi, üçü, beşi göyərdi. Çünki bu toxumlar xalqımızın gerçəkləri, gələcək arzularıdır. Bu arzuya çatmaq üçün hər bir vətən övladı vətənpərvər olmalıdır. İndi Azərbaycan müstəqil dövlət kimi yaşadığı zamanda vətənpərvərlik hər bir insanın ən ümdə borcu və vəzifəsinə çevrilməlidir. Hər kəs vətənin layiqli vətəndaşı olmasını özünün vicdani borcu hesab etməlidir. Bir şeirimdə yazıram:
Ocağın közü mənəm,
Zamanın sözü mənəm,
Rəngim Vətən rəngidir
Astarı, üzü mənəm.
Bu daş Vətən daşıdı,
Yol yoldaşım naşıdı,
O bilmir, bu daş deyil,
Ürəyimin başıdır.
Oxucu şairi hər addımında yanında hiss edir. Bu minvalla şair oxucusunun əlindən tutub gah arxivlərin tozunu alır, tariximizə işıq tutur, gah təbii sərvəti bol olan vətənimizə göz dikən yağıların bizdən zaman-zaman qopardıqları torpaqların halına acıyır, gah da söz qılıncını sıyırıb, düşmənə qəzəb və nifrətini bildirir. “Yüz illərdir birlik olub şüarımız, harayımız”-deyən şair vətən övladlarını dövlətçiliyimiz ətrafında milli həmrəyliyə, birliyə çağırır. “Əllərdə dustaq olan, saçın yolub haray salan” torpaqlarımızın bir gün azad olacağına inanır. İnanır ki, milli ruhu bir olan xalqı nə əymək, nə də sındırmaq olar. Şair deyir: “Bu gün yaşadığımız həyat nə qədər sakit görünsə də xalqın içində bir təlatüm, bir vulkan yatır”:
Məstəm-
Ya ağlın yoxluğundan,
Ya da dərdin çoxluğundan
Tükənir yavaş-yavaş
Səbrim də, gücüm də
Ancaq ...
Bir vulkan püskürməsi
gözlənilir içimdə!
El sözüdür: Hər kəsin bir dərdi var, kimsəyə deməz ağlayar. Xanəli Kərimlinin də içində və misralarında yaşatdığı bir dərdi, sevinci var. -Ta ki, o gün gəlsin. Ordumuz bir vulkan kimi püskürsün, zəfər yürüyüşünə çıxsın, işğal altında olan torpaqlarımız azad olunsun, Vətən bütövləşsin! Çünki “vətəni bütöv olan xalqın ürəyi də, çörəyi də, yumruğu da bütöv olar”. Xanəli Kərimli həmin günün yaxın zamanda olacağını hiss edir və deyir:
Zaman döyür qapımızı,
Yaman döyür qapımızı.
Şair illərdir ki, bu yolu tutub gedir. Bu yol həqiqət yoludur. Bu yol insanın mənəvi sağlamlığının keşiyində durmaq yoludur. Onu heç kəs bu yoldan döndərə bilməz. Şair şeirlərinin birində Ulu tanrıya xitabən deyir:
Əsirgəmə lütfünü,
Mənimtək bir qulundan.
Mən ki, sənin yolçunam,
Yolçu dönməz yolundan.
yaxud
Şair haqqın yolçusudur,
Haqq yolu kəfən yoludur.
Kəfəni özü biçənin,
Yolu da Vətən yoludur.
Can ruhsuz, ruh da cansız yaşaya bilmədiyi kimi Xanəli Kərimli də məqsədsiz, məramsız, arzusuz və diləksiz yaşamaq istəmir. “Quş öz balasını yemləyən kimi”, o da öz şeirlərini, “sevinclə, kədərlə, qəmlə, fərəhlə” yemləyir. Şair məqsədsiz və məramsız insanların həyat yolunu küləyin o yana, bu yana oynatdığı saman çöpünə bənzədir. Çünki külək hansı tərəfə əsirsə, həmin insanlar da o tərəfə əyilir. Amalı, məsləki, əqidəsi düz olan insanların yolu isə bir istiqamətədir. Bu yol xalqın yoludur. Bu yolu tutanlar özlərini xoşbəxt hesab edə bilərlər. Çünki bu cür insanların seçdiyi yol xalqı üçün olduqca əhəmiyyətli və faydalıdır.
Məqsədsiz, məramsız yola çıxanda,
Adam sərsəriyə dönür bir anda.
