10 sentyabr 2020 17:36
2424

Türkiyə-Azərbaycan birliyi dünyada və regionda böyük əhəmiyyətə malikdir

Təməlində milli maraqlar, qardaşlıq,  güclü, dəyişilməz  iradə  dayanan bu birliyi möhkəmləndirən aktiv, çevik siyasət dünya diplomatiyasının tərkib hissəsi olmaqla,  böyük əhəmiyyət daşıyır

 

Bu birliyin  Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə  soydaşlarımızın  həmrəyliyini təmin edən ulu öndər Heydər Əliyev bu təşəbbüsü  ilə türk dünyası birliyinin də təməlini qoydu.  Sonrakı illərdə keçirilən Dünya Azərbaycanlılarının qurultayları, Türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı  (Ankara),  Bakıda təşkil olunan Azərbaycan və türk diaspor təşkilatlarının I   Forumu, Türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq,  qardaşlıq və əməkdaşlıq qurultayı türkdilli dövlətlər arasındakı  münasibətləri  gücləndirdi, soy-kökü eyni mənbədən qaynaqlanan, oxşar  mədəniyyətə, tarixə  malik ölkələri bir məqsəd naminə birləşdirdi.

 Müxtəlif vaxtlarda  keçirilməsinə baxmayaraq  ölkəmizdə təşkil olunan tədbirlər sübut etdi ki,  Azərbaycan  bütünlükdə  türkdilli  dövlətlərin əməkdaşlıq mərkəzinə çevrilib. Ölkəmizin türk dünyası  birliyindəki  həlledici rolu artır, vahid məqsəd, amal uğrunda   görülən işlər yeni keyfiyyət mərhələsinə qədəm qoyur.  Türkdilli Dövlətlər Birliyinin  yaradılmasının zəruri, elmi,  ideoloji, hüquqi əsaslarının əks olunduğu konsepsiya  da bu tədbirlərdə irəli sürülən təkliflər əsasında  formalaşdı. Türkdilli dövlətlər arasında  münasibətlərin yüksələn xətlə inkişafı, KİV-lər arasında əlaqələrin qurulması,  ümumi maraq və mənafelər naminə fəaliyyətin zərurətə çevrilməsi kimi amillər zamanın tələbi kimi aktuallaşdı.

 2008-ci ildə  Bakıda  təşkil olunan Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin VII iclası bir sıra mühüm  nəticələri ilə yadda qaldı.  Respublikamızda  təşkil olunan Türkdilli Ölkələrin Parlament Assambleyasının I Sammiti isə  ümum türk birliyinin məqsədyönlü strategiya əsasında inkişafının istiqamətləri baxımından səmərəli oldu. Sammitin Bakı Bəyannaməsində qeyd olunduğu kimi, dost və qardaş türk xalqlarının parlament məclisi ölkələr arasında siyasi , iqtisadi, mədəni, humanitar  münasibətlərin genişlənməsi baxımından önəmlidir.

Türkdilli  ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə görüşündə  daha mühüm məsələlər müzakirə olundu. Türkiyə, Azərbaycan, Qazaxıstan, , Qırğızıstan dövlət başçılarının, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavininin iştirak  etdiyi həmin Zirvə görüşündə  imzalanmış Naxçıvan Bəyannaməsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması  təklif olundu. Zirvə toplantısında əlaqələrin daha geniş coğrafiyada genişlənməsinə çalışan lider kimi çıxış edərək,  türkdilli dövlətlərin birliyini zəruri edən amilləri diqqətə çatdıran Prezident İlham Əliyevin «Biz bilirik ki,  beynəlxalq müstəvidə  öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi  işlərlə  möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha güclü olacaqdır» proqram xarakterli sözləri bütün iştirakçılar tərəfindən dəstəkləndi.

 İllərlə davam edən əzmkarlıq, milli-mənəvi yaxınlıq,  beynəlxalq münasibətlərə təsir imkanlarının genişlənməsi bu  birliyi möhkəmləndirdi, dünya siyasətinə təsir imkanlarını artırdı. Xalqlar arasındakı  fikir birliyi qlobal siyasi, iqtisadi məsələlərin həllində   təsdini tapdı.  Təbii ki, bu birlikdə Azərbaycan –Türkiyə əməkdaşlığı özünəməxsus əhəmiyyəti ilə  seçilir.

 «Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində  dünya miqasında böyük gücə çevrildi. Türkiyə dünya miqyasında  söz sahibidir. Bölgədə , dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında  qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki,  Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında  biz nəhəg layihələri gerçəkləşdiririk» söyləyən Prezident İlham Əliyevin sözləri son illərdə hər iki qardaş  dövlət arasında möhkəmlənən  əməkdaşlığın əbədi  və sarsılmazlığını  aydın göstərir. Nüfuzlu beynəlxalq təşkilatlarda,   dünya siyasətinin qlobal problemlərinin  həll olunduğu  müstəvidə  eyni mövqedən çıxış edən Azərbaycanla Türkiyəni birləşdirən iqtisadi münasibətlər, qlobal enerji, nəqliyyat layihələri bütünlükdə Avropa ölkələri üçün  həyati zərurətə çevrilmişdir. 