Yaşamaq cəhənnəm rənginə çalır,
Közərir ürək də, soyuyur qan da.
Məramla yaşayıb bizim babalar,
Onunçün dünyanı tutmuş şöhrətim.
Bu gün bölünsə də beş yerə vətən
Məramsız yaşamaq olmaz millətim!...
Milli dəyərlərin, ləyaqət hissinin qorunması və yaşadılması da şairin yaradıcılığının tərkib hissələrindən biridir. Deyirlər Allah yaratdığı bütün canlılardan fərqli olaraq yalnız insana gülmək bacarığın və utancaqlıq hissin vermişdir ki, insan gülmək yolu ilə həm eyiblərini, həm də dərdlərini aradan qaldıra bilsin. Utanmaq hissini qorumaqla insanlığını qoruyub insan aliliyini dərk etsin. Çünki utancaqlıq xalqımızın ləyaqət hissidir. Şair bu hissi oxucusuna bir ali dəyər kimi qoruyub yaşatmağı tövsiyə edir. Bu hissi ata-babalarımız, xanım-xatın nənələrimiz, ağbirçək analarımız, qız və gəlinlərimiz bizə ərmağan etmişlər. Şair bu ləyaqət hissinin hər kəsin qəlbində var olmasını istəyir və deyir:
Utanmaq özü də bir ucalıqdır,
İndi çox az qalıb bu ucalıqlar.
Utanmaq hissindən məhrum olandan,
Bütöv bir millətə qara-qorxu var.
Hərdən özümüzə qayıtmaq üçün,
Hərdən utanmağı bacarmalıyıq.
Bir dəfə verilən ləyaqət hissin,
Gələn nəsillərçün qorumalıyıq.
Xanəli Kərimlinin yaradıcılıq dairəsi olduqca geniş və əhatəlidir. Elə bir mövzu tapa bilməzsən ki, şair bu sahəyə müraciət edib, müvəffəqiyyət qazanmasın. Şairin insan qəlbini vəzdə gətirən, onun duyğularına qol-qanad verən şeirlərindən biri də doğulduğu, boya-başa çatdığı Vətəninə həsr etdiyi “Naxçıvanım mənim” adlı şeiridir. Bu şeir neçə-neçə oxucuların dillər əzbərinə çevrilib. Şeirində “köküm, soyum, izim mənim, rəngim, ruhum, özüm mənim, ucalığım, tacım mənim” -deyən şair Naxçıvanın “azadlığın bayraqdarı, inqilablar müjdəçisi, peyğəmbərlər Vətəni” olmasından, onun gündən-günə çiçəklənməsi və ucalmasından qürurla söhbət açır.
Ey şəhidlər qanı ilə
yoğrulan torpağım mənim!
Fırtınalar qucağında
sönməyən günəşim mənim.
Sən cahana sığışmayan
özün boyda bir qüdrətsən,
Sən peyğəmbərlər vətəni,
bir müqəddəs məmləkətsən.
Şairi tanıyanlar onu üzdən nə qədər sakit görürlərsə, söhbətləşəndə, dərdləşəndə isə içinin həmişə bir dəniz kimi təlatümlü, fırtınalı, qasırğalı, qovğalı olduğu qənaətinə gəlirlər. Özünün söylədiyinə görə, o, yaradıcılıq ilhamını fövqəladə bir qüvvə kimi kənarda yox, qəlbinin dərinliklərində, düşüncəsində, həyata baxışlarında axtarır. Onun yuxarıda söylədiyimiz kimi bir arzusu var. Bu arzu xalqımızın arzusudur:-Əldə etdiyimiz dövlət müstəqilliyini göz bəbəyi kimi qorumaq və Vətənimizin bütövlüyünə nail olmaq! Bu yolda sözünü döyüşə göndərən və “sözünün şəhidi” olan şairin milyonların içindən gur səsi eşidilir, mətin addımlarının nəfəsi duyulur. O, bu yolu tutub gedir. Üzü Günəşə sarı! Haqqa, ədalətə doğru! Bu yol vətənpərvər övladlarımızın yoludur!
Milyonların içindən seçilir səsim mənim,
Gələcək nəsillərə çatar nəfəsim mənim.
Bir yol tutub gedirəm üzü Günəşə sarı,
Bu yolda yoldaşladım ləyaqəti, vüqarı
Bu yol mənim əzəli, əbədi bir yolumdur,
Məsləyindən dönənin yolu ancaq ölümdür!!
Rövşən Hüseynov,
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət işçisi