 Hər iki qardaş ölkənin siyasi, iqtisadi həyatında tarixi nailiyyət olan TANAP-ın istismara verilməsi mərasimində iştirak edən layihəni  Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəri adlandıran Prezident İlham Əliyevin  “Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur””” sözləri də təsdiqləyir ki,  mühüm  məsələlərin həllində düşünülmüş siyasət, güclü iradə və sarsılmaz  qardaşlıq dayanır. Azərbaycanın sərmayə ayırdığı ölkələr arasında Türkiyənin ilk sırada dayanması,  Türkiyənin ölkəmizə göstərdiyi, siyasi, iqtisadi, hərbi dəstək,  xalqlarımız arasındakı milli, mədəni bağlılıq  ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət»   aforizminin həyatda real  ifadəsidir.

 Ən çətin məqamlarda qarşılıqlı olaraq biri-birinə dəstək göstərib, dünyada və   regionda  böyük əhəmiyyətə malik  qlobal iqtisadi layihələrin həlli üçün   hər iki dövlətin potensialından qarşılıqlı istifadə edilməsi  ölkələrimizi daha da yaxınlaşdırır.

 Dağlıq Qarabağ münaqişəsi  başlandığı  vaxtdan Ermənistanla  sərhədini bağlayan Türkiyənin  maraqlarını dost ölkənin nümayəndəsinin  iştirak etmədiyi  zamanlarda belə  müdafiə edən Prezident İlham Əliyevin  Praqada keçirilən «Şərq tərəfdaşlığı» proqramının 5 illiyinə həsr olunmuş Sammitində  Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Türkiyə haqqındakı  yalanlarını təkzib edən sözlərini xatırlayaq: « Bu gün təəssüf ki,  Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında  Türkiyə  nümayəndələri yoxdur. Ancaq mən buradayam və  Türkiyə-Ermənistan  sərhədinin niyə bağlı olduğun deyə bilərəm.» Eyni qətiyyəti dəfələrlə göstərən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  Azərbaycanla həmrəyliklərinin  sarsılmazlığını bildirmişdir.       

 Ermənistanın Azərbaycan –Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatı pisləyən, işğalçıya Azərbaycanla bir olduğu mesajını  ciddi şəkildə bildirən  Türkiyənin  rəsmi  şəxslərinin sözləri  xalqımızla, ordumuzla həmrəylik ifadəsi idi.  Həmin hadisədən sonra  Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqındakı Sazişə əsasən, illik plana uyğun respublikamızda   hər iki  ölkənin quru qoşunları və  hərbi-hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki uçuş təlimlərinin keçirilməsi, qardaş ölkənin  yüksək səviyyəli hərbi heyəti təmsil edən nümayəndələrinin Azərbaycana səfəri ölkələrimiz arasındakı milli birlik və həmrəyliyin bütün sahələri əhatə etdiyinə nümunə idi. Türkiyənin  Qara dənizdə  təbii qaz yataqlarının kəşfini sevinclə qarşılayan Azərbaycan bu sahədə də  qardaş ölkəyə siyasi, iqtisadi, mənəvi  köməyini əsirgəməyəcəyini  bəyan edir.

 Bu günlərdə  Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Şərqi Aralıq dənizi  regionunda  Türkiyənin mövqeyini  dəstəklədiyini bildirən  Prezident İlham Əliyevin «Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı» sözləri qardaşlıq nümunəsi idi.

 Türkiyə Prezidenti Administrasiyasının Azərbaycan-Türkiyə qardaşlığı və  Tovuz hadisələri barədə  “Bir millət- iki dövlət “ adlı sənədli film hazırlaması hər iki dövlət arasında  bütün sahələr üzrə uğurla inkişaf edən və milli maraqları əks etdirən strateji  əməkdaşlığın möhkəmlənməsi  naminə illərdən bəri göstərilən qətiyyətin nəticəsidir.   Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri  şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfəri  zamanı keçirdiyi rəsmi görüşlər, hər iki ölkənin dövlət və özəl media qurumları  arasında  əməkdaşlığın daha da güclənməsinə əlavə imkanlar yaradacaq birgə  layihələrin, mübadilə proqramlarının hazırlanması dövlətlərimiz arasındakı  münasibətlərə  kölgə salmaq niyyətlərinə,  təxribat kampaniyalarına qarşı birgə mübarizədə əhəmiyyətli rol oynayacaq. Türkiyə-Azərbaycan  Media Platformasının yaradılması həqiqətlərin , doğru məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından zəruri və əhəmiyyətlidir. Türkiyə ilə Azərbaycan arasında ortaq maraqlara  xidmət edəcək Platforma vasitəsi ilə  iki ölkə mediasının fəaliyyəti inteqrasiya  şəklində  tənzimlənəcək. Dezinformasiyalara və  qara piarlara qarşı  mübarizədə  vahid mövqe nümayiş etdiriləcək. Görüşdə bildirilib ki,   media əməkdaşlığının gücləndirilməsi ictimai diplomatiya sahəsində  əlaqələrin  genişlənməsinə də imkan yaradacaq. Bu bir həqiqətdir ki, Türkiyə- Azərbaycan birliyinin regional, beynəlxalq  müstəvidə eynilik təşkil edən milli maraqları,  dövlət mənafelərinə uyğun inkişafı, bu sahədə getdikcə möhkəmlənən aktiv, çevik siyasət dünya diplomatiyasının tərkib hissəsi olmaqla,  böyük əhəmiyyət daşıyır.

Xuraman İsmayılqızı, “İki sahil”